Tamaşaçı olmaq əzabı nədir, bilirsinizmi?

Tamaşaçı olmaq əzabı nədir, bilirsinizmi?
12:22 24 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir xəbərin sarsıdıcı təsirindən çıxmamış yenisini eşidirik.  Elə sürətlə dəyişir ki gündəm...  Bir-birləriylə bəhsə girmiş TV-lər naşı ovcu kimi hər şeyə kamera tuşladığından ağrısı ürəyimizə çökən kadrlar ekranlardan əksik olmur. Bir tərəfdən ailə münaqişələri, qətllər, digər yandan ekran, toy-büsat məşhurlarının gündəmə gəlmək istəyi...

İstedaddan göylər qədər uzaq olan "ulduz" alayının mavi ekran sevgisi imkan vermir ki, ailə münaqişələrinin törətdiyi faciələr haqda düşünəsən... Ölkənin bir tərəfində cahil ər arvadını işgəncə ilə qətlə yetirir, digər tərəfində qadın müğənni yeni sevgilisindən danışır. Qəribə paradoksdur...

Faciələrin və komediyaların eyni anda oynanıldığı səhnələrin tamaşaçıları nə qazanırlar bəs? "Həyat və gündəm" adlı yarıfaciəvi, yarıməzhəkəli tamaşadan hansı təəssüratla ayrılırlar?

Düşünə bilənlər üçün gördükləri hadisələr sublimasiyaya çevrilir: nəticə çıxarırlar, səhvləri təkrar etməməyə çalışırlar. Düşünməyi bacarmayanlar "qaranlıqda" qalıb səbrsizliklə sabahı gözləyirlər. Yeni mövzular, yepyeni dedi-qodular...

Yer tərpənsə tükləri tərpənməyən, hər baş verən faciəvi hadisəni şad xəbər kimi bir-birlərinə muştuluqlayan ürəkləri buz bağlamış bu insanların içlərindəki qaranlıq o qədər qatıdır ki, yerləri-göyləri nura qərq eləyən günəşin işığı belə bu zülməti əritməkdə acizdir...

Bir cavan oğlan "Koroğlu" körpüsündən özünü atmaq istəyirdi. Tərəddüd içindəydi ancaq. Çaşqın nəzərlərlə baxırdı hər şeyə. Görünür, ölümün nəfəsi üzünə dəyəndə həyatın şirinliyini hiss eləmişdi. İnsanlar yığılmışdılar körpünün ətrafına. Gənci xilas etmək istəyənlər, təlaş keçirənlər də vardı aralarında, baş verəcək faciəni telefonla çəkə-çəkə "tullan, qorxma" deyənlər də.

Və qəfil qışqırıq qopdu. Oğlan özünü atdı körpüdən aşağı...

Bir həyat sona çatdı həmin gün, bir ailənin çırağı söndü.

Faciəni telefonla çəkmək üçün bir-birini itələyənlər, oğlana "tullan, qorxma" deyənlər gördükləri hadisəni beş-on dəqiqə evdə danışacaq, sonra analarının, ya da həyat yoldaşlarının bişirdiyi xörəkdən yeyəcək, yıxılıb yatacaq və ertəsi gün hər kəs öz işinə-gücünə gedəcəkdi.

Beləcə, həyat qaldığı yerdən davam edəcəkdi...

Xuraman Hüseynzadə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR