Bakı. 23 noyabr. REPORT.AZ/ Paytaxtda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunmuş və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 6 m2 olan taxta konstruksiyalardan ibarət köşk və onun yaxınlığına yığılmış taxta qırıntıları yanıb. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.