Geyim mağazaları soyunan qızları gizli kameraya necə çəkir? MÜTLƏQ OXUYUN! - FOTO/VİDEO

Geyim mağazaları soyunan qızları gizli kameraya necə çəkir? MÜTLƏQ OXUYUN! - FOTO/VİDEO
18:38 23 Noyabr 2016
536 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda geyim mağazalarında soyunub-geyinmə otaqlarında gizli kameralar qoyulduğu iddia edilir. Bu məqsədlə geyim alarkən həmin otaqlara girsəniz sözügedən amilə fikir verin. Xüsusilə də qadınlar.

Bu üç cümləlik xəbərdarlıq son 3 gündür alıcıları, xüsusən alış-verişlə istirahət edən qadınların kefinə əməlli-başlı soğan doğrayıb. İndi bəs alıcılar geyim alarkən harada və necə soyunub-geyinsin?

Bəlkə izlənilirik?

Publika.az-ın “Müfəttiş”i bu dəfə haqqında danışdığımız mövzunu araşdırdı. Layihə çərçivəsində qadınlar qədər kişiləri də narahat edən bu xəbərdarlığın həqiqətə uyğun olub-olmamasının dərinliyinə varmağa səy göstərdik.

İddia:

“Paytaxtda mağazaların geyinmə-soyunma otaqlarında gizli kameralar qoyulub. Onlar müasir işıq lampaların içində yerləşdirilib. Lampanın xüsusi yeri var ki, bura mikro yaddaş kartı da salınır. Hansı ki, lampanın ortasındakı kamera ilə çəkilən videolar həmin kartın yaddaşına köçürülür”.

Xeyli təhlükəlidir, deyilmi?

Bu suala cavab vermək üçün əvvəlcə “Müfəttiş” özü bilgi toplamalıdır. Odur ki, əvvəlcə “Google” şirkətinin yaratdığı imkandan istifadə edərək kiçik araşdırma apardıq. Məlum oldu ki, bu lampaları ilk aşkarlayan biz deyilik. Başqa ölkələrdə də bu kameralardan narahat olan, xəbərdarlıq yayanlar olub. Həmin lampaları digərlərindən fərqləndirmək üçün ilk iş ona diqqətlə baxmaqdır. Kamera yalnız “LED” lampalara yerləşdirilə bilir. Diqqətlə baxanda künc hissədə kiçik qara nöqtəni görmək olur. Əgər hansısa lampada gözünüz qara nöqtə görsə, diqqətli olmalısınız.

Kiçik araşdırmamız zamanı bəlli oldu ki, bu hal bizə yad deyil. Çox da uzaq olmayan keçmişdə 2013-cü ildə Sabirabadda “KRAL” geyim mağazasının soyunub-geyinmə otağında gizli kameranın yerləşdirildiyi üzə çıxmışdı. Məlumata görə, kameranı mağaza sahibinin nəvəsi yerləşdiribmiş. Mağazada çalışan qızlardan biri bundan duyuq düşsə də, işin üstünü xadimə açmışdı. Kameranı otaqda görən xadimə bu haqda mağazadan alış-veriş etmək istəyən bir qızın nişanlısına deyib. Hətta qızın nişanlısı məsələni araşdırıb, oğlanı iş başında yaxalamışdı.

Uzun müzakirədən sonra polis bunun sadəcə şayiə olduğunu açıqladı. Məsələ bununla da bağlandı. Amma görünən odur ki, bu məsələnin üstü bağlansa da, “LED”in gizli qara nöqtəsinin üstü bağlanmayıb, əksinə daha da açılıb...

Qara nöqtə

Bəs paytaxtın geyim mağazalarında necə, gizli kameralar yerləşdirilibmi. Məhz bu kameraların olub-olmadığını öyrənmək üçün “Müfəttiş” çantasını yığıb düşdü mağazaların canına. Konkret mağaza adı və ya şikayətçi bəlli olmadığından paytaxtın müxtəlif ərazilərində yerləşən ən müxtəlif geyim mağazalarında olduq. Videodan sonra riskli olsa da, bəyəndiyimiz geyimləri götürüb, geyinib-soyunma otaqlarına da girdik.

“Müfəttiş” əvvəlcə satıcıları sorğu-suala tutdu. Onlarla söhbətdən bəlli oldu ki, mağazada təhlükəsizlik baxımdan kameralar quraşdırılır. Lakin geyim otaqlarında kamera yoxdur. Geyim otaqlarının yerləşdiyi dəhlizdə də kameralar olduğunu xəbərdarlıq edən satıcılar bizi rahatlıqla otaqlardan istifadə edə biləcəyimizə əmin etdi.

Bu otaqlarda daha çox müasir “LED” lampalarından istifadə edilir. Gözümüzün “zumunu” artırıb, lampaları mümkün qədər incələməyə çalışdıq. Amma lampalarda içərisində deyilən o qara hissəni tapa bilmədik.

Heç kim də risk etməz…

Bir neçə mağazaya belə baxış keçirdik. Lakin bu da yetərli deyil. Bütün mağazalara baş çəkməyimizin mümkünsüzlüyünü nəzərə alaraq məsələyə burada nöqtə qoymadıq. Araşdırmamızı lampa və təhlükəsizlik kameralarının satıldığı mağazalarda davam etdirdik. Alıcı olaraq yaxınlaşdığımız mağazalar belə məhsullar gətirmədiklərini söylədilər. Onların bunu həmin kameraları gətirməyin qanunla qadağan olması ilə əsaslandırdılar.

“Həmin lampaları gətirmək qadağandır. Çünki onlar gizli çəkiliş hesab edilir. Buna da icazə yoxdur. Heç kim də risk edib, həmin məhsulları ölkəyə gətirməz”, - deyə baş çəkdiyimiz obyektlərin hamısında təxminən buna oxşar cavablar verdilər.

“Onlar nə istəsələr edə bilərlər”

Amma tək narahat olan biz deyilik. Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyir ki, bu xəbərlər yayılanda hər gün azı 2-3 nəfər onlara müraciət edir: “Bizə olan zənglərdən məlum olur ki, insanlar narahatdırlar. Düzdür, bu kameraların necə gətirilməsi, hansı mağazalarda istifadə edilməsi barədə dəqiq məlumatımız yoxdur. Lakin biznes qurumları üçün elə mühit yaradılıb ki, onlar nə istəsələr, edərlər. Hər bir mağaza sahibi bu cür texnikadan istifadə edə bilər. Bu hala yol verənlər isə ilk növbədə insanların konstitusion hüquqlarını pozur. Çünki çəkiliş istehlakçıdan gizlin aparıla bilməz. Hər bir istehlakçının mal və xidmətlər haqqında məlumat almaq hüququ var”.

Onun sözlərinə görə, hazırkı durumda istehlakçının yeganə çıxış yolu, kamera olub-olmadığını soruşmaq və daha diqqətli yanaşmaqdır: “Müştərilər belə lampaları aşkarladıqları halda onun söndürülməsini tələb edə və aidiyyəti quruma müraciət edə bilərlər”.
E.Hüseynov bu faktın aşkarlanması üçün aidiyyəti dövlət qurumlarının araşdırmasına ehtiyac olduğunu deyir: “Dövlət qurumları bu faktla bağlı araşdırma aparmalıdır. Çünki belə hallardan şantaj və digər məqsədlər üçün istifadə edilə bilər”.

Araşdırmağımız real deyil

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə Publika.az-a bildirib ki, bu məlumatla bağlı faktlar dəqiq olmadığına görə araşdırma apara bilməzlər: “Biz yalnız məsələ ilə bağlı konkret müraciət olduğu halda, araşdırma apara bilərik. Həmin məlumatda dəqiq mağaza ünvanı və şikayətçinin adı olmadığına görə araşdırmağımız real deyil. Bu faktla qarşılaşanlar hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

Əlçatımlılıq və həbslər

Diqqət! Real mağazalarda bu kameraları tapmamağımız onu əldə etməyin mümkünsüz olduğu mənasını verməməlidir. Çünki elektron mağazalarda bu cür kameralı lampalar açıq şəkildə satılır. Özü də qiyməti də xeyli münasib. Yəni istəyən şəxs onu sifariş edib ala bilər. Onları bəlkə də rahatlıqla gətirmək olar. Hər şey onların xeyrinə deyil. Əgər belə bir fakt aşkarlansa, həmin şəxsləri ciddi cəzalar gözləyir.

Hüquqşünas Müzəffər Baxış deyir ki, bu kameralardan istifadə edənlər qədər onları ölkəyə gətirənlər də məsuliyyət daşıyır: “Bu kameralardan istifadə edənlərin bir məqsədi olur. Lakin məqsəddən asılı olmayaraq insanların şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən video, sənədlərin, səs yazılarının yayılması və ya başqasına verilməsi üçün qanunsuz toplayan şəxslər Cinayət Məcəlləsinə görə məsuliyyətə cəlb edilirlər. Məcəllənin 156.1-ci maddəsi ilə fiziki şəxslər 100 manatdan 500 manatadək cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırıla bilər. Eyni əməli vəzifəli şəxs – məsələn, mağaza sahibi qulluq növündən istifadə etsə, Cinayət Məcəlləsinin 156.2-ci maddəsi ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”.

Bu cür kameraların ölkəyə gətirilməsi barədə konkret fikir deməyin çətin olduğunu desə də, M.Baxış şantaj məqsədilə belə üsullara əl atılacağını da istisna etmir.

Bu kameranı gətirənlərə qarşı da Cinayət Məcəlləsində cinayət məsuliyyətinin nəzərdə tutulduğunu deyib: “Bu qəbildən olan vasitələrin ölkəyə gətirilməsi Cinayət Məcəlləsinin302.2-ci maddəsi ilə cəzalandırılır. Yəni gizli qaydada informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satış və ya satış məqsədilə əldə edənlərə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir”.

Gördüklərimiz və eşitdiklərimizi sizə çatdırdıq. Amma bu, son deyil. Məlumunuz olsun ki, bizim gəzdiyimiz mağazalarda bu kameraları görməməyimiz, onun olmaması anlamına gəlmir. Ona görə də siz ehtiyatı əldən verməsəniz yaxşıdır. Hər dəfə geyinib-soyunma otaqlarına girməzdən əvvəl gözünüzün “zumunu” artırın.

Gülxar Şərif


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/mufettish/177095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR