Bakı. 24 noyabr. REPORT.AZ/ “Bu gün azərbaycanlı sirk ustaları dünyanın ən məşhur sirklərində çıxış edirlər”.
“Report” xəbər verir ki, bunu Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə "Azərbaycan milli sirk sənəti - 70" mövzusunda keçirilən respublika elmi-praktiki konfransında deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Sirkinin son illərdəki fəaliyyətində xarici dövlətlərlə əlaqələr genişlənib: "Bu gün Azərbaycanın xeyli sirk ustası xarici ölkələrdə çıxış edir. Bakı Dövlət Sirki həmin sirk ustaları ilə daima əlaqədədir. Onların fəaliyyəti daima diqqətdə saxlanılır. Bütün bunlar milli sirkimizin gələcəyinə böyük ümidlər bəsləməyə imkan verir".
V.Bağırzadə bildirib ki, Bakı Dövlət Sirki harada yaşamasından və işləməsindən asılı olmayaraq bütün sirk ustalarının vətənə gəldikdə ilk baş çəkdikləri yerdir: "Bu mədəniyyət ocağının qapıları həmyerlilərimizin üzünə həmişə açıqdır. Bakı Dövlət Sirkinin kollektivi Azərbaycanda sirkin sevilməsi üçün əzmlə çalışır və çalışacaq".