Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə sənədlərin tədqiqi başlayıb

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə sənədlərin tədqiqi başlayıb

Date: 24 November 2016 13:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosesdə cinayət işinin sənədlərinin tədqiqinə başlanılıb.

Hakim bildirib ki, cinayət işinin 7-ci cildindəki sənədlərdə hadisə zamanı vəfat edən şəxslərlə bağlı ekspertiza rəyləri var. Sonra təqsirləndirilən M.Mahmudovun vəkilləri İlhamə Həsənova və Şahmar Məmmədov ekspertiza rəylərinə etiraz edərək bildiriblər ki, həkimlərin ekpertiza rəyləri sübut hesab edilə bilməz. Hakim Ə.Hacıyev isə qeyd edib ki, zərurət yanarsa, həkim məhkəməyə çağırıla bilər. Dövlət ittihamçısı Fərid Nağıyev vəkillərin işin texniki tərəflərini bilmədiklərini deyib.

Hakim bildirib ki, iş materiallarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş prokurorun müavini Rüstəm Usubova ünvanladığı məktubu var. Məktubda qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları "Global Construction" MMC ilə müqavilə bağlamayıb. Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Milli.Az


Tags:  Binəqədidə yanan bina bağlı məhkəmədə sənədlərin tədqiqi başlayıb

RƏYLƏR


Top news