Cavid Qurbanov: "Qızların voleybol oynaması gözəlliklərin birləşməsi deməkdir"

Cavid Qurbanov: "Qızların voleybol oynaması gözəlliklərin birləşməsi deməkdir"
16:32 23 Noyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının Azərbaycanda təşkili ilə əlaqədar müqavilənin imzalanma mərasimi keçirilib. 
"Report"un məlumatına görə, Voleybol Mərkəzindəki tədbirə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç və digər rəsmi qonaqlar qatılıblar.
Qonaqları salamlayan C.Qurbanov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olduqlarını xatırladıb. O, dövlət başçısının sərəncamı ilə çempionatın keçiriləcəyini bildirib. Federasiya prezidenti Avropa çempionatının təşkilinə görə əməyi olan hər kəsə minnətdarlıq ifadə edib: "Çalışacağıq ki, bu sınaqdan da alnıaçıq-üzüağ çıxaq. AVF əlindən gələni edəcək ki, çempionat uğurla keçsin. Bunun üçün hər kəsdən dəstək gözləyirik. Voleybol çox gözəl oyundur. Qızların bu oyunu keçirməsi isə gözəlliklərin birləşməsi deməkdir. CEV rəhbərliyinə də buna görə minnətdaram".
A.Rəhimov növbəti çox vacib tədbirə ev sahibliyi edəcəklərini bildirib: "Əminliklə deyə bilərəm ki, qadınlar arasında Avropa çempionatının ilk dəfə Bakıda təşkili ölkəmizin idman tarixində böyük iz buraxacaq. Bizim güclü voleybol komandamız var. Bu yarış isə gənc voleybolçular üçün yeni imkanlar yaradacaq. Çempionatı ən yüksək səviyyədə keçirməyə çalışacağıq. İlk dəfə çempionat iki ölkədə təşkil olunacaq. Bu da dost və qardaş ölkələr arasında idman əlaqələrinin daha da gücləndirilməsi üçün yaxşı fürsətdir. Cavid müəllim və ölkə prezidentinə, eləcə də CEV rəhbərliyinə tədbirin təşkilinə görə minnətdaram".
Gürcüstanın gənclər və idman nazirinin müavini Şalva Qoqoladze ölkəsi üçün belə məsul çempionatı keçirməyin böyük şərəf olduğunu, bunun üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Bu, bizim üçün yeni çağırışdır. Qarşıdakı Avropa çempionatı ölkələrimiz arasında onsuz da yüksək səviyyədə olan münasibətlərin daha da yaxşılaşdırılmasına kömək edəcək".
Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua Avropa çempionatı keçirməyi böyük şərəf adlandırıb və bunun yalnız müsbət tərəflərinin olduğunu vurğulayıb: "Əvvəllər Gürcüstan və Azərbaycan arasında dövlət və iqtisadi layihələr mövcud idisə, indi isə idmanla bağlı böyük layihə icra olunacaq".
A.Borisiç bu ideyanı həyata keçirməyə dəstək verdikləri üçün Azərbaycan və Gürcüstana minnətdarlığını bildirib. Onun sözlərinə görə, hər iki ölkədə voleybolun inkişafına böyük diqqət yetirilir: "Bu gün ölkə prezidenti İlham Əliyev voleybol haqda xoş sözlər dedi. Üstəlik, o, Avropa çempionatının keçirilməsi haqda sərəncamın imzalayıb. Bunlar dövlət başçısı səviyyəsində voleybola göstərilən böyük diqqəti ifadə edir. Belə addımlardan sonra biz çətin vəziyyətdə qalmışıq. Çünki belə yüksək etimadı azərbaycanlı və gürcüstanlı həmkarlarımızla birgə doğrultmağa çalışmalıyıq. Azərbaycana yüksək qonaqpərvərliyə görə minnətdaram. Bütün qonaqların "Bakı-2015" I Avropa Oyunları və Tbilisidə keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalındakı kimi məmnun qayıdacaqlarına ümidvaram".
Daha sonra C.Qurbanov, A.Rəhimov və gürcüstanlı nazir müavini Şalva Qoqoladze arasında Avropa çempionatının təşkilinə dair müqavilə imzalanıb.
Qeyd edək ki, Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək Azərbaycanla yanaşı, Gürcüstanda da təşkil olunacaq. Lakin qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları keçiriləcək. Digər 3 qrupdan biri Göygöldə, ikisi isə Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda olacaq. Çempionata 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, AVRO-2015-in mükafatçıları Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk 5-likdə qərarlaşmış Türkiyə və Almaniya yığmalarıdır. Seçmə mərhələnin yekununda isə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, "pley-off"dan isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/qizlarin-voleybol-oynamasi-gozelliklerin-birlesmesi-demekdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR