Sinqapur və Malayziya F1-dən imtina edə bilər

Sinqapur və Malayziya F1-dən imtina edə bilər
12:37 22 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

"Formula-1" dünya çempionatı qarşıdakı illərdə Cənub-Şərqi Asiyada eyni anda iki əsas yarışdan məhrum ola bilər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bazar ertəsi Malayziyanın turizm və mədəniyyət naziri Nəzri Əziz rəsmi olaraq 2019-cu ildə Malayziya yarışının keçirilməyəcəyini bəyan edib.

Sinqapur da bu yarışın keçirilməsindən imtina astanasındadır. Hər iki halda etiraz səbəbi eynidir: Yarışlar artıq tamaşaçı marağını cəlb etmir, bu isə məsrəfə səbəb olur.

Nəzri Əziz bəyan edib ki, Malayziya Qran-prisi son dəfə 2018-ci ildə baş tutacaq, həmin ildə bu yarışın keçirilməsinə dair 1999-cu ildə bağlanmış müqavilənin müddəti sona çatacaq.

Cənab Əzizin sözlərinə görə, Malayziya hakimiyyətini bu addımı atmağa məcbur edən amil meydana çıxan xərclərdir. 

O qeyd edib ki, hər il yarışların keçirilməsinə 300 milyon rinqqit (67 milyon dollar) sərf edilir.

"Amma bu vəsait geri qayıtmır", - deyə nazir etiraf edib. Nəzri Əzizin sözlərinə görə, hakimiyyət bundan sonra da yarışın bu mərhələsini maliyyələşdirməyə razı olardı, amma bunun gəlir gətirdiyinin şahidi olsaydı. Məsələn, əgər bunun sayəsində ölkəyə gələn turistlərin sayı artsaydı, amma bu yarışlar turistlərin sayının artmasına təsir etmir. 

Bundan başqa, Malayziya Qran-prisinin mövcud olduğu müddət ərzində tamaşaçıların sayı 120 min nəfərdən 45 min nəfərə qədər azalıb.

"İnsanlar sadəcə "Formula-1" yarışlarına olan maraqlarını itiriblər, - malayziyalı nazir bildirib. - Söhbət yalnız tribunalardakı pərəstişkarlardan getmir. Yarışların televiziya reytinqi də azalır, o daha az televiziya tamaşaçısını cəlb edir". 

Malayziya Qran-prisinə marağın azalması səbəbləri sırasında cənab Əziz lap yaxınlıqda - Sinqapurda da dünya çempionatının mərhələsinin keçirildiyini göstərib. Bu mərhələ isə Kuala-Lumpurun yaxınlığında yerləşən Sepang avtodromunda baş verən hadisələrdən fərqli olaraq bir növ asiyasayağı Monako Qran-prisi adı qazanıb. 

Həqiqətən də gecə saatlarında keçirilən yarışlar, xüsusilə zəngin tamaşaçılar üçün daha cəlbedicidir. Amma sinqapurlular ilk olaraq öz mərhələlərindən imtina etmək istədiklərini bildiriblər. Həm də bu, Malayziyanın mərhələdən imtinasından daha öncə baş verə bilər, səbəb isə Sinqapur müqaviləsinin müddətinin 2017-ci ildə başa çatmasıdır. 

Cənab Əziz Sinqapurun çempionatdan çıxmasının səbəbinin Malayziya üçün də keçərli olduğunu bildirib. Bununla yanaşı, o, Sinqapurun itkilərinin daha böyük olduğunu vurğulayıb. 

Belə ki, mərhələnin keçirilməsi 105 milyon dollara başa gəlir, məbləğin 60%-i dövlət büdcəsindən ayrılır. Mərhələyə tamaşaçı marağına gəldikdə isə ilk dəfə üçgünlük yarışlar ərzində 100 min nəfərdən çox tamaşaçı olub. Amma tədricən maraq azalıb, tamaşaçı sayı 87 min nəfərə çatıb, bu il isə gündəlik göstərici 73 min nəfərdən ibarət olub. 

Sinqapur hakimiyyətinin yarışlardan imtina niyyətinin ciddiliyini "Formula-1" yarışlarının baş promouteri Berni Ekklstounun bəyanatı sübut edir. Belə ki, hər zaman daha yumşaq ifadələr işlətməyə alışan B.Ekklstoun bu dəfə birbaşa olaraq Sinqapurun getmək istədiyini bildirib.

Onun bu yarışlarda iştirak etmək istəyənlərin olmasına dair sözlərində hətta inciklik hiss edilir.

"Bizim onlar üçün nələr etdiyimizə baxın! Bəli, Qran-pri baha başa gəlir, amma bunun sayəsində Sinqapur artıq sadəcə ötürücü məntəqə deyil. Amma indi onlara lazım olmadığımızı düşünürlər", - Berni Ekklstoun "Auto Motor und Sport" nəşrinə bildirib.  

Həmçinin qeyd edək ki, Malayziya və Sinqapurdan başqa, "Formula-1" gələn mövsümdə Braziliya yarışlarından da məhrum ola bilər. Burda da yerli təşkilatçıların maliyyə durumu böyük rol oynayır. Hələlik, çıxan iştirakçıların yerini tutmaq istəyənlərin olması müşahidə edilmir. Gələn ilin ilkin təqvimində 21 mərhələ yer alıb. Hətta adı çəkilən üç mərhələ aradan götürülsə belə, yetərincə mərhələ qalır. Amma mərhələlərin aradan çəkilməsi tendensiyası davam edrsə, "Formula-1" sahiblərinin gəliri gözəçarpacaq dərəcədə azalacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR