Bakıda "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfrans keçirilib

Bakıda "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfrans keçirilib
15:17 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün "Baku Expo Center"də “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfrans keçirilib. 
"Report"un məlumatına görə, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Naziriliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Banklar Assosiasiyasının rəsmiləri, nüfuzlu beynəlxalq investisiya, əmlak şirkətlərinin rəhbərləri, ictimai təşkilatlar və media nümayəndələri iştirak ediblər.
Komitənin sədr müavini Rafiq Cəlilov çıxışında beynəlxalq tədbirin Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Hazırda dövlət əmlakının özəlləşdirilməsi prioritet sahə elan olunub. Keçən dövr ərzində özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki dövlət proqramı, özəlləşdirmə ilə bağlı qanun və 50-dən çox normativ-hüquqi sənəd təsdiq olunub. Özəlləşdirmə prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekt, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri xüsusi mülkiyyətə verilib. Bununla belə, 1 600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək səhmləri özəlləşdirilib.Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdiyi investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub".
R.Cəlilov qeyd edib ki, hazırda mühüm məsələlərdən biri də regionlarda rəqabətqabiliyyətli müəssisələrin fəaliyyətinin yenidən qurulması, istehsal potensialının artırılması, büdcə yükünün azaldılmasıdır: "Komitə intensiv olaraq açıq və şəffaf hərraclar keçirir. Azərbaycanda həyata keçirilən özəlləşmə prosesinin yeni mərhələsi xarici investorlar üçün kifayət dərəcədə maraqlıdır".
Konfransda müxtəlif dövlət qurumlarının rəsmiləri ölkədəki iqtisadi mühit, qeyri-neft sektorunun inkişaf perspektivləri, vergi və gömrük siyasəti, strateji özəlləşdirmə və investorlar üçün bu kimi digər məsələlərlə bağlı çıxış ediblər. Ölkəyə investisiyaların cəlb edilməsi şərtləri, investorların maraqlarının təmin olunması, sərmayə yatırımı üçün münbit sahələr, investisiyadan sonrakı yenidənqurma və profil üzrə fəaliyyət və digər məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, dünən başlayan "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisi sabah işini yekunlaşdıracaq. "Report" İnformasiya Agentliyi tədbirin rəsmi media tərəfdaşıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-dasinmaz-emlak-ozellesdirme-ve-investisiyalar-movzusunda-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR