Azərbaycanda daha niyə hit yaranmır? - QƏRİBƏ SƏBƏBLƏR

Azərbaycanda daha niyə hit yaranmır? - QƏRİBƏ SƏBƏBLƏR
15:33 22 Noyabr 2016
111 Şou
Ölkə mətbuatı
A- A+

Mahnı var ki, bir gündə yazılır, amma bir ömür hitə çevrilir. Elə özümdən danışım, uşaqlıqda müğənnilərin ifasında eşitdiyim elə mahnılar var ki, indi də yadımdadır və zümzümə edirəm. Baxmayaraq ki, bu gün yetərincə müğənnilər də var, musqilər də bəstələnir. Amma həmin bəstələrin 50-60 ildən sonra əvvəlki mahnılar kimi hit olacağına heç inanmağım gəlmir. Mən çox qabağa getdim, deyəsən… Gələcəklə bağlı proqnozlarımı bir kənara qoyub, yaxın keçmişə nəzər salsaq, görərik ki, insafən, müxtəlif illərdə bir neçə mahnı hitə çevrilə bilib. Amma nədənsə, son vaxtlar hit mahnı tapıb, dinləmək müşkülə çevrilib. Gəlin konkretləşdirək. 2016-cı il artıq sona çatmaq üzrədir. Bəs sizcə, 2016-cı ilin hit mahnıları oldumu?

Məsələn, reper Miri Yusiflə və Əməkdar artist Röyanın ifa etdiyi “Səndən bir dənədir”, Röyanın “Kəsin bilgi”, Xalq artisti Faiq Ağayevin “Uşaq kimi” mahnıları sevildi. Amma ümumilikdə, “bomba” effekti verən musiqilər oldumu?

Publika.az bu şair, bəstəkar və müğənninin birgə məhsulu olan hit mahnılarla bağlı araşdırmanı təqdim edir.

“Bir dəfə oxuyur, sonra da başlayır özünə toy tutmağa”

Xalq artisti Oqtay Rəcəbov bu gün musiqilərin hitə cevrilə bilməməsinin səbəbini belə izah edib:

“Peşəkar bəstəkarlar yazmır. Fikir verirsinizsə, bu gün daha çox qeyri-peşəkarlar, musiqidən başı çıxmayanlar mahnılar yazır. Onların yazdıqları da müğənnilərə sərf edir. Çıxıb efirdə bir dəfə oxuyur, sonra da başlayır özünə toy tutmağa. Toyxana səviyyəsində yazılan mahnılara maraq daha çoxdur, nəinki dərin musiqilərə. Bu mahnılar da üç gün, beş gün oxunur, dinlənilir, amma bir-iki aydan sonra yaddan çıxır. Mən nəinki son bir ildə, ümumiyyətlə, son illərdə hit mahnılara rast gəlməmişəm. Çörəyi çörəkçiyə vermək lazımdır”.

“Kitab oxumayan dinləyici dərin musiqidən nə anlayacaq?”

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vüqar Camalzadə isə əksinə, hesab edir ki, Tofiq Quliyev kimi görkəmli bəstəkar sağ olsaydı və bu gün onun mahnıları populyar ola bilməzdi. Səbəbini isə belə izah edib:

“Bu gün mahnılar hitə çevrilmir, çünki insanların intellekt səviyyəsi aşağıdır. Onları bəsit, məzmunsuz mahnılar daha çox cəlb edir. Baxırsan ki, nə mahnı mahnıdır, nə sözləri söz. Söz yığınından ibarətdir. Dövr dəyişib və insanların intellektual səviyyəsi aşağı düşüb. Kitab oxumayan dinləyici dərin musiqidən nə anlayacaq? Tofiq Quliyev bu gün sağ olsaydı, hitə çevrilən o musiqiləri bu gün bəstələsəydi, heç də əvvəlki populyar olmayacaqdı. Çünki onun həmin dövrdə dinləyicisi ilə bugünün dinləyicisi arasında yerlə-göy qədər fərq var”.

“Primitiv ayaq melodiyasına hit deyirlər”

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu nəinki son bir ildə, ümumiyyətlə, son illərdə onu silkələyən, düşüncələrə daldıran mahnılar eşitmədiyini söylədi:

“Mən elə öz sözlərimə yazılan mahnıları da o sıraya qatıb deyirəm ki, məni son illər silkələyən, düşündürən mahnılara rast gəlmirəm. Əslində mənim “hit” sözündən zəhləm gedir. Bu gün hit adlandırdığımız o mahnılar “üçgünlük”, uzaqbaşı “biraylıq” mahnılardır. Mən o mahnıları fişəngə bənzədirəm. Bir dəfə atırsan, bir anın içində göy üzü işığa qərq olur, amma sönən kimi də aləm zülmətə bürünür. Hit dediyiniz o mahnılar da fişəng kimidir. Bir həftə, bir ay durmadan toyda-yasda, nə bilim istənilən yerdə dinlənilir, efirlərdə səsləndirilir. “Palatka toy”larının estetikasını efirə gətiriblər. İndi primitiv ayaq melodiyasına “hit” deyirlər. Mən heç istəmərəm sözlərimə yazılmış mahnılarım belə hit olsun. Amma hitlər yazılıb 70-80-ci illərdə. O dövr musiqinin qızıl dövrü sayılıb. Nə yazılırdısa, hitə çevrilirdi. “Qara gözlü cavanlığım”, “Tələbə, tələbə”, “Ey həyat sən nə qəribəsən”, “Payız gəldi”… hansı birini sayım. İndi belə mahnılar yazılmır. Bir boşluq var. Bir neçə bəstəkarımız var, onlar dünyasını dəyişəndən sonra kimi dinləyəcəklər? Onların yerini doldura biləcək bəstəkarlar yetişməyib. Yalandan sinəsinə döyməklə deyil e, mən o hitləri eşidə bilmirəm”.

“Müğənni pul xərcləmək istəmir, amma…”

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli də son hiti xatırlaya bilmədi, cavabı isə qısa və konkret oldu:

“Bu gün müğənnilər ucuz və havayı mahnı axtarışındadırlar. Hit mahnı həm də maliyyə tələb edir. Gərək bəstəkara bəlli bir məbləğ verəsən ki, o da sənin üçün hit mahnı bəstələsin. Pul xərcləmək istəməyən müğənni də hit oxuya bilməyəcək. Müğənni pul xərcləmək istəmir, amma ürəyindən hit keçir. Qısa və konkret səbəb budur”.

“Təki efirə çıxsın, oxusun və…”

Xalq artisti Akif İslamzadə hitlərin yaranmamasının səbəbini belə izah edib:

“İndi dəyərlər, zövqlər dəyişib. Müğənnilər mahnıları daha çox özünə reklam qazanmaq məqsədilə oxuyur. Təki efirə çıxsın, oxusun və özünü gündəmə gətirsin. Bunda da bir məqsəd var, özünə toy bazarında yer eləmək, vəssalam. Buna görə də dərin və hitə çevriləcək mahnılar yaranmır. Mən eşitməmişəm”.

Xalq artisti son illərin hiti olaraq Aygün Səmədzadənin “Tut ağacı” mahnısının adını çəkdi.

Belə…

Araşdırmamızın məqsədi əslində son bir ilin hitini müəyyənləşdirmək idi. Amma biz nəinki 2016-cı ilin hitini müəyyən edə bildik, müsahiblərimin içərisində son illərin hitini belə xatırlayan olmadı. Akif İslamzadə istisna olmaqla. Təəssüflənməkdən başqa çarəmiz qalmır. Biz heç olmasa, zümzümə etməyə mahnı tapırıq, amma 30-40 ildən sonra indi böyüyən nəsil hansı Azərbaycan mahnısını xatırlayıb zümzümə edib, “bu 2000-ci illərin hitidir”-, deyəcək, bax bu sual açıq qalır.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR