Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müvəqqəti işlər vəkili: "Azərbaycan və İsveç arasında ticarət dövriyyəsi bu il azalıb"

Müvəqqəti işlər vəkili: "Azərbaycan və İsveç arasında ticarət dövriyyəsi bu il azalıb"

Date: 22 November 2016 17:32

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan və İsveç arasında ticarət dövriyyəsi bu il azalıb, amma bu, dünyada bir çox ölkələrə təsir edən qlobal tendensiyadır".
"Report" xəbər verir ki, bunu İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad deyib.
İsveç malların Azərbaycana ixracı barədə danışan diplomat 2015-ci ildə ölkəmizə təqribən 80 milyon ABŞ dolları dəyərində mal idxal olunduğunu bildirib: "Bu ilin göstəricilərini hələ bilmirik. Ölkələrimiz arasında ticarətin səviyyəsi bir qədər aşağı düşüb. Azərbaycandan İsveçə ixrac elə də çox deyil. Əsasən neft-qaz sənayesinin xammalları və məhsulları ölkənizdən ixrac edilir. Bunun da səbəbi İsveçin Atom Elektrik stansiyaları, Su Elektrik stansiyaları və bərpa olunan enerji mənbələri vasitəsilə özünü zəruri enerji ilə tam təchiz etməsidir".
Diplomat iki ölkə arasında digər sahələrdə, məsələn, informasiya texnologiyaları sahəsində əlaqələrin inkişafında potensial gördüyünü vurğulayıb.
İsveçin baş nazirinin, xarici işlər nazirinin, eləcə də biznes dairələrinin bu il Azərbaycana səfər etməsini xatırladan T.Danestad gələn il iki ölkə arasında daha çox səfərlərin olacağına ümid etdiyini bildirib.
T.Danestad Avropa İttifaqı Şurasının Azərbaycanla strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparılması üçün mandat verməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, belə bir saziş Azərbaycan və Aİ-nin ayrı-ayrı ölkələri arasında ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər: "Azərbaycanla Aİ arasındakı münasibətlərdə fasilə olub. İndi 1996-cı ilin tərəfdaşlıq müqaviləsinə əsaslanırıq, amma başqa şey - strateji tərəfdaşlıq olmalıdır. Azərbaycanı Avropanın bir hissəsi kimi görürük.".


Tags:  Müvəqqəti işlər vəkili Azərbaycan İsveç arasında ticarət dövriyyəsi bu il azalıb

RƏYLƏR


Top news