Vergilər naziri: “Azərbaycan vergilərin ödənilməsi meyarına görə 40-cı yerdədir”

Vergilər naziri: “Azərbaycan vergilərin ödənilməsi meyarına görə 40-cı yerdədir”
16:22 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın vergilər naziri Fazil Məmmədov noyabrın 22-də Estoniyanın Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergi və Gömrük Departamentinin baş direktoru Marek Helmi qəbul edib. 
Bu barədə “Report”a Vergilər Nazirliyindən bildirilib. 
Məlumata görə, görüşdə nazir bildirib ki, “Dünya Bankı”nın 2016-cı il üçün “Doing Business” hesabatına görə, Azərbaycan biznesin qeydiyyatı sahəsində ilk 5 dövlət sırasındadır, vergilərin ödənilməsi meyarına görə isə 40-cı yerdədir. 2013-cü ildən Azərbaycanda “ASAN imza” layihəsinin tətbiqinə başlanılması və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonlar vasitəsilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaradıb. Estoniya mütəxəssisləri ilə birgə həyata keçirilən “ASAN imza” layihəsi isə “Mobil hökumət”in qurulması və yeni nəsil elektron xidmətlərin tətbiqində yeni mərhələ hesab edilir.
Azərbaycan iqtisadiyyatında iqtisadi dayanıqlıq müşahidə olunduğunu qeyd edən M. Helm isə hökumətin qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft gəlirlərinin artırılması sahəsində gördüyü işləri, həmçinin vergi sistemində aparılan islahatları yüksək qiymətləndirdiyini bildirib. “ASAN imza” kimi müasir texnoloji alətin yaradılmasında təmsil etdiyi ölkə ilə Azərbaycanın birgə əməkdaşlığından böyük məmnunluq duyduğunu xüsusi qeyd edən Estoniyalı qonaq 2017-2020-ci illər üçün rəhbərlik etdiyi qurumun fəaliyyəti və inkişaf istiqamətləri barədə vergilər nazirinə məlumat verib.
Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-vergiler-naziri-azerbaycan-vergilerin-odenilmesi-meyarina-gore-ise-40-ci-yerdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR