Danışılmış oyunlar: məcburiyyətdən açıqlanan gülünc siyahı

Danışılmış oyunlar:  məcburiyyətdən açıqlanan gülünc  siyahı
12:37 23 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+


Noyabrın 14-də AFFA-nın rəsmi saytında  İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilməsi ilə bağlı yerləşdirilən məlumatda bir qərar daha çox diqqət çəkmişdi.  Qeyd olunurdu ki, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.


Dörd gün sonra assosiasiyanın saytında daha bir məlumat peyda oldu: “AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. Komissiyanın qərarına əsasən I divizion komandaları arasında  keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək.  Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq”. 


Və nəhayət, dünən keçirilən İntizam Komitəsinin (İK) iclasında UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verildiyi açıqlandı.


 Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıldı.  Söhbət  22 futbolçu, 1 klub rəsmisi və 1 hakimdir...


Gündəmdəki məsələ bərabərində xeyli suallar gətirib. Onlardan bəzilərinin cavabını bilirik.


Azərbaycan futbolundakı danışılmış oyunlar bir gündə meydana çıxmayıb. Bu tip matçlar daha öncə də vardı, sabah da olacaq.


AFFA və PFL-in  bugünə qədər olan danışılmış matçlardan xəbərdar idi. Federasiya rəsmilərinin bu məsələlərdən məlumatsız qalmaları mümkün deyil. Üstəlik, onların futbol ictimaiyyəti və mediadan daha çox bilgiyə sahib olduqlarına zərrə qədər şübhə etmirik. 


Veriləcək sual budur: AFFA niyə indi illərdi dönən dəyirmana çomaq soxmağa qərar verdi?


Dəqiq olan bir məqam var: AFFA-nın bu addımı zərurətdən deyil, məcburiyyətdən irəli gəlir.


İllər sonra nə dəyişdi – buna baxmalıyıq.


Ötən ilin oktyabr ayında adları rüşvət qalmaqalında hallanan FİFA-nın prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini vəzifələrindən kənarlaşdırıldılar. 

Artıq hər iki qurumun yeni rəhbəri var. FIFA başqanı Canni İnfantino, UEFA başqanı isə Aleksander Çeferindir.  Təbii ki, bu dəyişikliklər boşuna deyil və futbol təsərrüfatında yeni düzən formalaşmaqdadır.  Prioritet məsələ isə rüşvətə və danışılmış oyunlar qarşı mübarizədir.


Bəlli olur ki, Blatter və Platinin dönəmində danışılmış oyunların araşıdırlmasına dair FİFA və UEFA-dan AFFA-ya gələn məktublar “fərqli şəkildə” cavablandırılmış. Yəni, müəyyən “jest” qarşılığında araşdırma aparılmasına ehtiyac qalmırmış. Lakin artıq vəziyyət dəyişib. Gələn məktubları əvvəlki tərzdə cavablandırmaq mümkün deyil. Ali futbol qurumları konkret araşdırma və nəticə tələb edirlər.


Təsadüfi deyil ki, AFFA-nın İcraiyyə  Komitəsinin avqustun 29-da keçirilmiş  iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxsin Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürməsi barədə qərar qəbul edilib. Ardınca, assosiasiya rəhbərliyi də Milli Məclisə müraciət edərək, danışılmış oyunların qarşısını almaq üçün qanun layihəsinin tətbiq edilməsini təklif edib. Hansı ki, Milli Məclisin noyabrın 11-də keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr müzakirəyə çıxarıldı.  Bu işə qol qoyanların 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulan layihələr səsə qoyularaq qəbul olundu.


AFFA-da əyləşənlər məcbur qalmasaydılar, heç vaxt ağrımayan başını ağrıtmaz, bu cür işə qol qoymazdılar. İndiyə qədər danışılmış oyunlara göz yumulması hər kəsə bəllidir. İllərdi mətbuata bu barədə məlumatlar gedib, hətta, bəzi matçların nəticəsi öncədən açıqlanıb. Lakin federasiya bu məlumatları əldə rəhbər tutaraq nəyinki sübut tapmayıb, ümumiyyətlə, araşdırma aparmayıb. 


Bugünə qədər olan susqunluq iki səbəbdən qaynaqlanırdı:

1. AFFA rəsmiləri yaxşı başa düşürdülər ki, bu cür qalmaqallı məsələni gündəmə gətirməklə, həm də özlərini hədəfə çevirəcəklər və istər istəməz assosiasiyanın da adına xələl gələcək.

2. Danışılmış oyunlarda AFFA və PFL-də çalışan bəzi şəxslərə də maddi marağı olub. 


Təəssüf ki, AFFA-nın adlarını açıqladığı, 22 futbolçu, 1 inzibatçı və 1 inzibatçının yer aldığı siyahı da bu günə qədər danışılmış oyunlara göz yuman şəxslərin marağına uyğun şəkildədir.


Necə olur ki, danışılmış oyunlarda daha çox adı hallanan “Bakılı” və “Şərurspor”un 2, lakin “Rəvan”ın 7 futbolçusu bu siyahıya düşsün? “Rəvan” qeyri-ciddi klub ola bilər, lakin danışılmış oyun fərqli məsələdir. Bu işdə Nuru Əliyevin sahib olduğu klubun hədəf alınması daha çox şəxsi ədavətdə bənzəyir. 


Bu gün Anar Niyazovu hakimlikdən kənarlaşdırmaqla iş bitmir. Bu şəxs 2009-cu ildə hakimlikdən uzaqlaşdırılmışdı. Lakin sonradan I divizion oyunlarına təyinat almağa başladı. Bax, Niyazovun əlbirləri, “krişaları” həmin şəxslərdir. Onların adını açıqlamaq lazımdır.


AFFA-nın açıqladığı siyahı sadəcə, gözdən pərdə asmağa xidmət edir. Futbolçu kimdir ki, davamlı olaraq danışılmış oyunlar təşkil edə? Federasiya həqiqət və ədalət axtarışında olsaydı, ilk növbədə klub rəsmilərinin və məşqçilərin adlarını açıqlamalıydı. Yoxsa  hansısa inzibatçının boğazından yapışmaq gülünc və iyrənc görünür. Məgər indiyə qədər dönən dəyirmana “Şahdağ”ın inzibatçısı göz yumub?


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-danlm-oyunlar-t54375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR