Nazir: “Bu ölkələr olmadan neft bazarında tarazlıq yaranmayacaq”

Nazir: “Bu ölkələr olmadan neft bazarında tarazlıq yaranmayacaq”
12:23 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

OPEC-in ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, Vyetnam, Sudan, Suriya və s. bu kimi ölkələri prosesə cəlb etmədən neft bazarında tarazlığa, hamını razı salacaq qiymətlərə nail olması o qədər də inandırıcı deyil.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

O bildirib ki, təkcə sentyabr ayında bu ölkələr neft bazarında gündəlik təxminən 56,4 milyon barrel paya malik olublar:

“Deməli, bu gün qlobal gündəlik neft hasilatının 24,61 milyon barreli iclasa dəvət edilən və qeyri-OPEC adı altında təsnif olunan ölkələrin, 33,39 milyon barreli isə OPEC-in payına düşürsə, onda təxminən 31-32 milyon barrel neft kənarda qalan bu ölkələrin hesabına nəzərə alınmamış olur. Təbii ki, davamlı sabitlik üçün kartel daxilində həmrəylik çox mühümdür. OPEC-ə üzv olan ölkələrin böyük əksəriyyəti bazarda qiymət artımını hədəfləyən təşəbbüsləri dəstəkləsələr də, İran və İraq neft hasilatının artırılmasında, eləcə də istehsalla bağlı əvvəlki mövqelərini bərpa etməkdə maraqlıdır. Bir sözlə, OPEC üzvü olan və bu qurumun üzvü olmayan ölkələrin ekspertlərinin görüşünün nəticələrinə dair Əlcəzair qərarları əsasında “Yol xəritəsi”nin qəbul edilib-edilməyəcəyi OPEC üzvü olan ölkələrin, ilk növbədə İran və İraq kimi dövlətlərin mövqeyindən də xeyli dərəcədə asılıdır. Digər tərəfdən belə bir mülahizə də irəli sürülür ki, OPEC neft qiymətlərinin bahalı olmasında maraqlı deyil. Hesab edilir ki, neft bahalaşacağı təqdirdə, şist neft təklifi artacaq, bu isə Amerika qitəsində Səudiyyə Ərəbistanı kimi ölkələrin bazarlarının daralmasına səbəb olacaq. Burada açıq qalan və həlli vacib olan digər bir məqam da hasilatın artırılmaması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə onun idarəetmə mexanizminin yaradılması və qərarın tətbiqinə nəzarətin hansı şəkildə həyata keçirilməsindən ibarətdir. İclas zamanı Braziliya və Meksikanın istehsalla, əsasən, özəl şirkətlərin məşğul olması və hökumətlərin onların fəaliyyətinə müdaxilə imkanlarının məhdudluğu ilə bağlı əsaslandırmalarından da göründü ki, bu suala konkret cavab hələ ki, yoxdur. Hesab edirik ki, Braziliya və Meksikanın qaldırdığı bu məsələ əksər neft hasilatı ilə məşğul olan ölkələri də düşündürən suallardan biridir.

Göründüyü kimi, noyabrın 30-dək ortaq məxrəcə gəlmək üçün müzakirə ediləcək kifayət qədər məsələlər var. Ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlərin müzakirəsi 28 noyabr tarixində Yüksək Səviyyəli Komitənin ikinci iclasında bir daha nəzərdən keçiriləcək”.

Nazir Azərbaycanın da növbəti toplantıya yüksək səviyyədə qatılaraq, prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcəyini deyib:

“Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Bakının dünya enerji balansının bərpa edilməsi istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqe, öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışması, OPEC və qeyri-OPEC ölkələrinin toplantısında irəli sürülən müddəaların, həll təkliflərinin hələ bu tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti səviyyəsində bəyan edilməsi, digər neft ölkələri ilə müqayisədə rəsmi Bakının birmənalı, konkret, düşünülmüş və tərəddüdsüz siyasəti böyük maraq kəsb etmiş, böhran situasiyalarında doğru qərarlar qəbul etməyi bacaran dövlət kimi Azərbaycanın nüfuzu daha da möhkəmlənib”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/177166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR