“Həyatı seriala baxaraq öyrənmək olmaz” - türkiyəli aktyor FOTOLAR

“Həyatı seriala baxaraq öyrənmək olmaz” - türkiyəli aktyor FOTOLAR
14:03 23 Noyabr 2016
63 Şou
Ölkə mətbuatı
A- A+

Türk Film Festivalı çərçivəsində Bakının qonağı olan Sarp Levendoğlu Publika.az-ın suallarını cavablandıraraq yaradıcılığı və şəxsi həyatından danışıb.

Festival çərçivəsində Nizami Kino Mərkəzində nümayiş olunan “Deli Ormanlı” filminin təqdimat mərasiminin ötən il Türkiyədə baş tutduğunu deyən Levendoğlubunları söyləyib: “Filmin qalası Türkiyədə çoxdan keçirilib. Amma biz festival çərçivəsində Bakıya gəlib filmə azərbaycanlı izləyicilərlə birlikdə təkrar baxmaq istədik. Film keçmiş boksçunun həyatından bəhs edir. Qəhrəman bir müddət boksdan uzaq olsa da, intiqam almaq üçün yenidən rinqə dönməyə qərar verir. Hadisələr də bunun üzərində cərəyan edir”.

Bakıya ilk dəfə gəldiyini bildirən aktyor burada olmaqdan məmnun qaldığını vurğulayıb: “Çox qonaqpərvər xalqsınız, bizi yaxşı qarşıladılar. İnsanlar da bizim kimi istiqanlıdır. Azərbaycanda filmə çəkilmək dəvəti olunsa, böyük məmnuniyyətlə qəbul edərəm. İnşallah festivallar sayəsində azərbaycanlı qardaşlarımızla daha yaxından tanış olub görüşər, ortaq layihələr olsa, filmlər çəkərik”.

S.Levendoğlu Fahriye Evcen və Engin Akyüreklə birlikdə baş rollarda çəkiləcəyi serial haqqında da danışıb: “Serial “Əsarətin bədəli” adlanır. Çəkilişlər gələn ay başlayacaq. Serial haqsız yerə həbsə düşmüş insanın taleyindən bəhs edir. Mən burada mənfi obrazı canlandıracam. Əslində, mənfi demək istəməzdim, sadəcə həyat insanları bəzən səhvlər etməyə sövq edir. Dolaysı ilə serilada istədiyini qazanmağa iddialı və sərt rolu ifa edəcəyəm. Təəssüf ki, bundan artıq məlumat verə bilmərəm”.

Aktyor reallıqdan çox-çox uzaq və aşırı romantik olan türk seriallarının ssenari və mövzusuna da münasibət bildirib: “Bu serialların insanların həyatına mənfi istiqamətdə təsir edə biləcəyini düşünmürəm. Şəxsən mən hər hansı filmə və ya seriala baxdıqdan sonta özümü oradakı qəhrəmanların yerinə qoymuram. Və izlədiyim filmlərdə həyatla bağlı heç nə öyrənmədim. Həyatı küçədə yaşayaraq öyrənirsən, ona görə də sosial şəbəkə və virtual aləmi heç zaman ciddi qəbul etmədim. Əksinə, onlar insanı real həyatdan uzaqlaşdırır. Bunun əvəzinə insanlar küçəyə çıxsın, ünsiyyət qursun və çoxlu kitab oxusunlar. Əlbəttə ki, biz həyatdan götürülmüş real qəhrəmanları canlandırırıq. Amma həyatı televiziyaya baxaraq öyrənmək olmaz. Mənim özüm də televizora baxmıram, hətta özümə belə baxmağa vaxtım olmur. Boş vaxtım olan kimi onu idmana sərf edirəm”.

Real həyatda heç vaxt rola girmədiyini deyən aktyor həyat yoldaşı Birce Akalyın onu qısqanmadığını da dilə gətirib: “Biz bir-birimizi heç vaxt qısqanmırıq. İkimiz də işimizə hörmət edirik. Həyat yoldaşım Birce Akalay çox yaxşı aktrisadır və onunla işləmək rahatdır. Onunla yenidən filmə çəkilmək dəvət olunsa, böyük məmnuniyyətlə qəbul edərəm. Sözsüz ki, özümü həyat yoldaşının yanında daha rahat hiss edirəm. Həyat yoldaşımla ayrılmağımla bağlı xəbərlər tez-tez çıxır. Bunlara artıq alışmışıq. Ümumiyyətlə, maqazin səhifələri izləmirəm”.

Aytən







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR