"Bunu Adil Mahmudovdan soruşmaq lazımdır" - "Şahdağ"ın prezidenti

"Bunu Adil Mahmudovdan soruşmaq lazımdır" -  "Şahdağ"ın prezidenti
17:37 22 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, danışılmış oyunlarda şübhəli bilinən 24 nəfər Azərbaycan futbolundan uzaqlaşdırılıb. Bunların arasında Qusarın "Şahdağ" klubunun 5 futbolçusu və 1 inzibatçısı da var.


Qaynarinfo.Az bu məsələ ilə bağlı "Şahdağ"dan artıq istefa vermiş baş məşqçi Adil Mahmudovun fikirlərini öyrənib:




"Açığı, bu xəbəri ilk dəfə sizdən öyrəndim. Şoka düşdüm. Ancaq mən onların danışılmış oyunlarda iştirak etməsinə inanmıram. Braziliya da Almaniyaya 1:7 uduzmuşdu və ya "Bavariya" səfərdə "Portu"ya məğlub olmuşdu. Bu o demək deyil ki, həmin oyunlar da satılmışdı. Sadəcə futbolçular səfər oyunlarına başqa psixologiya ilə çıxırlar. Bildiyiniz ki, "Turan Tovuz"la səfər oyunundan sonra istefa verdim. "Şahdağ"da çalışdığım 1 il 2 ay müddətində həmişə futbolçularımdan peşəkarlıq, hücumda oynamaq, daha çox qol vurmaq tələb etmişəm. İstefamın səbəbi ardıcıl 4 oyunda uduzmağımızdır. Ümumiyyətlə, uduzduğumuz oyunlarda futbolçuların qəsdən zəif oynamasından şübhələnməmişəm. Ona görə də bu xəbəri eşidəndə təəccübləndim. Sadəcə, "Şahdağ"da bəzi çatışmazlıqlar vardı. Soyuducuya nəsə qoymalısan ki, sonra onu götürə biləsən. Maddi durum yaxşı olmayanda psixologiya da qaydasında olmur. Ancaq mən ötən mövsüm komandaya təyin olunanda XIV pillədən VII yerə qaldırdım. Ardıcıl 9 oyun uduzmadıq. "Qaradağ Lökbatan", "Neftçala" kimi komandalara qalib gəldiyimiz üçün "Şahdağ"ı ötən mövsümün çempionu sayıram. Bir neçə futbolçumuz yaxşı oyun göstərib nəticədə başqa klublara transfer olundu. Heyətimizdə 9 nəfər qusarlı çıxış edir. Başqa klublarda öz yetirməsi olan bu qədər sayda oyunçu tapmazsan. Danışılmış oyunlarda şübhəli bilinən hakim Anar Niyazov dostum olsa da, bu barədə danışmaq istəmirəm. Onsuz da indi xüsusi proqramlar vasitəsilə kimin qəsdən yanlış qərar verdiyini üzə çıxarmaq olur. Bu barədə Hakimlər Komitəsi fikir bildirsə, daha düzgün olar".


Daha sonra "Şahdağ"ın prezidenti Ərəstun Niftiyevin fikirlərini öyrəndik. O bəzi futbolçuların zəif oynamasından şübhələndiyini bildirdi: 


"Bunu Adil Mahmudovdan soruşmaq lazımdır. O deyirdi ki, hər şey qaydasındadır. Halbuki zəif oynayanların bu potensialda olmadığını bilirdim. İndi araşdırmanın nəticəsini gözləyirəm. Orda Rafael Kübərov adlı inzibatçımızın elə bir iş tutacağına inanmıram. Futbolçunun üstünə də şər ata bilmərəm. Ya onun qulağından, ya da əlindən tutmalısan. Bir dəfə futbolçuların birini oyun satmaqda suçlamışdım. O mənə qayıtmışdı ki, məni oyun satarkən tutmusan?! İndi əlimizdə fakt yoxdur. İnzibatçımız futbolda 1+1 nədir bilmir. Eləcə də digər 5 futbolçumuzun hamısı qusarlıdır. Onların da belə hərəkət edəcəyi ağlıma gəlmir. Ancaq özüm şübhələnirdim ki, bu, düzgün oyun deyil. Biz çempionata belə başlamamışdıq. Adil Mahmudova da bu barədə deyirdim. Adicə götürək MOİK-lə oyunu. Biz o oyuna başqa cür hazırlaşmışdıq, ancaq 0:6 uduzduq. Videoya baxanda gördük ki, hansı uşaqlar səhv edib. I dəstədə peşəkarlıq sən deyən qədər də yoxdur. Uşaq səhv edə bilər. Ancaq... Adil müəllimə dedim ki, araşdır, niyə görə belə zəif oynayıblar. Futbolçulardan biri deyir ki, az yatmışdım deyə belə səhv buraxdım. Mən nə deyim bu uşağa?! Onu buna görə oyun alqı-satqısında günahlandırmağım da düz olmaz. Açığı, futbolçunu başa düşmək olar. İnzibatçının adını o siyahını görəndə hətta özüm özümdən şübhələnməyə başladım. İnzibatçı hara, futbol hara? O uşaq futboldan çox uzaqdır. Hələ bu qərardan əvvəl məni AFFA-ya çağırmışdılar. Hansı oyunlardan şübhələndiklərini bildirmişdilər. Mən də bu barədə uşaqlara və məşqçi heyətinə demişdim. Adil Mahmudovu 2 gündür ki, Kamran Nurəhmədov əvəzləyib. Bu qərarı da ona və futbolçulara çatdıracağam. AFFA-nın araşdırmasından sonra bu futbolçuların danışılmış oyunlarda iştirakı təsdiqlənərsə, biz də həmin futbolçumuzu və ya futbolçularımızı günahlanlandıracağıq. Onu da deyim ki, həmin 5 oyunçu uzun müddətdir ki, bizim komandadadır".


Qeyd edək ki, "Şahdağ" komandası Azərbaycanın I dəstəsində 12 turdan sonra 10-cu pillədə qərarlaşıb.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbunu-adil-mahmudovdan-sorumaq-lazmdrquot-t54360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR