Əmir Əli Sərdar İrəvani vaxtilə İrəvan xanlığını idarə
edən Qacar nəslinin davamçısıdır. Qacar Ziyadoğlu nəslindən olan
əcadadları Rusiya işğalından öncə 50 il müddətinə İrəvanı idarə
etmişdilər. Soyadını (Sərdar) da onlardan götürüb – İrəvanın
sərdarı, yəni İrəvan xanı deməkdir.
19-cu əsrin əvvəllərində onun babaları Makuya
köçüblər…
-Burada İrəvandan gələn miqrantlar Maku xanlığını qurmuşdular.
Məhəmməd Şah Qacarın baş məsləhətçisi Hacı Mirzə Ağasi də İrəvandan
idi və mənim əcdadım Məhəmməd Xan Sərdar İrəvani ilə olduqca yaxın
idi. Bu yaxınlıq sayəsində əcdadlarım paytaxt Tehrana gəliblər.
Onlar Şahın bacısı və qızı ilə evlənib Tehranda və İranın müxtəlif
yerlərində İrəvanın itirilmiş qüdrətini və var-dövlətini bərpa
ediblər. Arak, Yəzd və Kirman vilayətlərinə rəhbərlik etsələr də,
illərlə öz doğma yurdları İrəvanla əlaqələrini kəsmədilər.
- Harada anadan olmusunuz? Tələbəliyiniz, gəncliyiniz,
təhsiliniz barədə məlumat verin.
- Mən 42 il əvvəl Tehranda anadan olmuşam. Tehran təxminən 220 il
əvvəl Ağa Məhəmməd Şah Qacar tərəfindən İranın paytaxtı elan
olunub. Mənim əcdadlarım 1830-cu illərdə Məhəmməd Şah Qacarın
hakimiyyətə gəlişini dəstəkləmək üçün Makudan Tehrana köçüblər.
İranın hazırkı parlament binasının da yerləşdiyi Tehranın məhşur
səmtlərindən biri onlara məxsusdur. Əcdadlarım həmçinin Tehranın
ilk sakinlərindən hesab olunurlar. Nənə-babalarım kimi mən də orada
böyümüşəm. Elektrik mühəndisliyi üzrə təhsil almışam və bir neçə il
orada mühəndis kimi işləmişəm.
Bəs necə oldu ki Almaniyaya getdiniz? Orada necə bir həyat
yaşayırsınız? İşləyirsinizmi?
- Almaniyaya 12 il əvvəl elektrik mühəndisliyi üzrə təhsilimi davam
etdirmək məqsədilə gəlmişdim. 5 il sonra yaxşı bir iş təklifi
aldım. O vaxtdan avtomobil sənayesi üzrə mühəndis kimi
çalışıram.
- Ailəniz haqqında bilmək istərdik. Övladlarınız nə işlə
məşğuldur? Həyat yoldaşınızla eyni nəsildənsinizmi?
10 yaşında bir qızım var. Həyat yoldaşımla 20 il əvvəl Tehranda
ailə həyatı qurmuşuq. Onun nə İrəvanla, nə də Qacar nəsli ilə
bağlılığı yoxdur, ancaq ailəmin tarixi ona olduqca maraqlıdır.
Qızım da ailəsinin mənsub olduğu soyadla fəxr edir. O bu haqda çox
şey bilir. Evdə İrəvanlı əcdadlarımızın xatirəsini yaşadacaq xeyli
sayda şəkillər var. Onlar sanki şəkillərdən ibarət hekayədir.
Marağında olan hər bir kəs oradan bir sıra tarixi faktlar öyrənə
bilər.
- İrəvanda olmusunuzmu və hansı təəsüratlarınız vardır?
Əcdadlarınızın dövründə olduğu kimi qədimdirmi və hansı
dəyişikliliklər baş verib?
- Təəssüf ki, hələ İrəvanda olmamışam. Əcdadlarımın dövründən qalan
yeganə xatirənin İrəvan Göy Məscidinin olması da məni
kədərləndirir. Bu məscid 1768-ci ildə 7-ci ulu babam olan İrəvan
xanı Hüseyn Əli xanın əmri ilə tikilib.
- Azərbaycanda necə olmusunuzmu və ya olmamısınızsa, gəlmək
istərdinizmi? Azərbaycanın paytaxtı Bakı haqqında nələri
bilirsiniz?
- Azərbaycanda hələ ki, olmamışam. Lakin, Azərbaycandan olan bir
çox mehriban insanlar tanıyıram. Bildiyim qədərilə, Bakı gözəl
şəhərdir. Lakin, qədim Bakının şəkilləri məni daha çox cəlb edir.
Yeni və müasir şəhərlər məni bir o qədər də cəlb etmir, çünki
onlardan kifayət qədər görmüşəm. Düşünürəm ki, müasirlik, inkişaf
üçün çalışsanız belə, qədimiliyi qorumaq lazımdır.
- Azərbaycan və azərbaycanlılar sizə nəyi ifadə edir? Hansı
dilləri bilirsiniz?
- Aydındır ki, İrəvan haqqında oxşar hisslərimiz var. İllər keçsə
belə, ürəyimin bir hissəsi İrəvanladır. Fars, ingilis və alman
dillərində danışıram. Azərbaycan dilini də anlamağa çalışıram,
lakin əcdadlarımın dilini öyrənmək üçün real imkanım olmayıb.
- Təbrizə, İrana baş çəkirsinizmi? İranda səyahət etdiyiniz
yerlər haqqında təəssüratlarınızı bizimlə
bölüşərdiniz.
- Təbriz eləcə də, İranın bir çox şəhərlərində olmuşam. Qeyd
etdiyim kimi, qədimiliyi sevirəm və buna görə də getdiyim yerlərin
hər birində bu kimi, xüsusilə, Qacar dövründən qalan görməli
yerləri axtarıram. Arxivləri araşdırıram.
Qacar Sülaləsinin digər üzvləri ilə əlaqə
saxlayırsınız?
- Bəli, digər üzvlər və bu dövr tarixi ilə maraqlanan bir sıra
tədqiqatçılar ilə də əlaqələrim var.
Sosial mediada `Sarı Gəlin` mahnısını paylaşmısınız. Bu
mahnı sizdə hansı təəssüratları oyadır?
- Mənə elə gəlir ki, bir parçam orada yaşayır. Qədim İrəvan
haqqında eşitmək mənə bir növ rahatlıq verir və bu mahnı ilə
xəyallara dalıram. Mahnı mənə əcdadlarımın dövründə olan İrəvanı
xatırladır.
-Azərbaycanda kiminləsə əlaqə saxlayırsınız?
-Sosial mediada Azərbaycanlı dostlarım var. Onlar çox xeyirxah və
mehribandırlar. Gələcəkdə Azərbaycana gələn zaman onları yaxından
tanımaq istəyirəm.
(azvision.az)