Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bir stəkan çayın səmimiyyəti

Bir stəkan çayın səmimiyyəti

Date: 23 November 2016 10:39

 

Mən səmimiyyətə çox inanan adamam. O da ola ki, səmimiyyət bir stəkan çay ilə ola. Əgər belədirsə, deməli, mən yüz faiz  uduzmuşam. Hətta yoldaşım həmişə oğlanlarıma bərk-bərk tapşırır ki, əgər atanızla bir yerə getdiniz, gördünüz ki, atanıza xoş söz dedilər və qabağına da bir stəkan çay qoydular, o saat qoymayın o çayı içsin, çünki atanıza nə desələr, “hə” deyəcək, nə kağız versələr, ağına-bozuna baxmadan qol çəkəcək.

Bir sözlə “bir stəkan çay məsələsi” başıma çox oyunlar açıb.

 

Mənim bir  stakan çayın səmimiyyətinə inanmağım hardan başladı?

 

Ötən əsrdə  90-cı illərinin əvvəlləri olardı. O vaxt Bakıda kitab çap eləyən nəşriyyatlar çox az idi.  Hər şeyin pozulub yenidən qurulan vaxtında Türkiyənin iş adamları Bakıda öz işlərini uğurla həyata keçirirdilər. Qurduqlarının birinin adı  “Göytürk” nəşriyyatı idi. Başçıları türklər olsa da,  baş redaktor yazıçı-publisist Səfalı Nəzərli idi.

 

Nəşriyyat İçərişəhərdə ensiklopediyanın  binasında yerləşirdi. Kənddə  müəllim işləyirdim.   Şeirlərimi götürüb gəldim  həmin nəşriyyata. İçəri keçən kimi  məni iki gülərüz qız qarşıladı. Mini yubka geyinmişdilər.  Üzümə o qədər  qəşəng  gülümsəyirdilər ki, ağlım az qala başımdan çıxsın. Yer göstərdilər.  Yumşaq kroslaya əyləşdim. Bütün ağrılarım  yadımdan çıxdı. Tez qabağıma bir stəkan çay qoydular və yenə  gülümsədilər. Yenə çay gətirdilər. Yenə gülümsədilər.

 

Əslində kənddən çıxanda məqsədim bura gəlmək deyildi, “Gənclik” nəşriyyatına, Zülfüqar Şahsevənlinin yanına gedəcəkdim, adı yadımdan çıxıb, bir şair tanışım Sabirin heykəlinin yanından yolumu döndərdi “Göytürk”ə. Dedi, sən niyə ora-bura gedirsən, sən tərəkəməsən, əsl türksən, özü də təhləsən, xeyli gözlərimin quruluşuna baxıb sonra dedi: “Ayə, olmaya sən qarapapaq türküsən?”. Çiyinlərimi çəkdim. Dedi,  yüz faiz belədi, sən qarapapaqsan, igidsən, nərsən. Bəs özümüzünkünü qoyub kənar yerə niyə gedirsən?

 

Az qala sevindiyimdən uçam. Heç özüm haqqında  belə  şeyləri bilmirəmmiş. Dostum məni “Göytürk” nəşriyyatının  qapısından  içəri salıb  qaçdı, dedi, içəridə deyərsən ki, məni filankəs göndərib. Sonralar öyrəndim ki, dostum  müştəri tapmaqla nəşriyyatdan faiz alırmış.

 

Nəşriyyatın  hesabdarı ilə kitabın  qiymətini razılaşdıq. Mühasib türkiyəli qadın idi,   qızlar azərbaycanlı. Mühasib kitabı dostumun dediyindən   çox yuxarı hesabladı. Mən də çay içə-içə  həmişəki kimi “hə” deyirdim. Burası vardı ki, o qadın  baş redaktor  Səfalı Nəzərli üçün  bir balaca yer saxlayırdı, yəni  haqq-hesabın sonunda Səfalı  müəllim qonşu otaqdan çıxıb kitabın qiymətini 50 dollar aşağı salırdı. Bu  50 dollar türklərin bizə hədiyyəsi idi. Pulu-zadı verib qurtarandan  sonra   daha  çay vermirdilər. Qızlar da üzlərindəki təbəssümü bir anda silib atırdılar. Elə peşiman olurdum ki...

 

Bir aydan  sonra çıxan kitabıma  baxıb  az qala başımı  ensiklopediyanın divarlarına  çırpam. Kitab başdan-başa səhvlərlə dolu. Elə şeir var ki, sonuncu bəndi yoxdur. Hirs vurdu başıma. Az qala dəli olmuşdum. Özümə söz vermişdim ki, bir də “Göytürk”də kitab nəşr etdirsəm, heç qarapapaq  deyiləm.

 

Aradan   beş-altı ay keçəndən sonra yenə  gəlirdim Bakıya. Dəyirdim  “Yazıçı”ya,  direktor  Əkrəm Əylisli ilə bir az söhbət edirdim, sonra  gedirdim “Gənclik” nəşriyyatına, ordan da  “Azərnəşr” dəyirdim, amma kitab-zad  vermirdim, hərlənib-fırlanıb gəlib çıxırdım yenə  “Göytürk” nəşriyyatına. Özüm-özümə təskinlik verirdim ki, nə olsun  elə-belə gedirəm, ölsəm də, ora bir də kitab verməyəcəm. “Göytürk” ün qapısını açan kimi  yenə həm qızlar başlayardı üzümə gülməyə.

- Əfəndim, hoş geldiniz, bir çay içərmisiniz?

 

Yenə yumşaq kroslo, yenə   təbbəssümlərin içində batıram. Artıq növbəti stəkandayam. Artıq qızın biri pərdənin  arxasından mənə gülümsəyir. Başlayıram, növbəti  kitabın qiymətini  sövdələşməyə.  Yenə  mühasib  qadın, baş redaktor  Səfalı Nəzərli üçün 50 dollar yer qoyur, Səfalı Nəzərli  də  qonşu otaqdan  çıxıb qiyməti 50 dollar aşağı salır.

 

Pulu verirəm. Pul verilən kimi qızlar üzlərindəki təbəssümü süfrənin üstü kimi yığışdırırlar.

Daha kreslo da yumşaq deyil. Artıq onun da üzü dönür.

 

İki aydan sonra kitabı götürməyə gəlirəm. Yenə başımı  vurmağa divar gəzirəm. Şeirlər bir-birinin içində  çap olunub. Bir şeirin sonuncu misrasi növbəti şeirin  adı kimi  verilib. Yenə bu cəhənnəmə.  Sponsorun adı səhv gedib. İçəri keçirəm. Yenə dava-dalaş, mübahisə-zad. Deyirlər bu dəfə  daha səhv eləmərik. Şeirləri səhv  yazan qızı işdən qovmuşuq.  Daha  səhv olmayacaq. Kresloya çökürəm. Qızlar gülümsəyirlər, yenə çay gəlir, ağlım başımdan  çıxır. Yenə  növbəti kitabı sifariş verirəm.

 

İndi o  vaxtdan  24 il keçib. Bilmirəm, “Göytürk” nəşriyyatı fəaliyyət göstərir, ya yox. İndi yenə məni  bir stəkan çayla aldatmaq olur. Nə qədər edirəm, bir stəkan çayı  soyuda bilmirəm. Beləcə, stolun üstə qoyub getməyə qıymıram.


Tags:  stəkan çayın səmimiyyəti


RƏYLƏR


Top news