Azərbaycanda qadınları zorlayanlar bağışlanacaqlar?

Azərbaycanda qadınları zorlayanlar bağışlanacaqlar?
12:32 23 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Türkiyə Böyük Millət Məclisində müzakirə olunan "təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq" qanun layihəsinə münasibət həm Türkiyə cəmiyyətində, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

Bəs belə bir qanun Azərbaycanda qəbul oluna bilərmi? Qəbul olunarsa, hansı problemlərlə üzləşə bilərik?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu qanunu qadın hüquqlarının zorlanması olaraq qəbul etdiyini söyləyib:

"Azərbaycanda belə bir qanunun qəbulu mümkünsüzdür. Çünki Azərbaycanda evlilik yaşı 18-dir. Əgər azyaşlının zorlanması və onun evliliyə cəlb olunması qanunu qəbul olunsa, gərək biz bir çox qanunları ləğv edək. Bizdə erkən nigah və məcburi nikah cinayət sayılır".

Ekspertin sözlərinə görə, sözügedən qanunun müzakirəsi belə, cəmiyyətdə ciddi etirazlara səbəb ola bilər:

"Ən əsası da mənəvi tərəfdən yanaşsaq, zorlanmış şəxs ömrünün axırına qədər onu zorlayan adamla xoşbəxt ola bilməyəcək. Onlar məcburi olaraq yaşayacaqlar. Əgər biz faciə, yeni qətllər, qadının ərini öldürməsini istəyiriksə, o zaman bu qanuna zamanı gələndə qol çəkərik.

Düşünürəm ki, bu, qadın hüquqlarına ziddir. Hətta belə bir qanunu müzakirəyə çıxarmaq, onunla bağlı fikir söyləmək qanunlarımıza hörmətsizlik olar".

M.Zeynalovanın sözlərinə görə, zorlanma hadisələrindən sonra evlilik halları ilə tez-tez rastlaşıb. Belə ki, ailələr bir araya gələrək mövcud biabırçılıqdan yaxa qurtarmaq, "namus"un təmizlənməsi adı ilə zorlanan qızla onu zorlayan şəxsin evliliyinə razılıq verirlər. Ancaq bu evliliyin sonu çox vaxt faciə ilə nəticələnir:

"Hansısa biabırçılığı ört-basdır etmək üçün ailələr arasında razılıq olub. Amma nəticə çox vaxt faciəvi olur. Zorlamadan sonra dünyaya gələn uşaqların psixi durumunun hansı vəziyyətdə olacağını təsəvvür edirsiniz? Bu cür ailələri tapıb onların uşaqlarının tibbi diaqnozuna baxsanız, görəcəksiniz ki, dediklərim həqiqətdir. Bu dediklərimi elmi əsaslarla da sübut etməyə hazıram" .

İB sədrinin sözlərinə görə, Azərbaycanda son illər cinsi zorakılığa daha çox gənc qızlar məruz qalırlar:

"Çox təəssüf ki, getdikcə zorlanmayla bağlı edilən müraciətlərin sayında ciddi artım müşahidə olunur. Hazırda gənc qızların zorlanması faktları ilə daha çox qarşılaşırıq. Onlar ailələrinin, ətraflarının bu hadisədən xəbərdar olmamaları üçün hüquq-mühafizə orqanlarına mürəciət etməkdən çəkinirlər".

İlahiyyatçı Elşad Miri də sözügedən qanun layihəsinin Azərbaycanda qəbul edilməsinin mümkünsüzlüyünü söyləyib. O, dində peyğəmbərin 9 yaşlı Aişə ilə ailə həyatı qurması ilə bağlı bəzi dindarların söylədiklərini yalnızca cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, bu yalanları uyduranlar məhz bu cür qanunların qəbul edilməsi ilə öz istəklərini reallaşdırmağa çalışanlardır.

"Guya peyğəmbərimiz özü 53 yaşında olanda 9 yaşlı Aişə ilə evlənib. Bütün bunlar uydurmadır və peyğəmbər özü heç bir qızını nə 6, nə də 9 yaşında ərə verməyib.

Bu gün belə iddia edirlər ki, azyaşlıların ərə verilməsində heç bir problem yoxdur. Amma Qurana istinad edilən ayələrə baxdığımız zaman Allahın göndərdiyi dində heç bir ayə və yaxud göstəriş yoxdur.

Təcavüzünsə xüsusi cəzası var. Zina başqadır, təcavüz başqadır. Bunların hər ikisinin cəzası dində ayrıdır. Qurani-Kərimin "Nur" surəsinin ikinci ayəsi bununla bağlı şamil olunub. Zina bir cəzadırsa, təcavüz iki cəza sayılır. 4 şahid olarsa, bunun cəzası döyülməklə verilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR