Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi: sənədlərin tədqiqi elan olunub

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi: sənədlərin tədqiqi elan olunub

Date: 24 November 2016 13:22

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin sənədlərinin tədqiqi elan olunub.
Hakim bildirib ki, cinayət işinin 7-ci cildindəki sənədlərdə hadisə zamanı vəfat edən şəxslərlə bağlı ekspertiza rəyləri yer alıb.
Daha sonra təqsirləndirilən M.Mahmudovun vəkilləri İlhamə Həsənova və Şahmar Məmmədov həkimlərin verdikləri ekspertiza rəylərinə etiraz ediblər. Onların sözlərinə görə, həkimlərin ekpertiza rəyləri mötəbər sübut kimi hesab edilə bilməz.
Hakim Ə.Hacıyev qeyd edib ki, həmin həkim iki saat ərzində meytə baxıb, ekspert rəyi verib, başqa heç nə araşdırmayıb: "Əgər zərurət yanarsa, həkim məhkəməyə çağırılar. O, məhkəməyə gəlsin, sonra suallar verilər. Hadisə yerindən çəkilən şəkillər cinayət işinə əlavə olunub".
Dövlət ittihamçısı Fərid Nağıyev vəkillərin işin texniki tərəflərini bilmədiklərini söyləyib.
İ.Həsənova isə prokurorun fərziyyələrlə danışdığını deyib.
M.Mahmudov çıxışında vurğulayıb ki, "nə olar insanlara göstərək ki, haqq və ədalət var". O, hakimlərə təşəkkür edib: "Hakim mənim istintaqa verdiyim ifadəni əzbərdən danışdı. Belə olduğunu bilməzdim və hakimin diqqətinə görə minnətdaram. Vaxtı ilə "Timur və onun komandası" var idi. Məni də onun gününə oxşatmaq istəyirlər. Axı Miryusif sizə nə edib? Nə deyirəm, şəxsi olduğunu deyirsiz. Amma şəxsi olan ancaq biznesdir".
Hakim bildirib ki, iş matreallarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş prokurorun müavini Rüstəm Usubova ünvanladığı məktubu var. Məktubda qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qrumları “Global Construction” MMC ilə müqavilə bağlamayıb.
Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.


Tags:  Binəqədidə yanan binaya tutulan şəxslərin məhkəməsi sənədlərin tədqiqi elan olunub

RƏYLƏR


Top news