SSRİ-siz 25 il: İmperiyanın “bir damla qan”sız SÜQUTU

SSRİ-siz 25 il: İmperiyanın “bir damla qan”sız SÜQUTU
17:33 23 Noyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

SSRİ-nin suqutu barədə suallar indiyə qədər bitmir. Dünyanın gizli güclərinin hazırladığı “sui-qəsd” nəzəriyyəsindən tutmuş ən adi məişət mövzusunadək olan təhlillər onu göstərir ki, Sovet İttifaqı barədə miflər hələ çox müzakirə ediləcək.

Cəsarətli üçlük və əsrin ən böyük “faciəsi”

Bu il SSRİ-nin dağılmasının 25 ili tamam olur. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarus, Ukrayna və Rusiya liderlərinin iştirakı ilə “Belovejsk sazişi” imzalandı. Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı. Dekabrın 25-də isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin fəaliyyətinə xitam verilməsi haqqında qətnamə qəbul etdi.

“Belovejsk sazişi”ni Belarus adından Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya adından Boris Yeltsin, Ukrayna adından Leonid Kravçuk imzalamışdı. Onlardan biri - Stanislav Şuşkeviç sözügedən hadisənin 20 illiyində bundan peşman olmadığını söyləmişdi: “Nə qədər istəyirlər məni söysünlər. Məhz bu sazişə görə, bir damla qan tökülmədən SSRİ-nin süqutu baş verdi. Bu saziş Sovet İttifaqının süqutunun hüquqi cəhətdən təsdiq edilməsi idi. Əslində isə SSRİ-nin dağılması avqust ayında artıq baş vermişdi. Bizim cəsarətimiz çatdı ki, məsələni öz adı ilə adlandıraq. Baxın, bir damla qan belə axıdılmayıb”.

Jurnalistin “Qafqazda xeyli qan töküldü axı” sualına onun cavabı da birmənalı olmayıb: “Buna qədər və bundan sonra Qafqazda baş verənlərin heç birinin ”Belovejsk sazişi"nə dəxli olmayıb".

Rusiya prezidenti Vladimir Putinin qiymətləndirməsinə görə, SSRİ-nin dağılması XX əsrin ən böyük faciəsi idi. Analoji fikri bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko da təkrarladı. Onun fikrincə, SSRİ dağılmasaydı, bu gün dünyanın bir çox bölgələrini bürüyən münaqişələr olmazdı.

Kimlər SSRİ arzusu ilə yaşayır?

Elə, keçmiş SSRİ sakinlərinin də xeyli hissəsi bu cür düşünür. Rusiya və Mərkəzi Asiya respublikalarının sosioloqları MDB sakinlərinə "Siz Sovet İttifaqına qayıtmaq istəyərdiniz?" sualı maraqlı nəticələr ortaya çıxarıb.

Qazaxıstan və Qırğızıstan: Ümumi daxili məhsulun ölçüsünə görə, Qazaxıstan sovet dövründə ilk üçlüyə daxil idi. Bəlkə də buna görə, qazaxstanlıların keçmiş nəslinin əksəriyyəti SSRİ-nin qaytarılmasını istəyir. Yaşı 35-dən çox olanların 61 faizi SSRİ-ni istəyir, 27 faizi isə qarşıdır.

Qazaxıstan gənclərinin isə əksəriyyəti (56 faiz) SSRİ-yə qarşı çıxır. Qırğızıstanda da oxşar vəziyyətdir. Yaşlı insanların 60 faizi isə keçmiş dövrə qayıtmaq istəyir.

Özbəkistan: Yaşı 18-dən 24-yə qədər olan vətəndaşların 89, yaşı 35-dən 64-ə qədər olan vətəndaşların isə 91 faizi hesab edir ki, İslam Kərimov Özbəkistan prezidenti olduqdan sonra, insanlara yaşamaq daha rahat olub.

Tacikistan, Ukrayna, Moldova: Tacikistanda yaşı 18-dən 24-ə qədər olan insanların 84 faizi SSRİ-yə qarşıdır. Bu göstərici yaşı 35-dən 64-ə qədər olanlarda 55 faizdir. Moldova respublikası tək postsovet ölkədir ki, gənclərin çoxu SSRİ-ni istəyir. Gənclərin 69 faizi Sovet İttifaqının vaxtlarının qaytarılmasını arzu edir. Yaşlı nəsildə bu göstərici 60 faizdir.

Ukraynada böyük yaş qrupunun 60 faizi SSRİ üçün səs verir.

Rusiya və Belarus: Rusiya və Belarusda oxşar nəticələr qeydə alınıb. Rusiyada böyük yaş qrupunun 64 faizi SSRİ-ni dəstəkləyir, 28 faizi isə qarşı çıxır. Gənclərlə bağlı vəziyyət isə tamamilə əksinədir. Onların 63 faizi SSRİ-yə qarşıdır. Belarusda gənclərin 57, böyüklərin isə 28 faizi SSRİ-yə qarşıdır. Belarusda böyük yaş qrupunun 53 faizi SSRİ-ni istəyir.

Azərbaycan, Ermənistan, Gürcüstan: Azərbaycanda gənclərin 14 faizi SSRİ-ni dəstəkləyir, 68 faizi isə qarşıdır. Böyüklərin 69 faizi SSRİ-nin həsrətini çəkir, 29 faizi isə sovet dövrünü istəmir. Ermənistanda gənclərin 47 faizi SSRİ-yə "hə", 48 faizi "yox" deyir. Böyüklərin 71 faizi SSRİ-ni dəstəkləyir, 23 faizi qarşıdır.

Gürcüstanda gürcülərin böyük nəsli tərəddüd edir: 51 faizi SSRİ üçün "hə", 46 faizi "yox" deyir. Halbuki, gənclər çoxdan müstəqillik yolunu seçiblər: onların yalnız 20 faizi SSRİ-ni dəstəkləyir, 79 faizi isə gələcəyə baxır.

Nəticədə aydındır ki, "sovet ideyası ölür". SSRİ-də cavan insanların əksəriyyəti qayıdışa qarşı çıxır. Belə hesab etmək olar ki, postsovet məkanının sülh və sabit inkişafı halında 25-30 il sonra SSRİ tərəfdarlarının sayı faktiki olaraq yox olacaq.

Ədalətsiz dünya düzəni və ABŞ-ın ağalığı

Bəs, ekspertlər nə düşünür: SSRİ-nin dağılması siyasi baxımdan vacib idimi və hansı nəticələr doğurdu?

Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev bildirib ki, SSRİ-də monolit ideologiya olduğu üçün bunun inkişafa müsbət təsir göstərməsi ehtimalı olduqca az idi.

Ekspert Sovet İttifaqının dağılmasının postsovet məkanında müxtəlif nəticələr yaratdığını bildirib: “Məsələn, Baltikyanı ölkələr olduqca qabağa getdi, Avropa İttifaqına üzv oldular. Amma Mərkəzi Asiya ölkələrinə diqqət yetirsək, məsələn, Özbəkistan və Türkmənistanda demokratiyanın formal şərtlərinə hələ əməl olunmur. SSRİ-nin dağılması ən azından siyasi və mədəni baxımdan əhəmiyyətli oldu. Respublikalar müstəqillik əldə etdilər. SSRİ-də ruslaşdırma siyasəti yürüdülürdü. İttifaqın dağılması nəticəsində ölkələr milli köklərinə qayıtmaq imkanı əldə etdilər. Dünyaya inteqrasiya baxımından da bu proses əhəmiyyətli idi. Bəziləri belə bir variant irəli sürə bilər ki, SSRİ parçalanmadan ideologiyasını dəyişdirə, sosializmdən kapitalizmə keçə bilərdi. Amma bu, imperializmin başqa bir forması olacaqdı.

Müsahibimiz bildirir ki, SSRİ-nin dağılmasının iqtisadi baxımdan hamının faydalanıb-faydalanmadığını deməkdə çətinlik çəkir: “Məsələn, deyə bilərsiniz ki, kasıb təbəqə SSRİ vaxtında indikindən daha yaxşı yaşayırdı. Tibbi təminat daha yüksək səviyyədə idi. Kasıblarla zənginlər arasında fərq yüksək deyildi”.

Vladimir Putinin “SSRİ-nin dağılması XX əsrin ən böyük faciəsidir” sözlərinə gəlincə, ekspert əsrlərlə işğal etdiyi ərazilərin tez bir zamanda nəzarətdən çıxdığını deyib. F.Mehdiyev SSRİ-nin dağılmasının beynəlxalq balansı pozduğunu, ABŞ-a dünyanın bir çox yerlərində haqsız müharibələrə başlamağa imkan verdiyini vurğulayıb.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə “KQB” (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) daxilində irəli sürülən mərkəzdənqaçma meyllərinin tənzimlənməsi ideyasını xatırladıb. Onun sözlərinə görə, ideyanın mahiyyəti bundan ibarət idi ki, respublikalarda separatçılıq meylləri olsa, onlar mərkəzə daha sıx birləşəcəklər: “Bu, çox səhv yanaşma idi. Nəticədə, Fərqanə hadisələri baş verdi, Dnestryanı, Dağlıq Qarabağ və digər münaqişələr yarandı”.

Partiya sədri SSRİ-nin dağılmasının geostrateji baxımdan acı nəticələr doğurduğunu qeyd edib: “SSRİ və ABŞ dünyadakı prosesləri tənzimləyirdi. SSRİ-nin dağılması ilə ikiqütblü dünya nizamı çökdü. ABŞ özünü dünyanın ağası hesab etdi və bir çoxları da onun rolunu qəbul etdilər. Nəticədə, ədalətsiz dünya yarandı və lokal münaqişələr geniş vüsət aldı. Postsovet respublikaları üçün nəticələrə gəlincə, aydın idi ki, çox ağır iqtisadi böhranla üz-üzə qalacaqlar. Müsbət hal o idi ki, bu respublikalar müstəqil oldular, dünyaya ayaq açdılar. Bir sözlə, SSRİ-nin dağılmasının ağ tərəfi də olub, qara tərəfi də. SSRİ-nin dağılmasının ən böyük nəticəsi o oldu ki, əlalətsiz dünya düzəni yarandı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/177087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR