"Sənin səbrin başqalarını da xilas edir" - MOTİVASİYA

"Sənin səbrin başqalarını da xilas edir" - MOTİVASİYA
11:24 22 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Cavid Zeynallı:

Səbirsiz insanların şüarı budur: “İlahi, mənə səbir ver, amma bir az tez ver”. Səbirsizlik adətən daxili rahatlığın pozulması ilə əlaqədar olur. İnsan iradəli, ağıllı, vicdanlı olmadığı təqdirdə səbirsiz olur. İstəyir ki, hər şey tez olsun, hər mövzu tez nəticələnsin, bir az cəhd edən kimi istədiyi hər şeyi əldə edə bilsin, sıxıntılar tez keçib keçsin.

 

"Səbir " dedikdə insanın hər bir müsibət və xoşagəlməz hadisə qarşısında hövsələ və dözüm göstərməsi nəzərdə tutulur. Səbirli olmaq bütün dinlərdə, anlayışlarda müsbət xüsusiyyət kimi xarakterizə olunur. Allah səbirli insanları sevir, Allahın bir adı da səbirdir.

 

Adətən, səbirsiz olanlar, hər şeyin tez əldə olunmasını arzulayan insanlar uğursuzluğa düçar olurlar. Başqa bir tərəfdən səbir insanı həyata bağlayır, onun yaşamaq eşqini artırır.

 

İslama görə səbrin ən üstün növü nəfslə, şəhvətlə qarşı-qarşıya gələndə, ona müqavimət göstərib qalib gəlmək və yaranan bütün çətinliklərə dözməkdir. Ona görə də din səbri imanın kökü adlandırır.

 

Sevda Sulatnova:

“Səbir ilk növbədə özünütərbiyədir. Səbrinlə öz qüsurlarına, zəifliyinə qalib gəlmək mümkündür. Səbir imkan verir ki, emosional partlayış keçirməyib, həyatını nizamlı qurasan. Bu mənada səbir özünə nəzarətdir eyni zamanda.

 

Səbir nümayiş etdirmək qərəzli olmağın qarşısını alır. Yəni biz səbirliyiksə, kiminsə və ya baş vermiş hansısa hadisə haqda dərhal nəticə çıxarmırıq, səbirlə görünməyən həqiqətləri də görməyə çalışırıq.

 

Bəzən səbrin mənfi tərəfi də olur. Məsələn, nədənsə gözləntilərin ola bilər, səbirlə gözləyirsən, amma ümidlərin doğrulmur. Uzun zaman itkisi ilə başqa şansları əldən buraxırsan. Bu cür səbri yəqin ki, Sizif əməyi ilə müqayisə etmək olar”.

 

İlqar Rəsul:

Məhəmməd peyğəmbər səbri dinin yarısı adlandırıb. Səbri bütün ağrıların dərmanı da adlandırırlar.  Amma səbrə bir az fərqli yanaşmalar da var. Məsələn Əbu Fərəc də səbri çox gözəl keyfiyyət adlandırır. Amma bununla belə deyir ki: "Həyat o qədər qısadır ki, çox dözmək də olmaz" .

 

Məncə səbir insanın ən ali keyfiyyətlərindən biridir. Səbirli olsan, başqalarına da xeyrin dəyəcək. Bəzən sənin səbrin başqalarını da xilas edəcək. Sən səbirli olub hansısa bir səbirsizə dözəcəksən, onun daha da özündən çıxıb sonradan peşman olacaq hərəkətlərə yol verməsinin qarşısını alacaqsan. Adam özünə gələndən sonra sənin əslində ona kömək etmiş olduğunu anlayacaq. Belə hallarda yanlışlığa yol verən kəs təkcə səbirsizliyə görə üzrxahlıq etmir, həm də sənə səbirli olduğun üçün minnətdarlıq edir.   

 

Tam olaraq APA.TV-də izləyin. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR