Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təranə Qumral: "Qaynanam məni görmək istəmir, ona yalvarmalıyam?!" - FOTO

Təranə Qumral: "Qaynanam məni görmək istəmir, ona yalvarmalıyam?!" - FOTO

Date: 24 November 2016 13:42

Müğənni Təranə Qumralın "qafqazinfo"ya müsahibəsi:

- Şou-biznesdə bir qədər sükut var, sənətçilərin əksəriyyəti yaradıcılıqlarına ara veriblər. Sizdə vəziyyət necədir?

- Şou-biznes susub? Biz susmuruq, susmaq fikrimiz də yoxdur, iş görürük. Gözəl mahnılar yazdırmışıq. İki mahnımız hazırdır, sosial şəbəkədə yerləşdirmişik. Bir mahnının sözlərini mən, musiqisini isə Musa yazıb. Mahnı "Nə yaxşı ki, biz evləndik" adlanır. Digər mahnının musiqisi isə Fərid Kərimiyə məxsusdur, adı "Sənlə sevdim həyatı"dır. Yaradıcılığımıza davam edirik.

Köhnə mahnılarla efirə çıxmaq istəmirik. Mahnı da geyim kimidir. Bir neçə dəfə geyinmək olmur. Tamaşaçılarımız artıq mahnılarımızdan doyub, yeni musiqilər istəyirlər.
 

- Dediz ki, "Nə yaxşı ki, evləndik" mahnısının sözlərini siz yazmısız. İdeya necə yarandı?

- Şeirləri adətən axşamlar yazıram. Bizim kiçik qızımız var, o yatandan sonra evdə sakitlik olur. Allah hər kəsin balalarını saxlasın. Evdə Musa müəllim ya futbola baxır, ya da gitara çalır. Mən isə aradan çıxıram, şeir yazmağa başlayıram. Tez-tez yazan deyiləm, son zamanlar daha çox həvəs yaranıb. Mahnının sözlərində deyilir ki, "Üzərlik yandırın, göz dəyəcək bizə". Əslində həyatda bizim adımızı "Tviks" qoyublar. Hər zaman bir aradayıq.

Qonşularımız deyir ki, siz bir-birinizdən bezmədiz? Nə qədər bir arada olmaq olar? Bu gün də müsahibəyə bir gəlmişik. Paxıl insanlar çoxdur. Bizi ayırmaq istəyənlər var, ancaq məqsədlərinin nə olduğunu bilmirəm. Onların arzularını ürəklərində qoydum. Ailənin dağılmağına imkan vermədim. Çox vaxt deyirlər ki, ailədə kişilər günahkar olur. Kişilər dəlisov olurlar, oddurlar. Biz suyuq, söndürməyi bacarırıq. Bizi Allah ayırmasın, Allah ayırsa, bəndə nə çarədir?

-Göz-nəzərə çox inanırsız?

- Dəhşət çox inanıram. Ailəmiz, həyatımız haqqında çox danışdıq, gözə gəldik. Bu şeyləri çox danışmaq olmaz. Gözə çox inanıram, buraya gələndə də evdə üzərlik yandırdım.

-Siz indiyə kimi heç vaxt klip çəkdirməmisiz... Klipsiz populyar olmaq çətin olmadı?

- Xalqın sevgisi bizi məşhur etdi. Xalq bir insanı sevərsə, onu heç kəs endirə bilməz. Biz xalqımıza borcluyuq. Ev şənliklərində, toyda daha çox məşhurlaşırsan. "Sevgi dolu dünyamızı neylədin" mahnısı ilə tanındıq, sevildik. Xalq biz dəyər verdi, ayağa qaldırdı.

Müsahibəyə müğənninin həyat yoldaşı Musa Musayev müdaxilə edir:

- Bir şey də mən əlavə edim. Xalqımızın zövqünə uyğun mahnılar yazdırmaq lazımdır. Söhbət ondan gedir ki, zamanın tələbatını ödəmək, dinləyicinin zövqünü oxşamaq lazımdır. Həm də bu arenada naxış qoymaq lazımdır. Təranə Vəlizadə ilə Eyvaz Həsənov cütlüyü var idi, ər-arvad kimi onlar duet oxuyurdular. Allah Eyvaza rəhmət eləsin. Onlardan başqa cütlük duet şəklində tanınmır.

Təranə Qumral söhbətə davam edir:

- Həm geyimlərimiz, həm də səhnə mədənyyətimiz ilə yadda qalmışıq. Deyərdim ki, səhnə mədəniyyəti çox vacibdir. Müğənnilər var ki, mahnı səslənməmiş oynamağa başlayır. Mahnıya uyğun hərəkət etmək lazımdır.

- Musa Musayev və Təranə Qumral cütlüyü necə tanış olub?

- Bizim sevgimiz var-dövlət üzərində qurulmayıb. İndi belə xanımlar çox azdır. Kişilərə maşınına, evinə, geyiminə görə qiymət verirlər. Musa müəllimlə ailə həyatı quranda onun bir kostyumu var idi. Gecə-gündüz onu geyinirdi. Mən Musanın dəli xarakterini sevmişəm. O vurub-dağıdan biridir. Xanımlar bu cür kişiləri sevmirlər. Biri bir söz deməsin, onu axtaracaq, vuracaq və s.

Musada əsl kişi xarakterləri var. Düzdür, söyüş söyən biridir. Dəli insandır, əsəbləşir, söyüş söyür. Sükan arxasında belə sürücülər əsəbləşdirəndə onları söyür. Söyüş onun canında var, anası belə doğub. Onu mən tərbiyə etməmişəm ki... Bizim ailədə nə uşaqlarım, nə də mən söyüşcül deyilik. Ancaq Musanın ürəyi sevgi doludur.

- Həyat yoldaşınızın əsəbi olduğunu deyirsiz. Əsəbləşəndə necə sakitləşdirirsiz?

- Onu məndən başqa heç kim sakitləşdirə bilmir. Musa bəzən küskün olur. Küsəndə telefonlara cavab vermir, heç kimin üzünə baxmır. Mən demirəm ki, biz dalaşmırıq. Ən çox elə biz mübahisə edirik, sözümüz çəp gəlib küsürük. Ən çox dalaşan cütlük bəlkə də, bizik. Onun telefonuna zəng gəlir, cavab vermir. Onun telefon nömrəsini çox insan bilmir.

Ən yaxınları zəng edə bilər. Qəribə xasiyyəti var. Gözəl ata və ərdir. Bütün gözəlliklər onda cəmləşib. Heç kəsin xətrinə dəyməz, kövrək insandır. Əsas odur ki, qız-gəlinə pis baxmır. Musa mənə çox bağlıdır, digər qadınlar onun üçün maraqsızdır. Məndən başqa heç kimi görmür. Ova gedir, deyir ki, mənimlə gedək. Uşaq anasına necə bağlıdırsa, o da mənə elə bağlıdır. Ölməyimdən çox qorxur.

- Bəlkə də, Musa bəyin anasıyla münasibətləri o qədərdə yaxşı olmadığı üçün sizə bu qədər bağlanıb.

- Yox, səhviniz var. Musa kimi anasını sevən yoxdur. Hər bir insanın səhvləri və düzləri olur. Hər birimiz küsəndə anamızdan inciyirik, nəsə umuruq. Ana ürəyin giziltisidir. Anadan nəsə görəndə sınırıq, küsürük, əzilirik. Deyirik ki, kaş anam arxamda olardı. Bir kəlmə Musanın anasına söz desən dünyanı dağıdar. Hisrlənəndə çox şey deyə bilər. Mənə də hərdən deyir ki, səni istəmirəm.

Kənardan hamımız haqqımızda çox şey deyirlər. Heç kim içimizdə nələr yaşadığımızı görmür. Qıraqdan qınamağa nə var ki? Mənə deyirlər ki, niyə Musadan boşanmadın? Niyə ayrılım? Biz bu sənətdə, ailədə bir addımlamışıq. Mən heç kəsi yarı yolda qoya bilmərəm. Xarakterim budur, yarımçıq qalmaq istəmərəm.

-Özünüzü güclü qadın hesab edirsiz? Bu qədər söz-söhbətlərə dözmək asan deyil...

- Kənardakı insanlar mən yıxmaq istəyəndə daha çox güclənirəm. Məndən nəsə yazırlar, yazdıqlarını oxuyub özümdə güc toplayıram. Hər yerdə mənim haqqımda pis rəy yazanlar ola bilər. Düşünürəm ki, haqqımda yazanlar üçün daha çox qiymətliyəm. Məni qiymətli bilməsə elə şeylər yazmaz. Pis şərh yazmaqla məni sındırmaq istəyirlər, ancaq alınmır. Mənə dəyər verdikləri üçün gözləri götürmür. Çox səbrli qadınam. 1000-2000 min insanın səbri məndədir.

Böyük qızım çox hövsələsizdir. Mənə deyir ki, çox səbrli qadınsan. Hərdən onunla mağaza düşürəm. Musa 5-6 dəfə zəng vurur, qızım əsəb keçirir. Deyir ki, niyə tez-tez zəng edir, bilir ki, mağazadayıq. Mən də sakit bir şəkildə cavab verirəm. O da söyləyir ki, çox dözümlü qadınsan. Biri var tərbiyəli əsəbi, biri də var tərbiyəsiz əsəbi... Məni mağazada Musa vursa, ona heç nə demərəm. Əlbəttə, qürurum və əsəblərim var. Ancaq ona heç vaxt cəmiyyət arasında söz demərəm.

- Həyat yoldaşınız sizə əl qaldırıb?

- Yox, əsəbidir və dəlisovdur. Dalaşdığımız günlər çox olub. Ancaq məni döyməyib. İnanın, vursa, tam səmimiyyətimlə deyərəm. Məni heç kim təzyiq altına sala bilməz. Elə bir qadınam ki, ailəmdə, geyimimdə səhv buraxmıram. İnsanlar məndən məsələhət alır. Səhv etmişsəmsə, üzr istəməyi bacarıram. Kiməsə sözüm varsa, üzə deyirəm.

- Sonuncu dəfə adınızın hallandığı qalmaqallarda susdunuz, bunu necə bacarırsız?

-Qarşımdakını susaraq öldürürəm. Həmin şəxsin sözünü içində qoyuram. Sözü mənə atır ki, bəlkə, özümdən çıxam. Görür ki, mən ona əhəmiyyət vermirəm. Əhəmiyyət verməyəndə həmin şəxs cılızlaşır, əriyir, yox olur. Elə olub ki, Musa mənə bir söz deyib, xətrimə dəyib.

Mən ona heç nə deməmişəm, susmuşam. Bundan əlavə Musagilin ailəsi, anası mənə çox söz atıb. Bizə müdaxilə ediblər. Mən isə demişəm ki, səsini kəs, o sənin anandır, mən isə yad qızıyam. Mən belə şeyləri də bacarıram.

- Siz küsəndə Musa bəy barışmaq üçün nələr edir?

- Qucaqlayır, öpür. Deyir ki, hara gedək? Bəlkə, bilet alıb başqa ölkəyə gedək? Görür ki, yox, alınmır. Özüm özümü sakitləşdirməliyəm. Başqa heç kəs məni sakitləşdirə bilməz.

- Hökmlü bir qadına bənzəyirsiz...

- Lazım olan yerdə hökmüm keçir. Heç vaxt qızımın tərəfini saxlamıram. Kürəkənimə dəstək oluram. Evdə nəsə problem olanda deyirəm, sən səhv edirsən, o kişidir, sus. Susdurmağı bacarıram, hökmlü deyiləm.

- Ətrafınızda paxıl insanlar çoxdur?

- Allah mənə elə bir hiss verib ki... Məndə böyük bir qüvvə var. Allah mənə paxıllıq edən, pis niyyətli olan şəxsləri ətrafımdan tez uzaqlaşdırır. Əslində hər birimiz insanıq, insanlarla yumşaq rəftar etmək, inanmaq istəyirsən. Ancaq məni yad adamlar aldada bilməz. Öz sevdiklərimə aldana bilərəm. Onları sevirəm, bağlanıram. Hər yalanlarını düzgün kimi qəbul edə bilərəm.

Mənə söz atanları yerində otuzdururam. Elə bir tut yoxdur ki, onun arxasında çöp olmasın. Hamının keçmişi var. Qurdalasan, hamının səhvi ortaya çıxar. Dünyayda tək səhvsiz Allahdır. Hər kəsin ailəsində problemi var. Heç kimin həyatı bağlı boğça deyil. Hamı bir-birinin nəsil-kökünü yaxşı bilir. Azərbaycan balaca ölkədir. Yəni ki, heç kim səhvsiz deyil.

- Kiçik qızınız eyni zamanda aktrisa olmaq istəyir.

- Qızımızın 9 yaşı var, gözəl piano ifa edir. Gəşəng oxuyur, gimnastikaya gedir, muğamdan dərs alır. Qızım fitri istedaddır. Yaxşı film olsa, istəyirəm ki, orada çəkilsin. Elməddinin seriallarına baxır, deyir ki, mən niyə çəkilmirəm? Bəlkə, gələcəkdə alındı. Bizim istedadlı uşağımız var, çəkmək lazımdır.

- Musa bəy, Təranə xanım mətbəxdə necədir?

Musa Musayev: Təranə xanım kimi ana dünyada yoxdur. Övladlarına qarşı çox yaxşıdır. Ərə verdiyimiz qızların qayğılarına qalır. Hər gün hal-əhval tutur, problemlərini həll etməyə çalışır. Bir ana kimi qayğıkeşdir. Onun çox gözəl əl qabiliyyəti var. Bir gün bizə qonaq gəlin, onun yeməkləri ilə siz özünüz tanış olacaqsız, bəyənəcəksiz.

Təranə Qumral: Şərt o deyil ki, dadlı yemək bişirəsən. Əsas odur ki, kişinin qarnını doyurasan. Mətbəxtdə 10 cür xörək ola bilər, amma qadın kişinin qarnını doyuzdura bilməz. Mən yeməyi gülər üzlə təqdim edirəm. Əsas o deyil ki, stolun üstündə hər şey olsun. Az olan yeməkləri də bəh-bəhlə yeyəsən.

Mən yeməklərə sevgi qatıram. Əsas odur ki, diqqətcil qadınam. Onların dağılmağına icazə vermirəm. Hamı bir-birinə hörmət qoyur, əlaqə saxlayır. Kürəkənlərdən Musa və mənə böyük hörmət var. Birinci qızım 10 ildir ki, evlidir. Hələ də kürəkənim mənə "xanım", Musaya "bəy" deyə müraciət edir. Heç bir şeyi açıb-ağartmırıq. Dəyərləri qorumaq lazımdır.

- Bəs ikinci kürəkən?

- Kiçik kürəkən üçün hələ tezdir, 3 il onun üçün azdır, təcrübə yığmalıdır. Biri deyir ki, qızımı gözəl yerə ərə vermirşəm, 6 aydır ki, evlidir. Mən cavab verirəm ki, heç vaxt gözəl deyə bilməz. O zaman gözəl olur ki, 10 il oturuşmuş bir ailə olsun. Mən ürəklə deyirəm ki, qızım gözəl yerə gedib. 10 il sınanmış bir ailədə yaşayır. Ac-sussuz qalıblar, əziyyət çəkiblər, amma bir addım atıblar.

- Siz qızlarınızın ailəsinə maddi köməklik edirsiz?

-Onların problemlərindən xəbərsiz olmuşam. İndiki cavan oğlanlarımız 500 manatdan artıq maaş almırlar. İkinci qızımın yoldaşı müəllimdir. İnanırsan, uşaq bezi almağa pulları olmayıb, ancaq mənə deməyiblər. Daha sonra məlumatım olur, çox pis olmuşam. İndiki dövrdə hər qızın işi deyil ki, qaynana-qaynata ilə qalsın. İkisini də qaynatalı, qaynanalı evə ərə vermişəm.

- Seçimi özləri ediblər?

-Bəli, yoldaşlarını özləri seçib. Biz isə maraqlanmışıq, araşdırmışıq. Onların özləri sevib. Mən qızlarımı istədiyim adama ərə versəydim, belə hünərlə danışa bilməzdim. Biz də valideyn kimi əlimizdən gələni edirik. Onları çətinliyə öyrətmişəm. Anayam, bir əlim üstlərindədir.

Nə çatmırsa, müəyyən qədər köməklik edirəm. Uşaqlarımızı yüksək səviyyədə saxlamışıq. Yeməmişik yedizdirmişik, geyinməmişik, geyindirmişik. Onlar gözəl yaşayıblar, ailə qurandan sonra əziyyət görüblər. Demişəm ki, belə də ola bilər. Mən başqaları kimi deməmişəm ki, əziyyət görən kimi evimizə gəl.

- Sizin qaynananızla aranız necədir?

- Çox pis... Durub yalandan danışmaq istəmirəm. O məni görmək istəmir. Görmür, görmək də istəməsin. Mən ona yalvarmalıyam? Məni istəyəni istəyirəm. Özüm qaynanayam, mənə indən belə qaynana lazımdır? Özüm 5-6 ailəyə baxaram. Cavan gəlin deyiləm ki, qaynana arzulayım? Ya da ki, oğlunu məndən ayırar deyə ona yaltaqlanmalıyam? Qaynanam oğlunun yanına gəlsə, başımın üstündə yeri var. 100 faiz ona qulluq edərəm. Səmimi deyirəm, Musa mənim üçün əzizdir. Ona əziz olan insanlar da mənə əzizdir. Allah heç kəsə göstərməsin, yaşlanıb, yeriməkdə çətinlik çəkə bilər. Gəlib bizdə qalmaq istəyər, buyursun. Mən kin saxlamaram, Musanın anasıdır.

- Qızlarınızdan hansı daha çox sizə bənzəyir?

- Kiçik qızımı özümə oxşadıram. İnanıram ki, yolumuzu o davam edəcək. Aktiv biridir, xarakteri mənə oxşayır.

Milli.Az







Tags:  Təranə Qumral Qaynanam məni görmək istəmir ona yalvarmalıyam FOTO

RƏYLƏR


Top news