Kraliça Yelizavetanın ad gününə çağırdığı rəqqasəmiz: “Gəlib əllərimi yoxlayırdılar” - FOTO

Kraliça Yelizavetanın ad gününə çağırdığı rəqqasəmiz: “Gəlib əllərimi yoxlayırdılar” - FOTO
18:33 23 Noyabr 2016
2164 Şou
Ölkə mətbuatı
A- A+

Müsahibim Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansanblının solisti Aydan Kamilovadır. Solisti olduğu kollektivlə dünyanın əksər ölkələrini gəzib, milli rəqslərimizi təmsil edib.

Rəqqasənin Publika.az-a müsahibəsini təqdim edirik:

- Bakı Xoreoqrafiya Akdemiyasının sonuncu sinfində təhsil alırdım. Dövlət Mahnı və Rəqs Ansanblının rəhbəri Elçin Abbasov istedadlı tələbələri ansanbla dəvət etmək üçün ora gəlmişdi. Məni gördü və kollektivə dəvət etdi. Bu təklifdən vaz keçmədim. Çünki belə bir kollektivdə çalışmaq çoxdankı arzum idi. 1998-ci ildə keçirilən “Bakı gecələri” adlı festivalda çıxışım uğur gətirdi. Məni ilin ən istedadlı rəqqasəsi seçdilər.

- Dəfələrlə xarici ölkələrdə çıxışlarınız olub. Əcnəbi tamaşaçının milli rəqslərimizə münasibəti necə olub?

- Onların bizim rəqslərimiz üçün ürəkləri gedir. Mən İngiltərə kraliçası Yelizavetanın doğüm günü tədbirinə dəvət almışdım. Orda atlarla bizim rəqsimiz vardı. Bu improvizə əcnəbiləri o qədər təəccübləndirmişdi ki, tədbirdən sonra gəlib əllərimi yoxlayırdılar.

- Onları təəccübləndirən nə idi ki?

- Bizim rəqslərin incəliyi, fərqli olması. Deyirdilər ki, siz eyni vaxtda necə əllərinizi və ayaqlarınızı hərəkət etdirirsiniz.

- Olubmu səhnədə rəqs edərkən yıxılasınız, ya başqa ekstrim hadisələrlə qarşılaşasınız?

- Yıxılmamışam, amma yıxılmaqdan betər olub. Biz rəqqasələrə belə təlqin olunub ki, rəqs zamanı salonu, insanları unudaq. Mən “Qaval” rəqsini oynayırdım. Qavalı yerə qoyub arxaya əyilməli və sonra onu yerdən götürüb sağa-sola fırlamalıydım. Necə öz rəqsimə aludə olmuşamsa, qaval yadımdan çıxıb. Sonra yadıma düşdü ki, mən qavalla oynamalıydım. Qavalı yerdən götürüb utana-utana səhnədən çıxmışam. Amma bunu heç biruzə vermədim.

- Yəqin ki, rəqqasə olaraq, səhnə sirləriniz də var, bəlkə bizə açıqlayasınız?

- Deyirəm, amma heç kimə söyləməyin. Səhnədə bir-birimizlə göz-qaşla danışırıq. Ağzıbağlı danışırıq, amma özümüzü elə göstəririk ki, güya gülürük. Əslində gizlin olaraq, bir-birimizə nəyisə deyirik. Bir də dişlərimizi sıxaraq danışırıq ki, heç kim hiss eləməsin.

- Çəkinizi saxlamaq üçün yəqin çox əziyyət çəkirsiniz?

- Bunun üçün çalışırıq. Səhər saat altıda yuxudan oyanıram, üzgüçülüklə məşğul oluram, altıdan sonra yemək yemirəm. Qidamın əsas hissəsini meyvələr və kəsmik təşkil edir.

- Normalda çəkiniz nə qədər olmalıdır?

- 60-dan yuxarı olmamalıdır.

- Siz nə qədərsiniz ki?

- 57. Əslində çəki çox olanda insan nəfəs ala bilmir, bədən ağırlaşır və elastikliyini itirirsən.

- Ən çox sevdiyiniz və həvəslə ifa etdiyiniz rəqs hansıdır?

- “Qaval” rəqsi. Bu rəqs xanımın incəliyini, elastikliyini, gözəlliyini ortaya qoyur. Həm də xarakteri olan rəqsdir. Xarakteri olan rəqsləri çox sevirəm. Çünki rəqqasə burda əsəbini də göstərə bilər, qəzəbini, sevincini, sevgisini də.

- Digər rəqqasələr var ki, qazancı toylardan çıxır. Hətta məclislərdə pula görə hansısa kişinin qarşısında oriyental oynayır. Elələrinə münasibətiniz necədir?

- Əksinə, mən heç vaxt toylarda oynamaram. Görünür pula görə onlar toylarda və digər məclislərdə rəqs edirlər. Mənim onlardan bir üstünlüyüm var. Mən dünyada rəqslərimizi təmsil edirəm. Kraliçanın qarşısında rəqs edən rəqqasə gedib toylarda, ya məclislərdə hansısa kişinin qabağında pula görə oynamaz. Mən rəqsi heç vaxt o səviyyədə alçaltmaram. Rəqs mənə hörmət gətirib, bu sənətlə qürur duyuram. Dünyanın əksər ölkələrində milli rəqslərimizi təqdim edəndə hər kəs heyran qalır. Bu mənim qazancımdır. Hər şeyi pulla ölçmək düzgün deyil. Mən peşəkar rəqqasəyəm.

- Qohum-əqrəba toyunda da rəqs eləmirsiniz?

- Yox, rəqs edirəm, amma xoşlamıram. Hərdən anamgilə deyirəm ki, toyda məni rəqsə dəvət etməyin. Bir dəfə rəqsə dəvət etdilər, o qədər öz dünyama qapılmışam ki, ortalıqdan çıxmamışam. Bir onda özümə gəlmişəm ki, hamı dayanıb qıraqda, mənə tamaşa edir.

- Səhnədə sizi görüb aşiq olanlar da yəqin var?

- O qədər… Bir dəfə rəqsimi tamamladım. Gördüm səhnəyə bir oğlan yaxınlaşdı, əlində də böyük qızılgül dəstəsi. Elə bildim heyranlardandır. Yaxınlaşanda oğlan mənə dedi ki, sizə məktub gətirmişəm, onu oxuyarsınız. Sevgi məktubu idi. Çox olub belə şeylər. Səhnədə o qədər məktublar almışam ki…

- Reaksiyanız necə olub?

- Əslində sevilmək gözəl hissdir. Xətirlərinə dəymirəm.

- Hər halda, sevmədən belə gözəl rəqsləri ifa etmək olmaz. Düz demirəm? Sevgi qanadlandırır axı.

- Tamamilə razıyam. Sevirəm.

- Gözəl xanımsınız, yəqin ki, hər oğlanı da bəyənməzsiniz?

- Mən formada olan, hündürboylu oğlanları xoşlayıram. Arıq oğlanlardan xoşum gəlmir.

- Bəs xasiyyəti necə olmalıdır?

- Bütün xanımlara üzünü türşutsun, amma mənimlə xoş danışsın.

- Çox qısqancsınız deyəsən?

- Həddən artıq. Amma mən qısqanclığa görə sevdiyimi atmaram.

- Bəs xəyanətə görə?

- Hesab edirəm ki, kişi hansısa qadınla görüşürsə, bunu arvadından gizlətməlidir. Hər şeyi gəlib arvadına xəbər verməməlidir. Çöldə yaşadıqlarını çöldə qoyub evinə gəlməlidir. Bir kinoda qadına deyilir e, ərin gəzir, qayıdır ki, ərim kişidir də, neyləməlidir.

- Mən şokdayam e, Aydan xanım. Çox mərhəmətli deyilsiniz ki?

- Əslində mən pozitiv xanımam və həyatı şən yaşamağı sevirəm. Hər kəsin səhvi ola bilər. Əgər sevdiyim insan mənə gəlib desə ki, səhvim olub, kiminləsə görüşmüşəm, onu bağışlayaram. Təki dürüst olsun, mənə yalan danışmasın. Mən tez küsən və tez də barışan insanam. Həyatı problemlərlə yükləməyi sevmirəm.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR