Bakıda Milli Qəhrəmanın adını daşıyan məktəb uçulur - REPORTAJ

Bakıda Milli Qəhrəmanın adını daşıyan məktəb uçulur - REPORTAJ
13:04 24 Noyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir neçə qəzalı vəziyyətdə olan orta məktəb binası var. Bunlardan biri də Xətai rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdir.
 
APA TV-nin məlumatına görə, 171 saylı orta məktəb 1979-cu ildə tikilib istifadəyə verilib. Məktəb binası 2008-ci ildə, akt, idman zalı və kitabxana olan korpus isə 2014-cü ildə əsaslı təmir olunub.
 
Məktəbə baş çəkib təhsil ocağındakı hazırkı vəziyyətlə maraqlandıq. Gəlişimiz dərs saatlarına təsadüf etdiyindən, bir neçə sinifdə çəkiliş apardıq.
 
Məktəbin əsas binasında diqqətimizi səliqə-sahman cəlb etdi, şagirdlərin dərsə davamiyyəti isə yüksək səviyyədə idi.
 
Təhsil ocağının qəzalı korpusları ilə bizi məktəbin direktoru Telman Qardaşov tanış etdi.
 
Gördüyümüz mənzərə doğrudan da acınacaqlı idi. Sinif otaqlarının tavanları uçuq, divarları ikiyə bölünmüş, pəncərə və qapıları isə demək olar ki, taybatay idi.
 
Məktəbin direktoru artıq iki korpuslu məktəbin qəzalı vəziyyətdə olan bir korpusundan şagirdlərin digərinə köçürüldüyünü dedi. Onun sözlərinə görə, məktəbdə dərslər növbəli sistemdə aparılır: "Məktəbin 8 bir mərtəbəli korpusları qəzalı vəziyyətdədir. Korpuslar artıq məktəbdən təcrid olunub. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən, qəzalı vəziyyət elan olunduğundan orda tədris prosesi tamamilə dayandırılıb. Bu barədə ötən tədris ilində müvafiq instansiyalara, o cümlədən Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib. Dövlət qurumları qarşısında bu məsələ qaldırılıb və məktəbin artıq yeni layihəsi hazırlanıb. Dəfələrlə Təhsil Nazirliyinin müvafiq şəxsləri bu təhsil ocağında olub, dövlət tərəfindən artıq vəsait ayrılıb. Yaxın bir həftə, yaxud on gün ərzində sözügedən korpusların bərpası istiqamətində işlərə başlanacaq. Hesab edirəm ki, yeni tədris ili üçün məktəb tamamilə yeni forma alacaq".
 
Telman Qardaşov qeyd edib ki, Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı orta məktəb paytaxtın ən böyük məktəblərindən biridir. Bu təhsil ocağında 1450 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Onların təlim-tərbiyəsi ilə 107 müəllim məşğul olur: "Hazırda şagirdlərin hamısı əsas korpusdadır. Məktəb ikinövbəli fəaliyyət göstərir. Bu da təhsilin keyfiyyətinə, həm də valideynlərin iş qrafikinə öz mənfi təsirini göstərir. Sevindirici haldır ki, müraciətimizə aidiyyəti qurumlar biganə yanaşmadı. Hazırda məktəbin başqa yerə köçürülməsi istiqamətində danışıqlar aparılır. Yaxın gələcəkdə məktəbin təmiri nəzərdə tutulub. Təmir olan yerdə şagirdlərin təhlükəsizliyi üçün onlar daha təhlükəsiz zonalara köçürüləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu istiqamətdə müvafiq işlər aparır".
 
Direktor əlavə edib ki, məktəbin 3 müəllimi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir, 2 məzunu isə məktəbi "qızıl medal"la bitirib və yüksək balla ali məktəbə qəbul olunub.
 
Təhsil nazirinin "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015-2016-cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəb pilot təhsil müəssisəsi kimi təsdiq edilib. Həmin əmrə müvafiq olaraq 2015-2016-cı tədris ilindən başlayaraq məktəbin 10-cu siniflərində texniki fənlər təmayüllü, riyaziyyat-iqtisadiyyat təmayüllü və humanitar təmayüllü pilot siniflər fəaliyyət göstərir.
 
Yeri gəlmişkən, məktəbin qəzalı halda olan  korpusları ilə bağlı məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də münasibətini öyrəndik. Bildirildi ki, Bakıda qəzalı vəziyyətdə olan bir neçə orta məktəb binası var: "Ən ciddi vəziyyət 171 saylı məktəbdə müşahidə olunur. 171 saylı orta məktəbdə təhlükəsizliyin təmin olunması məqsədilə qəzalı vəziyyətdə olan korpusda təhsil alan şagirdlər istiliklə tam təmin olunan əsas korpusa köçürülərək ikinci növbədə yerləşdirilib. Qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub. İdarə bununla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırıb".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR