Fikrət Əmirovun anadan olmasının 94 illiyi qeyd olunub

Fikrət Əmirovun anadan olmasının 94 illiyi qeyd olunub
13:57 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti, dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
Bakı Mədəniyyət və Turizm Baş İdarəsindən "Report"a verilən məlumata görə, noyabrın 22-də Fikrət Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutan tədbir çərçivəsində təhsil ocağının nəzdində bəstəkarın kitabları, elmi məqalələri, musiqi əsərlərinin yer aldığı muzeyin açılışı da olub. 
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova və Azərbaycan Milli Konservatoriyasının prorektoru, dosent Lalə Hüseynova məktəbin akt zalında təşkil olunmuş “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransında bəstəkarın Azərbaycan musiqi tarixində müstəsna xidmətlərə malik olduğunu vurğulayıblar.
Tədbirdə qeyd olunub ki, F.Əmirovun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamları və “Sevil” operası sənətkara böyük şöhrət qazandırıb.
Bəstəkarın oğlu Cəmil Əmirov ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, məktəbə xatirə hədiyyələri təqdim edib.











Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/fikret-emirovun-anadan-olmasinin-94-illiyi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR