Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin baş məşqçisi: "Avropa Liqasının hər oyunu vacibdir"

"Qəbələ"nin baş məşqçisi: "Avropa Liqasının hər oyunu vacibdir"

Date: 23 November 2016 19:23

"Qrupdakı vəziyyət baxımından bu yer bizim üçün o qədər də önəmli deyil. Ancaq Avropa Liqasının hər oyunu vacibdir. Bu baxımdan nəticə qazanmağa çalışacağıq".

Publika.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin V turunda Belçika "Anderlext"i ilə Bakıda keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Ukraynalı baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Sent-Etyen"lə oyunda rəqiblərin güclü olmasına baxmayaraq, bərabər oyun göstərdiyinizi demişdiniz. Sabahkı oyunda da bunu demək olar?

- Qrupdakı rəqiblərimizin güclü olduğunu başa düşürük. Düzdür, onlardan geri qalırıq. Amma çıxış etdiyimiz çempionatlar arasında da fərq böyükdür. "Qəbələ" özünə inamlı şəkildə oynamalı, futbolçular var gücləri ilə mübarizə aparmalıdırlar. Əvvəlki oyunlarda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Bir az bəxt biz tərəfdə olmalıdır. Bunlar üst-üstə düşdüyü halda qalib gəlmək şansımız var.

- Əvvəlki oyunlarda tam heyətlə çıxış etmək mümkün olmadı. Sabah heyətdə vəziyyət necə olacaq?

- İndi zədəli futbolçularımız qayıdıb. Yalnız Sergey Zenyov zədəlidir. O, sabah meydana çıxa bilməyəcək. Sabahkı oyunda heyətdə az yer alan futbolçulara şans verəcəyik. Bu zaman biz onlar haqqında daha yaxşı məlumat ala biləcəyik.

- "Qarabağ"la Premyer Liqa matçı üçün bəzi oyunçuları qoruyacaqsınızmı?

- Onların hansı vəziyyətdə olması bizə deyiləcək.

- "Anderlext"lə oyunda motivasiya nə olacaq?

- Ağlıma gətirə bilmərəm ki, futbolçu qrup mərhələsində olsun, amma motivasiya olmasın. Bu, futbolçunun karyerası üçün uğurlu ola bilər. Çünki həmin futbolçuları mütəxəssislər izləyirlər. Onları bəyənib başqa komandalara apara bilərlər. Motivasiyası olmayan futbolçu inanmıram olsun. Belə olsa, o gözümdən düşər.

- Sənan Qurbanov texniki zonada sizin yerinizdə olanda "Qəbələ" uduzmur. Bu statistika sabah da davam edəcəkmi?

- Arzu edirəm ki, bu, davam etsin.

- "Qəbələ" qrupdakı vəziyyətinə görə təzyiq altında olmayacaq. "Anderlext"də isə mövqe baxımından vəziyyət fərqlidir və bu səbəbdən rəqib təzyiq altında olacaq. Bunu "Qəbələ" üçün üstünlük saymaq olarmı?

- Bəli, biz psixoloji üstünlüyə malik olacağıq. Rəqib son oyunlarda istədiyi çıxışı edə bilmir. Bu səbəbdən yaxşı futbol göstərmək lazımdır. Amma ustalıq səviyyəsində üstünlük daha vacibdir.

- Rəqib iki səfər oyununun heç birində qalib gələ bilməyib...

- Biz statistikanı müzakirə edə bilərik. Amma bunun sabahkı oyuna təsir edəcəyini düşünmürəm.

- Hazırda şansınız olsa, "Qarabağ"la, yoxsa "Anderlext"lə oyunda qələbəni seçərdiniz?

- Təbii ki, "Qarabağ". Amma mən seçdiyim daha çətindir. (Report)


Tags:  Qəbələnin baş məşqçisi Avropa Liqasının hər oyunu vacibdir

RƏYLƏR


Top news