Zaur Bakıda Təhminəni niyə aldatdı, əcəba?..

Zaur Bakıda Təhminəni niyə aldatdı, əcəba?..
13:05 23 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xanımlarının sevimlisi, yarlı-yaraşıqlı, xarizmalı, xüsusi kaprizləri ilə dillərə dastan, "Təhminə"nin Zauru, ölkəmin xalq artisti Fəxrəddin Manafovun türkiyəli həmkarı Meral Konrata, yəni kino dilində desək, Təhminəyə "atması" qəlbimin başını göynətdi. Elə kədərləndim, elə kədərləndim...

Ən çox da tez-tez onun fotolarını paylaşıb, bəh-bəhlə təriflər yağdıran gənc fidanlarımıza üzüldüm. İndi həmin qönçədəhanlar Zaura (F.M.) nifrin yağdırırlar...

Köşə dili yüyrək olar, deməli, adlı-sanlı, şanlı-şöhrətli aktyorumuz türkiyəli həmkarını "Təhminə 2" filminə çəkmək adı ilə çağırıb ölkəyə, sonra da yazığı tutub Zülfiyyə Xanbabayevanın klipinə çəkib, pulsuz-parasız yola salıb. O boyda aktrisa da illər sonra ayılıb ki, vay, dədə, vay, bəs "Təhminə 2" söhbəti yalandır, bunu aldadıb klipə çəkiblər.

Öz aramızdır, adam bilmir Meral xanımın əfəlliyinə üzülsün, yoxsa Fəxrəddin bəyin "diribaşlığına"...

Adama deyərlər, neçə ilin aktrisasısan, adın-sanın, hörmətin-izzətin var, "tem bolee" Azərbaycana da ilk dəfə gəlmirsən, a başına dönüm, niyə tora düşürsən? Sən bilmirdin ki, Zaur mama-papa sözüylə oturub-duran,  papa şotuna lotuluq eliyən ortabab səviyyəli şəhər uşağıdır? Yox da, bilmirdin ki, bunun ipinin üstünə odun yığmaq olmaz? Guya bilmirdin ki, bir dəfə öldürüldüyün filmin ikincisini çəkmək absurddur?

Düzü, Fəxrəddin bəyin o əsilzadə duruşuna, sərt, istehzalı, özündənrazı baxışına bu biabırçılığı yaraşdırmadım. Başa düşürəm, adamın pula ehtiyacı ola bilər, amma müğənni ilə birləşib həmkarına "atmaq" niyə? Bəyəm pul qazanmağın yeganə yolu budur?

Gözəl-göyçək xanımlar sənin dərdindən dəli-divanə olsun, şəkillərin sosial şəbəkələrdə xarizma ikonu sayılsın, sən də durub 3-4 min dollar üçün özünü gözdən salasan, Təhminə kimi qızın qəlbinə dəyəsən. Daha kinoda mamanın sözünə qulaq asıb Spartakın bacısı ilə evləndin, gül kimi qadının ölüb-getməyinə səbəb oldun, səsimizi çıxarmadıq, daha bu qədər də yox də...

Təpəmə güllə sıx,  bu söhbət mənə çatmır.

Nə olur-olsun, Fəxrəddin Manafov kimi aktyor belə işlərlə məşğul olmalı deyil. Ola bilsin, yüksək qonorarlar almır, böyük büdcəli filmlərə çəkilmir, maddi vəziyyəti yaxşı deyil, lap belə deyək, pulsuzluqdan klipə çəkilir... - bütün bunları anlayıram. Başa düşürəm ki, çətindir, yaşamaq üçün pul qazanmaq lazımdır. Lakin yenə də, Meral xanımın qəlbini qırmaq yaxşı hərəkət deyil.

Bu söhbətin axırı necə olacaq, Fəxrəddin müəllim işin içindən necə çıxacaq - bilmirəm. Bildiyim odur ki, Meral xanım hazırda Bakıdadır. 

Söz-söhbətin gündəmə gəldiyi ərəfədə Təhminə Zaurun acığına bu dəfə kameraların qarşısına Spartakla keçib, Zaurdan da səs-soraq yoxdur.

Şəxsən mən gözləyirəm ki, söz-söhbətə Fəxrəddin Manafov tezliklə aydınlıq gətirəcək.

Bu məqamda "Təhminə" filmində Meral Konratın canlandırdığı Təhminə obrazının sözlərini xatırlamaq yerinə düşər: "Bilirsən, Zaur, həyatdır, hər şey ola bilər".

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR