Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank Standard"ın ləğvinə 2 beynəlxalq şirkət cəlb olunub

"Bank Standard"ın ləğvinə 2 beynəlxalq şirkət cəlb olunub

Date: 23 November 2016 10:42

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının üzvləri, Əmanətlərin Sığortalanması Fondunun, "BM Morrison" hüquq şirkəti və KPMG beynəlxalq audit şirkətinin rəhbərliklərinin iştirakı ilə "Bank Standard" KB QSC-nin ləğvetmə planına dair iclas keçirilib.

Milli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, 1 oktyabr 2016-cı ildən etibarən lisenziyası ləğv edilmiş "Bank Standard"ın qorunan əmanətləri üzrə kompensasiyaların 90%-dən çoxu ödənilmiş və bu proses şəffaf şəkildə davam edir. Bankdakı qorunmayan əmanətlər və digər kreditorların vəsaitləri üzrə kompensasiyalar isə "Bank Standard"ın likvid aktivlərinin realizasiyasından sonra qanunvericiliyə uyğun növbəlik prinsipi ilə ödəniləcək.

Onun sözlərinə görə, kreditorların maraqlarını və şəffaflığı təmin etmək məqsədilə ləğvetmə prosesində kreditorların iştirakı təmin olunacaq. İclasda həmçinin kreditorlara münasibətdə ləğvedicinin fəaliyyəti, o cümlədən ləğvedicinin bankın qiymətləndirilməsi və məhkəmə ilə iş üzrə fəaliyyəti, habelə iflas prosedurunun başa çatması istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

Bununla yanaşı, iclasda hazırda aparılan kreditor tələblərinin qeydiyyatının 12 dekabr 2016-cı il tarixində bitməsinin nəzərdə tutulduğu bildirilib. Belə ki, qeydə alınmış tələblər yoxlanılıb, kreditorların reyestrinin təsdiq edilməsi üçün məhkəməyə təqdim ediləcək.

"Bank Standard"ın ləğvetmə planının qanuna müvafiq və qabaqcıl təcrübəyə uyğun tərtib olunaraq icra edilməsi məqsədilə "BM Morrison" hüquq şirkəti məsləhətçi kimi cəlb edilib. Bankın aktivləri, passivləri və balansdan kənar öhdəliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini və şəffaflığı təmin etmək məqsədilə isə ləğvetmə prosesinə KPMG beynəlxalq audit şirkəti cəlb olunub.

Milli.Az


Tags:  Bank Standardın ləğvinə beynəlxalq şirkət cəlb olunub


RƏYLƏR


Top news