Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçirilir

Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçirilir

Date: 22 November 2016 19:57

Bakı. 22 noyabr. REPORT.AZ/ Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı işə başlayıb. 
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan görüşdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Mladen İvaniç, Draqan Çoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və təşkilatın digər üzvləri iştirak edib.
Toplantının açılışında Mladen İvaniç, Petar Stoyanov, Nazim İbrahimov və İsmail Seragəldin çıxış ediblər. 
Sonra “Avropda sülh: Möhkəm birliyə necə nail olmaq olar” mövzusu çərçivəsində müzakirələr aparılıb. Bosniya və Herseqovina, eləcə də Balkanlar üçün Avropa gələcəyinin mövcudluğu, Avropanın yeni xəritəsi, Avropada multikulturalizmi bərpa etməyin yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 
Görüşdə çıxış edən Nazim İbrahimov Azərbaycanın multikulturalizm və uzun illərə söykənən dinlərarası tolerantlıq təcrübəsindən danışıb. 
Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğunu xatırladan N.İbrahimov 25 ildən çoxdur Azərbaycanın 20 faiz ərazisinin işğal altında qaldığını diqqətə çatdırıb. 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Dövlət Komitəsinin sədri mərkəzin yarandığı 5 il ərzində dörd qlobal forum keçirdiyini diqqətə çatdıraraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın fəaliyyətini dəstəklədiyini vurğulayıb.
Gələn ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri toplantı çərçivəsində geniş müzakirə ediləcək, forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdiriləcək, növbəti hazırlıq iclaslarının yeri və vaxtı dəqiqləşdiriləcək.
Ali səviyyəli toplantı işini sabah davam etdirəcək.




Tags:  Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçirilir

RƏYLƏR


Top news