Azərbaycan çempionu elit-raundda mübarizəyə başlayır

Azərbaycan çempionu elit-raundda mübarizəyə başlayır
13:57 22 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Sabah futzal üzrə UEFA Kubokunda elit-raunda start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın mübarizə apardığı B qrupunda ilk turun qarşılaşmaları baş tutacaq.

Xorvatiyanın paytaxtı Zaqrebdə qüvvəsini sınayacaq Miltinyonun yetirmələri "Dördlər finalı"na son addımı atmağa çalışacaqlar. Həlledici raunda yüksəlmək komandamız üçün kifayət qədər çətin, eyni zamanda vacib vəzifədir.
 
Çünki elit-raund keçilməsə, mövsümün ikinci yarısı yalnız daxili yarışlara həsr olunacaq. Qitənin ən güclü 4 komandası sırasına düşməsi isə Naxçıvan təmsilçisinin yazadək yüksək səviyyədə mübarizə aparması deməkdir.
 
Lakin bunun öhdəsindən gəlmək heç də asan olmayacaq. Çünki yalnız elit-raundun qrup qalibləri kubok uğrunda mübarizəni davam etdirəcəklər. Komandamız iddialı olsa da, ilk iki yerdən birini tutacağı şübhə doğurmasa da, bu dəfə yalnız 1-ci pilləni tutmaq vacibdir.
 
Xorvatiyanın "Nasional" klubu evdə oynasa da, "Araz" üçün ciddi rəqib hesab olunmur. Bu üzdən çempionumuzun yarışa qələbə ilə başlayacağını söyləmək mümkündür. Son turdakı rəqibi "Hamburq" olacaq Miltinyonun yetirmələri üçün ikinci görüş həlledici xarakter daşıyır. Almaniya futzal ölkəsi sayılmadığından bu mərhələnin debütantı olan hamburqlular aşkar autsayder sayılırlar.
 
Təkcə qrupun deyil, UEFA Kubokunun favoriti olan Rusiya "Yuqra"sı ilə noyabrın 24-dəki matç komandamızın taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Kubokun son qalibi olan şimallılar titulunu qorumağa iddialıdır. Üstəlik, şimallıları Kaka çalışdırır ki, bu da duelə əlavə prinsipiallıq qatır.
 
Yığmamızın sabiq futzalçısı, "Neftçi"də oynayan məşqçi olduğu vaxt "Araz"la rəqabətin iştirakçısı olan milliləşən braziliyalı o vaxt əldən verdiyi çempionluğun revanşını almaq əzmindədir. Lakin Kakanın yetirmələri ilə oyunda heç-heçə də "Dördlər finalı" üçün yetərli ola bilər. Bu səbəbdən də digər iki rəqibə mümkün qədər çox qol vurmaq lazımdır.
 
Qeyd edək ki, qrupun bütün oyunları Zaqrebdəki İdman Evində keçiriləcək.
 
UEFA Kuboku
Elit raund
B qrupu
 
I tur
23 noyabr

21:00. "Yuqra" (Rusiya) - "Hamburq" (Almaniya)
23:30. "Nasional" (Xorvatiya) - "Araz" (Azərbaycan)
 
II tur
24 noyabr

21:00. "Araz" (Azərbaycan) - "Yuqra" (Rusiya)
23:30. "Nasional" (Xorvatiya) - "Hamburq" (Almaniya)
 
III tur
26 noyabr

21:00. "Hamburq" (Almaniya) - "Araz" (Azərbaycan)
23:30. "Yuqra" (Rusiya) - "Nasional" (Xorvatiya)
 
Qeyd: oyunların saatı Bakı vaxtı ilə göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR