Allah kimin qapısını açsın?!

Allah kimin qapısını açsın?!
23:47 22 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Son dövrlərdə bir çox məmurlar öz vəzifə və səlahiyyətlərindən sui-istifadə etdikləri üçün vəzifələrindən uzaqlaşdırılaraq, həbs olundular. Həmin bu eks-məmurlar həbs olunandan sonra onların külli miqdarda dövlət əmlakını mənimsədikləri ortaya çıxdı. Əgər həbs olunmasaydılar, az qala bütün Azərbaycan xəritəsini ələ keçirəcəkləri heç kəsdə şübhə doğurmur...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan əlavə isə, bir çox kriminal əməlləri də mətbuatda işıqlandırıldi və s. Yəni, həmin insanlar məmur olduqları dövrdə dövlət büdcəsini talamaqla məşğul olublar, bir çox fiziki və hüquqi şəxslərə maddi, mənəvi və fiziki ziyan vurublar və s. Bir sözlə, bu insanlara heç vətəndaş da demək düzgün deyil. Ölkəsini talayan vətəndaş olarmı heç? Və həmin bu vətənə ziyan vuran insanlar indi həbsdədir.
 
Yazının isə əsas məqsədi həmin o insanlar deyil. Çünki, pis-yaxşı layiq olduqları yerdədilər. Amma insanı əsəbiləşdirən hal odur ki, bu cür işi-gücü talançılıq olan insanın şəklini sosial şəbəkələrdə paylaşıb, "Allah qapısını açsın" kimi status yazırlar. Həm də bunu edən bəzi savadlı və inanclı hesab etdiyimiz insanlardır. Dəhşətli mənzərədir...
 
Allah kimin qapısını açsın?! Cinayətkarınmı, canininmi, talançınınmı, oğrununmu? Allah niyə açsın onun qapısını? Açsın ki, yenidən gəlib, olan-qalanı da talasın? Açsın ki, bütün dövlət büdcəsini qohumlarının adına keçirsin?
 
Hə, ola bilər bu tip ürək yanğılı statuslar yazan ya həmin insanların əl tutduğu qohumlarıdır, ya da qohumlarına əl tutduğunu görən və həmin talançını qəhrəman-zad hesab edən sadəlövh insanlardır. Ola bilər, həmin talançılar bir çox qohumuna, qonşusuna əl tutublar. Amma nə haqla?! Dövlətin büdcəsi heç kimin dədəsinin malı deyil ki, bundan xeyriyyəçilik eləsin! Ayda bir az ərzağa, bir iki toyuğa-cücəyə və s. vicdanını satmaq olmaz. Sənin ayda aldığın bir-iki toyuq-cücə, bizim qanımız hesabına qamarlanıb, bizdən oğurlanıb, camaatın haqqıdır. Sənin o talançının hesabına yardım olaraq gördüyün hər tikədə bu boyda millətin ahı var...
 
Necə keçir boğazından?! Ola bilsin ki, səni o tip statuslar yazmağa vadar edən həmin o oğurluq yardımların kəsilməsidir. Ləyaqətli insan vicdanını qarnına satmaz. Vallah, ayıbdır, belə bir insanlar üçün ürək yanğılı statuslar bölüşmək. Qıraqdan həm çox gülməli görsənir, həm də sadə, zəhmətkeş vətəndaşların heysiyyətinə toxunur - necə yəni "Allah qapısını açsın"?! Bəs bizim haqqımız?!
 
Həmin o status yazan üçün, bu boyda camaatın heysiyyətinin dəyəri, ayda-ildə bir dəfə aldığı o yardımdan da aşağıdır deməli. O tip talançı insanları az qala gətirib, H.Z.Tağıyevlə bir sıraya qoymaq, el atası, əl tutan və s. kimi yalançı statuslar verməklə o insanlara həqiqi və ideal bir xeyriyyəçi donu geyindirməklə onu əisl Tağıyev etmək olarmı? Axı Tağıyev öz halal malından xeyriyyəçilik edirdi. Məktəblər tikdirirdi, ümumi istifadə üçün xalqa vacib olan nələrisə yaradırdı. Daha bu "qəhrəmanlar" kimi bir-iki qohumuna yardım etmirdi, həm də dövlətdən oğurladığı pullarla!
 
Əgər sizin fövqəl dərəcədə bu tip insanlara dua etmək istəyiniz varsa, buyurun! Amma onlar üçün "Açıq qapı" duasına keçməmişdən əvvəl, onlar üçün "tövbə qapısı " duası edin. Dua edin ki, Allah onları hidayət eləsin, dua edin ki, Allah onların qəlbinə həqiqi peşmançılıq toxumu səpsin, dua edin ki, Allah onlara elə bir fürsət versin ki, bu dünyada ikən, taladıqları xalq malını sahiblərinə qaytara bilsinlər.
Bax bu, əsil duadır, belə dua etsəniz, biz də "Amin!" deyərik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR