"Maaşlarımızı nə vaxt verəcəklərini demirlər, qalmışıq çarəsiz..."

"Maaşlarımızı nə vaxt verəcəklərini demirlər, qalmışıq çarəsiz..."
13:05 24 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

"EVRASCON" ASC-nin bir neçə işçisi Milli.Az-a müraciət edərək maaşlarını ala bilməməkdən şikayət ediblər:

"Biz Salyanda yolun çəkilişi üçün "drobilka" işinə baxırıq. Şirkət 5-6 ay idi ki, maaşlarımızı vermirdi. İşçilər narazı idilər. Dünən-bu gün iyun və iyul aylarına olan maaşlarımızı verdilər. Amma 3 ayın maaşı hələ də qalıb, ala bilmirik. Bizə deyirlər ki, pul yoxdur, bizə pul köçürülmür, ona görə də maaşları verə bilmirik. Borclu qaldıqları maaşlarımızı da nə vaxt verəcəklərini demirlər, biz də qalmışıq çarəsiz... Amma maaşsız da olsa, indi də işimizə davam edirik. Əvvəllər şirkətin işçilərinin sayı təxminən 3000-4000 nəfər idi, maaşları verə bilmədiyindən artıq cəmi 1500-2000 işçi qalıb".

Bununla əlaqədar Milli.Az-ın sorğusunu cavablandıran "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, onlar podratçıya yalnız sifariş verirlər, pulun şirkətə ödəməsini isə layihəni maliyyələşdirən beynəlxalq qurum həyata keçirir:

"Podratçı şirkət bizim sifarişlərimizi yerinə yetirir. Məsələn, 100 km-lik bir layihə var və şirkət həmin layihənin 3 km-də torpaq işini görüb. Şirkət sonda onun sertifikatını təqdim edir ki, mən bu işi görmüşəm. "Azəravtoyol"un da nəzarətçiləri olur və görülən iş yoxlanılır. Əgər həqiqətən də iş görülübsə, bu barədə sənəd beynəlxalq maliyyə institutuna, yəni həmin layihəyə kredit ayıran banka göndərilir. Onlar da bunun müqabilində pul vəsaitini şirkətin hesabına köçürürlər. Bankların vəsaiti köçürməsində heç zaman gecikmə olmur. Ümumiyyətlə, bu işlərdə bank tərəfdən ödənişdə gecikmə ola biməz, vəsait həmişə şirkətin hesabına vaxtında köçürülür".

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az qarşı tərəfin mövqeyini də öyrənməyə çalışıb. Lakin bir neçə dəfə "EVRASCON" ASC ilə əlaqə yaratmağa çalışsaq da, şirkətin Bakıdakı ofisinin rəsmi telefonlarından heç birinə cavab verən olmayıb.

Qeyd edək ki, Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşıb. ASC-nin rəsmi saytında verilən məlumata görə, şirkətin personalı 3000 nəfərdən artıqdır.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR