Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağan edildi

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağan edildi

Date: 23 November 2016 22:37

Prezident İlham Əliyev "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 1.0.18 - 1.0.20-ci maddələr əlavə edilir:

"1.0.18. ekvivalent dərman vasitələri - təsiredici maddəsi (maddələri), farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) eyni olan dərman vasitələri;

1.0.19. oxşar dərman vasitələri - təsiredici maddəsi (maddələri), farmasevtik forması eyni, vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri;

1.0.20. bioloji fəallığa malik qida əlavələri - qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar.".

Həmçinin aşağıdakı məzmunda 4.7-ci, 16.4-cü və 14-1-ci maddələr əlavə edilir:

"4.7. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

16.4. Dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.

Maddə 14-1. Bioloji fəallığa malik qida əlavələri

14-1.1. Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

14-1.2. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək məqsədi ilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14-1.3. Bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır.

14-1.4. Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir.

14-1.5. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.".

Bundan başqa, 5.3-cü maddə aşağıdakı redaksiyada verilir:

"5.3. Bu Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verən orqan tərəfindən altı ayadək müddətə dayandırılır.".

Milli.Az


Tags:  Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağan edildi

RƏYLƏR


Top news