Nazir: "Donald Trampın bəyanatları neftin qiymətinin daha da ucuzlaşması deməkdir"

Nazir: "Donald Trampın bəyanatları neftin qiymətinin daha da ucuzlaşması deməkdir"
10:42 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Neftin, həm də bir siyasi vasitə olduğunu, bu enerji növünün qiyməti ilə bağlı qeyri-sabitliyin daha çox siyasi reallıqların təsirindən qaynaqlandığını nəzərə alsaq, onda dünya siyasətinin gələcəkdə uğraya biləcəyi mümkün dəyişiklikləri də diqqətdən kənarda qoymamalıyıq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, dünyada siyasi proseslər, qlobal güclər arasındakı qüvvələr nisbəti çox sürətlə dəyişir:

"Bu dəyişikliklər isə təbii ki, enerji mənzərəsində, o cümlədən, neftin qiymətində də dərhal öz əksini tapır. Hazırda OPEC və OPEC-ə daxil olmayan ölkələrin birgə səyləri ilə bazarda tələb-təklif tarazlığına ciddi hazırlıq görüldüyü və müəyyən müsbət gözləntilərin yarandığı vaxtda, okeanın o tayında cərəyan edən hadisələrin nəticəyə təsir etməsi mümkün ehtimaldır".

N.Əliyev qeyd edib ki, ABŞ prezidenti seçilən Donald Trampın rəhbərliyi dövründə Ağ evin siyasi və iqtisadi kursunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir:

"Onun seçki kampaniyası dövründə verdiyi bəyanatlara istinad etsək, rəsmi Vaşinqtonun ölkənin enerji müstəqilliyinin təmin olunması və Səudiyyə Ərəbistanından neft idxalına son qoyulması, Amerikada neft istehsalına tətbiq edilən bütün qadağaların ləğvi və hökumətin neft şirkətlərinə dəstək verməsi və s. bu kimi addımlarına yaxın perspektiv kimi yanaşa bilərik. Bütün bunlar isə dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması, istehlakçı çevrəsinin məhdudlaşması demək olar. Əlbəttə, bütün bunlar gələcəklə bağlı ehtimallardır. Bu ehtimalların ölkəmizə təsirinə gəlincə isə, son dövrlər geniş vüsət götürmüş davamlı islahatlarla yeni iqtisadi inkişaf modelinə keçən Azərbaycanın neft amilindən asılılığını aradan qaldırmaq üçün reallaşdırdığı intensiv tədbirlər qlobal proseslərin ölkəmizə istənilən ziyanlı müdaxiləsini minimallaşdırır. Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi kursu, məqsədyönlü strategiya istənilən situasiyada hər hansı konkret amildən asılı olmayaraq, Azərbaycan dövlətinin gələcək inkişafını təmin edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/492520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR