Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın "qullar üsyanı"nın yeni "Spartak"ı?

ABŞ-ın "qullar üsyanı"nın yeni "Spartak"ı?

Date: 22 November 2016 22:52

ABŞ-ın növbəti prezidentinin kimliyi məlum olunca, bütün dünya xalqlarını eyni suallar düşündürməyə başladı: görəsən, seçki nəticələrinin bizə nə kimi təsiri ola bilər?
 
Bu sualın yaranmasının iki başlıca səbəbi var. Səbəblərdən biri seçkinin məkanıyla, digəri isə seçilmiş şəxsin xarakteri ilə bağlıdır.
 
Belə ki, dünyanın super gücü sayılan ABŞ istənilən ölkəni öz arzuladığı şəklə salmağa, əsrlər boyu formalaşmış idarəçilik ənənələrinin dinamiklərini nəzərə almadan sistemlərin daxilində, nəyin bahasına olursa olsun, struktural dəyişikliklər aparmağa çalışır. Adətən, bu "siyasi islahatlar"ın hədəf olaraq seçilmiş ölkələrdəki azlıqların hakimiyyətə gətirilməsı üzərində qurulması həmin ölkədə ciddi qarşıdurmalara, daxili münaqişələrə, stabilliyin pozulmasına səbəb olur.
 
Milli.Az zamaninsesi.com-a istinadən bildirir ki, bu gün Yaxın Şərq ölkələrinin içindən çıxılması müşkül qanlı böhranlara sürüklənməsi, həyata keçirilən dəyişikliklərin iqtisadi, siyasi katakilizmlərlə müşaiyət olunması, ortaya çıxan insani böhranın yalnız bir coğrafiyada qalmayıb başqa qitələrə sıçraması, dolayısıyla qlobal problemə çevrilməsi də məhz özündən başqa iradələrə əhəmiyyət verilməməsinin məntiqi nəticəsidir.
 
Odur ki, Ağ evdə baş verən ən xırda kadr dəyişiklikləri belə, dünyanın bir çox ölkələrində maraqla izlənilir və həqiqətən də kadr dəyişikləri nəticəsində dünənə qədər prioritet sayılan siyasətlərdən vaz keçilir, tamamilə əks strategiyalara start verilir.
 
Dünya ictimaiyyəti, xüsusilə Yaxın Şərq xalqları elə ötən il ABŞ-ın sabiq Müdaifə naziri Çak Hagelin istefası ilə dəyişilən bu siyasətlərin şahidi oldu. Hagelə qədər Bəşər Əsədi devirmək üçün az qala "əl-Qaidə" ilə də əməkdaşlığa gedən super güc uğursuzluğunun bütün günahını Müdafiə nazirinin üzərinə yükləyib onu "öz xoşuyla" "istirahətə" göndərdikdən sonra həmin postu Eş Karterə həvalə etdi. Bununla da Suriya siyasətində tamamilə yeni dövr başladı, Bəşər Əsəd unuduldu, İŞİD-ə qarşı mübarizə aparıldı. Hətta bu mübarizədə dünənə qədər ən böyük düşmən elan edilən Suriya diktatoruyla da əməkdaşlığın mümkünlüyü dilə gətirildi.
 
Bənzər siyasət dəyişikliklərini biz Dövlət Departamentinin müxtəlif yetkililərinin başqasıyla əvəzlənməsində də görə bilərik. Sözsüz ki, daha az səlahiyyətli rəsmisini dəyişdirməklə fərqli addımlar atan ABŞ-ın ən yüksək siyasi xadimini əvəzləyərkən, xarici diplomatiya kursunda kardinal dəyişikliklərə gedəcəyi istisna olunmur.
 
Son prezident seçkilərinin mühüm dəyişikliklərə səbəb olacağı ehtimalını qüvvətləndirən digər amillərdən biri də Donald Trampın şəxsi keyfiyyətiylə əlaqədardır.
 
Bir çoxları prezidentin dəyişilməsiylə ABŞ-ın ənənəvi siyasətindən geri çəkilməyəcəyinə inansalar da və bunu tarixdən gətirdikləri bir çox nümunələrlə sübut etməyə çalışsalar da, Donald Trampın digərlərindən fərqli yönlərini gözardı etmək mümkün deyil.
 
Əvvəla, bu adam siyasi xarakteri etibarilə indiyə qədər Ağ evdə oturan digər sələflərindən xeyli fərqlənir. O, digərləri kimi siyasətin yetişdirdiyi biri deyil və olduqca radikal tövrləriylə seçilir.
 
İkincisi, iqtisadi cəhətdən kifayət qədər imkanı olması da, nə qədər qəribə səslənsə belə, Trampın üstünlüklərindəndir. Ən azı ona görə ki, yeni prezident sələfləri kimi qlobal iqtisadi güclərin təsiri altında qalmayacaq. Əksinə, nəhəng iş adamı kimi onun ABŞ-ı iqtisadi böhrana doğru sürükləməkdə olan ənənəvi qlobal finans qurumlarının iradəsinə qarşı dirənəcəyi güman olunur.
 
Prinsipcə, Trampın özü də seçki təşviqatı zamanı etdiyi çıxışlarında bu qurumların hegemoniyasına qarşı mübarizə aparmaq üçün meydana atıldığını etiraf edib. Onun oktyabrın 22-də Pensilvaniya ştatının Gittesberq şəhərində keçirdiyi görüşdə dilə gətirdiyi aşağıdakı fikirlər də iddiamızı təsdiqləyir: "...Mən uzun illər bu sistemlə yaxından tanışam. Onun  mühüm hissəsiydim. Vaşinqton və Uoll-Stritdə oyunun necə aparıldığını bilirəm. Və bilirəm ki, sadə amerikalıların ziyanına olaraq orada qanunla necə dələduzluq edirlər. Bu, fırıldaqçılıq qaydasıdır".
 
Həmin çıxışında o, həmçinin bostanına daş atdığı "Uoll-Strit"in ABŞ-ı necə dərin bir böhrana sürüklədiyindən, iş adamlarına yaşatdığı problemlərdən, onların öz ölkəsindən qaçıb xaricə investisiya qoyduqlarından danışıb və bir investor kimi prezidentlikdə gözü olmadığını, sadəcə, yaxşı perspektiv vəd etməyən bu durumun qarşısını almaq üçün meydana çıxdığını bildirib.
 
Tramp bu fikirlərində səmimidirsə, deməli həqiqətən də, dünya xalqları gözlərini Vaşinqtona dikməkdə haqsız deyillər.
 
Elədirsə, gəlin, ortaya çıxan bu sualları cavablandıraq:
 
1. Uoll-Strit nədir və niyə Trampın hədəfinə çevrilib?
 
2. Uoll-Strit ilə mübarizənin nəticələri dünyaya, o cümlədən bizim coğrafiyamıza nə vəd edir?
 
Uoll-Strit Nyu-York şəhərdə zənginlər küçəsinin adıdır. Dünyanın ən ünlü maliyyə qurumlarının ABŞ-dakı ofisləri bu küçədə toplanıb. İstehsaldan daha çox, maliyyə maxinasiyalarıyla bütün dünyanı istismar edən müasir finans imperializminin qalası halına gələn Uoll-Strit ABŞ-da qlobal və yerli böhranlar nəticəsində qısa müddətdə zəngin olmağın simvolu kimi tanınır. Təbii ki, bu sözlər hər Uoll-Stritdən ötən üçün keçərli deyil.
 
1929-cu ildə ABŞ qiymətli kağızlar bazarının çökməsindən sonra qlobal iqtisadiyyatı alt-üst edəcək qədər güclənən bank və maliyyə qurumları ölkə vətəndaşlarının və əslində dünya xalqlarının da əfəndisinə çevrildi. Başqa sözlə desək, Uoll Strit - Rotşild və Rokfeller ailələrinin məcazi adıdır. Türkiyəli alim, iqtisad elmləri üzrə doçent doktor olan Sait Yılmaz Uoll Stritin dünya iqtisadiyyatında oynadığı rol barədə yazır:
 
"Maliyyə kapitalizmin iki təməl dirəyi olan "Uoll Strit" və "London Siti" (City of London) arasındakı əlaqəni anlamadan cibimizdəki pulun necə çəkildiyini başa düşməyimiz mümkün deyildir. Qlobal sərmayənin pul planlaşdırma və təmizləmə mərkəzi "London Siti"dir. Aksiya mərkəzləri isə Uoll-Strit, Belçika-BrüsselSinqapurdadır. Bu sistemin hamısına "BİS" tərəfindən 600 min terminal ilə nəzarət edilir. Dünyanın ən güclü beynəlxalq bankı olmasına baxmayaraq, "BİS" hər zaman gözdən uzaq qalmağı bacarmışdır. "BİS", yalnız ABŞ və Avropanın deyil, dünyanın bütün ölkələrinin mərkəzi banklarının mərkəz bankıdır... "City of London" İngiltərənin bir parçası deyil, suveren bir maliyyə dövlətidir.
 
Bu ultra-zəngin qrup bir-birinə pərçimlənmiş 500 şirkəti himayə etməkdədir. Həmin zəngin təbəqə ABŞ Mərkəz Bankı (FED) sistemini idarə edən Uoll Strit bankları və onların Avropadakı uzantılarından ibarətdir".
 

 
Rotşild ailəsi də əsasən iki bankı idarə edir: "Barclay Bank" və "State Street Bank". Bu iki ailə öz bankları vasitəsilə FED-ə, FED isə ABŞ iqtisadiyyatına nəzarət etməkdədir.
 
Rotşild ailəsinin nəzarətində olan digər maliyyə qurumları bunlardır: "Bank of England", Federal Rezervlər Bankı, Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və BİS. London Qızıl Birjası isə əlavə olaraq dünyadakı qızılın çoxuna malikdir. Qızılın gündəlik dəyərini müəyyən edən ailənin 231 trilyon dollar sərvəti olduğu güman olunur ki, bu da dünyanın Ümumdaxili Məhsulunun yarısına bərabərdir".
 
Türk iqtisadçısının təsbitlərindən belə çıxır ki, "Uoll-Strit" beynəlxalq maliyyə gücünün ABŞ-dakı uzantısıdır. Bu məntiqlə, ölkənin zəngin iş adamlarından olan Tramp da qlobal istismara qarşı mübarizə üçün meydana atılıb. Hər halda ABŞ-ın yeni prezidentinin özü də bunu etiraf edərək deyir: "Biz hazırda yolayrıcındayıq. Keçmişin səhvlərini təkrar edib-etməyəcəyimizdə və yaxud gözəl, əziz ölkəmizi hələ də böyük gələcəyin gözlədiyinə əminliyimizdə seçim etməliyik. Mən gələcəyə inanıram və bilirəm ki, o, əzəmətli olacaq".
 
Tramp bu sözləriylə sanki ABŞ-ın müasir Spartak üsyanının lideri kimi çıxış edir. Bir neçə il öncə ABŞ-ın kasıb əhalisinin "Uoll-Striti işğal et" şüarıyla üsyana qalxmasını xatırlasaq, müasir və milyarder "Spartak"ın son prezident seçkilərində qazandığı qələbənin təsadüfi olmadığını anlaya bilərik.
 
Nə yazıq ki, qlobal media quruluşları da "Uoll Strit"in nəzarəti altında olduğundan, dünya ictimaiyyəti nə 2011-ci ildə böyük vüsət almış bu "qul üsyanları"na, nə də seçkilərdən istifadə edərək, asilərin lideri kimi ortaya çıxmağa çalışan Trampın düşüncələrinə yer verdi, əksinə istər əzilən sinifi, istərsə də onların "Spartak"ını mənfi çalarlarla gündəmə gətirdi.
 
Bu xüsus Trampın da gözündən yayınmır, o, seçkiqabağı təşviqatında sözügedən problemi açıq şəkildə dilə gətirirdi. Jurnalistlərin Suriya, İraq, Rusiya ilə bağlı suallarını cavablandıran ovaxtkı namizədin ən çox təkrarladığı fikirlər bundan ibarət idi: "ABŞ ilk növbədə öz daxilindəki problemlərin həllinə can atmalıdır".
 
O, həmçinin keçirdiyi mitinqlərin birində də eyni məntiqdən çıxış edərək deyirdi: "Onlar var gücüylə mənim və Amerika xalqının səsini boğmağa cəhd edirlər. Onlar Amerika seçicisinin şüurunu zəhərləməyə çalışırlar. Kampaniyama ziyan vurmağa çalışan qadınların hamısı yalan danışırdı. Tam yalan. Belə bir şey olmayıb - heç vaxt! Seçkilər başa çatanda yalançıların hamısını məhkəməyə cəlb edəcəklər. Amma pisi budur ki, aparıcı qəzetlərə və televiziyaya vurulan bir zəng yalançılara "yaşıl işıq" təmin edir və faktları heç kim yoxlamır. Bu, sizin üçün niyə mühümdür? Onlar mənə - cavab hərəkəti üçün, demək olar, qeyri-məhdud imkanı olan adama qarşı bu cür davrana bilirlərsə, fikirləşin ki, sizinlə, işiniz, təhlükəsizliyiniz, təhsiliniz və səhiyyənizlə nələr edə bilərlər".
 
ABŞ-ın "qul üsyanı"nın "Spartak"ının bu fikirləri dilə gətirdiyi 2016-ci ildən 5 il qabaq ayağa qalxan, əzilən sinifin təmsilçiləri də Uoll-Strit prospektinə eyni problemə qarşı bu şüarla tələsirdilər - "Biz 99%-ik". Ölkə mətbuatı isə ya onların bu tələblərini görmür, ya da ən kiçik insidentdən dəvə düzəldib asiləri gözdən salmağa çalışırdı.
 
"Uoll-Striti işğal et!" yürüşündə iştirak edənlərdən birinin küçədəki bir qadına təcavüzü günlərlə müxtəlif televiziya verilişlərində müzakirəyə çıxarılır, aksiya iştirakçıları seks düşkünlüyündə ittiham olunurdular. Eynilə bizdə təxribatlara məruz qalan müxalifət təmsilçisinin hər hansı qüsurunun bütün düşərgəyə şamil olunması kimi... Eyni ssenari, eyni ittihamlar, eyni dəyərləndirmələr, eyni qarayaxma kampaniyaları "Uoll-Strit"in təkcə ABŞ-da hegemoniya qurmadığından xəbər vermirmi?
 
2011-ci ildə "Uoll-Striti işğal et!" hərəkatına qoşulan qruplardan birinin sözçüsü Monika Ruiz qoşulduqları hərəkatın "ərəb inqilabları"ndan bəhrələndiyini, əsasən Misir hərəkatını örnək aldıqlarını etiraf edirdi. Ruizin sözlərinə görə, misirlilər kimi, onların da lideri yoxdur və bu, bir mərhələyə qədər etiraz aksiyaları üçün bəlkə də avantajdır. Çünki narazılar rahatlıqla etiraz aksiyalarına axışa və öz fikirlərini ifadə edə bilərlər. Amma bir mərhələdən sonra isə lidersizlik probleminin Misir xalqı kimi onları da məğlubiyyətə düçar etmək ehtimalı mövcuddur.
 
Maraqlıdır ki, bu təsbitdən bir müddət sonra "qul üsyanı"nın "Spartak"ı da ortaya çıxdı. Müasir Spartak kimi Tramp da ABŞ-ın qullar dünyasına xitab edərək deyirdi: "...Demək olar, hər dörd amerikalıdan biri ən əmək qabiliyyətli yaşında işsizdir. Hər beş ev təsərrüfatından birində heç kim işləmir. 45 milyon amerikalı ərzaq talonu alır, 47 milyon isə yoxsulluq içində yaşayır. Kasıb şəhərlilər əziyyət çəkir, afro-armerika və Latın Amerikası icmaları əzab çəkir - biz onların ümidlərini aldatdıq...".
 
Donald Trampın bu fikirlərindən də aydın görünür ki, o, özünü həqiqətən də "qullar üsyanı"nın liderliyinə həsr etmək əzmindədir.
 
Çoxumuza kapitalizmin mərkəzində milyarder bir iş adamının əzilən sinifə, Marksın təbirincə desək, proletariata rəhbərlik etməsi olduqca təəccüblü gələ bilər. Amma Uoll-Strit sahibləriylə müqayisədə Tramp Spartak kimi yoxsul, hüquqsuz, hər an öz sərvətini itirəcək qədər müdafiəsiz görünür.
 
İnanmırsınızsa, gəlin müqayisə edək: Yuxarıda türkiyəli iqtisadçı alim Sait Yılmaza inansaq, Rotşildin sərvəti 231 trilyon dollardır. Uoll Stritin digər patronu Rokfellerin də mal varlığı trilyonlarla ölçülür. Bu məbləğ tam olaraq gizli saxlansa da, 15 trilyon dollar həcmində təxmin edilir. "Forbes" jurnalının 400 dünya zəngini arasında göstərdiyi Trampın isə cəmi 3.6 milyard dollarlıq sərvəti var. Yəni Tramp bu ailələrlə müqayisədə minlərlə dəfə kasıbdır. Etiraf edək ki, heç Spartak da ağasından o qədər kasıb olmayıb...

Milli.Az


Tags:  ABŞ-ın qullar üsyanının yeni Spartakı

RƏYLƏR


Top news