“Bakılı” haqda ballada

“Bakılı” haqda ballada
15:17 23 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+


Azərbaycan futbolunda unikal bir klub var – “Bakılı”. Paytaxt təmsilçisini xüsusi edən başlıca səbəb onun prezidentidir. Misir Əbilov təqdimata ehtiyacı olmayan birisidir, uzun illərdi futbol təsərrüfatımızda külüng vuran zəhmətkeşlərdəndir.


Əbilov hər zaman qeyri-adi davranışları ilə diqqət çəkən bir sima olub. O, yəqin ki, dünya futbolunda baş məşqçini baxışdan keçirən yeganə klub rəhbəridir. Misir bəy 2009-cu iləd gürcüstanlı Vasili Çeaşvilini sınayan biri kimi tarixə düşüb.


Təcrübəli futbol funksioneri həm də heç kimin edə bilməyəcəyi bir formada sponsorluq müqaviləsi bağlamaqla da adından söz etdirməyi bacarıb. Belə ki, 2008-2009-cu il mövsümündə Premyer Liqada mübarizə aparan "Bakılı" milyon yarım dollara sponsor sözləşməsi imzalamışdı. Əbilovla "Nar Mobile"ın rəsmi distryübütoru olan "MSR" kompaniyasının prezidenti Çingiz Mustafayev arasında mətbuat konfransı zamanı əməkdaşlıq müqaviləsi bağlanarkən belə bir açıqlama vermişdi. Lakin sonradan bəlli oldu ki, 1,5 milyon dollar söhbəti yalan imiş. Özü də, bu, sponsorluq yox, əməkdaşlıq müqaviləsi olub. Sözügedən şirkət yalnız “Bakılı”  üzvlərinə pulsuz nömrə və aylıq 20 manatlıq kontura boyun olubmuş...


Gələcək nəsillər Əbilovu daha çox ən çox cəzalanan başqan kimi xatırlayacaqlar. Böyük ehtimalla, bu baxımdan da dünya futbolunda rekord da ona məxsusdur. İnanmırsınız? Gəlin, yaxın keçmişə nəzər salaq:


23 mart 2010-cu il. Misir Əbilov hakimləri təhqir etdiyinə görə cəzalanıb. O, klubun prezidenti 4 matçlıq kənarlaşdırılıb.


5 oktybar 2010-cu il. Azərbaycan çempionatının I divizionunda çıxış edən “Bakılı” klubunun prezidenti Misir Əbilov cəzalandırılıb. O, oktyabrın 3-də V turun “Rəvan” la qarşılaşmasında yol verdiyi hərəkətləri üzündən ağır cəzaya məruz qalıb. AFFA-nın İntizam Komitəsi matçın fasiləsi zamanı hakimi təhqir edən Əbilovu 5 oyunluq cəzaya layiq bilib. Bundan başqa, klub prezidenti 500 manat cərimə də ödəməli olacaq. 


1 noybar 2011-ci il. Azərbaycan Kubokunun 1/16 final mərhələsinin qalmaqalçıları cəzalarını alıblar. “Bakılı” – “Karvan” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı”nın prezidenti Misir Əbilov matçın AFFA nümayəndəsi Vaqif Davudova qarşı təhqiredici hərəkət etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.


30 oktyabr 2012-ci il. AFFA “Bakılı” klubunun prezidenti Misir Əbilovu cəzalandırıb. Buna səbəb onun hakimləri növbəti dəfə təhqir etməsidir. Belə ki, Əbilov Azərbaycan kubokunun 1/16 final mərhələsində MOİK-ə uduzduqları oyundan sonra hakimlərin ünvanına təhqiramiz sözləri işlədib. Buna görə, klub prezidenti 5 oyunluq cəzaya və 500 manat cəriməyə məruz qalıb. 


14 oktyabr 2014-cü il. “Bakılı” klubunun prezidenti Misir Əbilov növbəti dəfə cəzalanıb. AFFA-nın İntizam Komitəsi onu 5 oyunluq cəzaya məruz qoyub. Əbilov 500 manat cərimə də ödəməli olacaq. Buna onun Azərbaycan çempionatının I divizionunun VI turu zamanı yol verdiyi hərəkətlər səbəb olub. Klub prezidenti “Qaradağ-Lökbatan”la matç zamanı hakimlər briqadasını təhqir etdiyi üçün belə cəzaya layiq görülüb...


AFFA İntizam Komitəsi 2015-ci ildə “Bakılı”nı daha ağır şəkildə cəzalandırmağa qərar verdi. Belə ki, paytaxt təmsilçisi 2014/15 mövsümündə  aşağı dəstədə oynamaq hüququndan məhrum edildi. Bunun səbəbi bakılıların mövsümdə 2-ci dəfə üzrlü əsas olmadan oyuna getməməsi idi. Sonuncu - XXX turun “Kəpəz”lə görüşünə getməyən komanda bu dəfə də texniki məğlubiyyət aldı - 0:3. “Bakılı” XXIV turun “Şahdağ”la səfər oyununa da getməmişdi.


Lakin Misir bəy bu vəziyyətdən də çıxış yolu tapdı. O, “Xudafərin” adlı klub yaradıb, I divizionda çıxış etməyə qərar verdi. Əbilovla baş edə bilməyəcəyini anlayan AFFA yeni klub yaratmaqdansa, “Bakılı”nı əfv etdi...


Gördüyünüz kimi, “Bakılı” həqiqətən də xüsusi klubdur.  Əbilovun komandası hər zaman 2 şeylə ad çıxardıb – qalmaqallar və danışılmış oyunlarda iştirakla. Gəl ki, qalmaqallara görə İntizam Komitəsi tərəfində müəyyən cəzalar olsa da, danışılmış oyunlarla bağlı bu kluba gözün üstə qaşın var deyən olmayıb. Halbuki Əbilovun komandası ilə bağlı kifayət qədər ciddi siqnallar gəlib.


Məsələn, ötən mövsüm keçirilən “Bakılı” - “Göyəzən” qarşılaşmasında ilk yarının qonaqların minimal hesablı üstünlüyü, oyunun isə “Bakılı”nın xeyrinə başa çatacağını futbolinfo.az saytı əvvəlcədən yazmışdı (0:1, 2:1). Nəticə? AFFA “sübut yoxdur” deyib, dəftəri bağladı.  


Təsəvvür edin, cari çempionatda “Bakılı”nın iştirakı ilə keçirilən əksər oyunlarda 5-dən çox qol vurulub. Elə ötən mövsüm də oxşar mənzərə olub: “Bakılı” – “Energetik” 7:1, “Ağsu” – “Bakılı” 7:1, “Bakılı” – “Turan Tovuz” 1:8. “Bakılı” cari çempionatda öz meydanında “Energetik”ə 2:4 hesabı ilə uduzacaq qədər irəli gedib.


Lakin görünən odur ki, vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan Misir bəyin arxası güclüdür. Belə olmasaydı, İntizam Komitəsinin dünən keçirilən iclasında UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymət verilən zaman “Bakılı”nın cəmi 2 futbolçusu “qara siyahı”da yer almazdı...


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bakl-haqda-ballada-t54379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR