Deputatlar hər ay maaşın yarıdan çoxunu bağışladıqlarını deyirlər - KİMƏ?

Deputatlar hər ay maaşın yarıdan çoxunu bağışladıqlarını deyirlər - KİMƏ?
13:58 24 Noyabr 2016
623 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər millət vəkilləri - Vahid Əhmədov, Aqil Abbas, Fazil Mustafa və digər bir qrup deputat aldıqları maaşdan şikayətlənməklə gündəmə gəliblər. Sözügedən deputatlar mətbuata açıqlamalarında maaşlarının azlığından narazı qaldıqlarını bildiriblər.

Bəzi vətəndaşlar isə deputatların narazılığına belə bir arqumentlə haqq qazandırıblar:

“İnsanlar çıxılmaz vəziyyətə düşən kimi deputatın üstünə qaçırlar. Ondan maddi köməklik gözləyirlər. Hətta xəstəliklə bağlı reseptdəki dərmanları almaq üçün də millət vəkilinə üz tutanlar var”. Və s.

Bu məsələ ilə bağlı digər deputatların da fikri maraqlıdır.

Millət vəkili Nizami Cəfərov Publika.az-a deyib ki, aldığı maaş onu qane edir:

“Əslində rəsmi olaraq, deputatların seçicilərə xərci çıxmamalıdır. Ancaq biz deputatlar seçicilərə və digər kimsəsiz insanlara hər zaman kömək edirik. Şəxsən mən maaşımın yarıdan çoxunu müraciət edən insanlara sərf edirəm. Misal üçün, təkcə seçicilərim deyil, ayrı-ayrı insanlar mənə müraciət edib köməklik etməyimi istəyirlər. Mən də onları əliboş yola salmıram, imkanım çatan köməyi edirəm. Az və çox olmasından asılı olmayaraq, bunu bütün deputatlar edir. Hətta, elə millət vəkilləri var ki, onlar başqa sahələrdə də çalışdığı üçün insanlara daha çox köməklik edir. Aldıqları maaşlarından bir neçə dəfə artıq kömək edən deputatlarımız var. Əslində normal insan da kimsəsiz və ehtiyacı olan insanlara kömək etməlidir”.

N.Cəfərov qeyd edib ki, deputatın nə qədər maaş alması insanlar üçün maraqlıdır:

“Millət vəkilliyi elədir ki, hər kəs deputatın maaşı ilə maraqlanır. Hətta, bəziləri deyir ki, millət vəkilləri niyə maaş alır, buna nə ehtiyac var və sairə. Bəziləri isə deyir ki, millət vəkillərinə verilən maaş azdır. Mən hesab edirəm ki, millət vəkilləri ümumi normalara uyğun maaş almalıdır. Yəni, nə çox, nə də az olmalı deyil. Millət vəkillərinin maaşları dövlət büdcəsinin imkanlarına uyğun olmalıdır. Bu isə Azərbaycanda tənzimlənir. Bu gün Milli Məclisin deputatlarına normal maaş verilir. Bu maaş nə az, nə də çox deyil. Mən uzun müddətdir seçilən millət vəkillərindən biriyəm. Vaxt olub ki, millət vəkillərinin maaşı çox az olub. Simvolik maaş verilirdi. Ancaq bu gün hər şey normalıdır. Milli Məclisin deputatlarına dünyada olan vəziyyət nəzərə alınaraq, normal maaş verilir. Mən təqribən 1750 manata yaxın maaş alıram. Bu maaş mənim normal həyat üçün ehtiyaclarımı ödəyir”.

Digər millət vəkili Elman Məmmədov isə bildirdi ki, keçmiş SSRİ ölkələri arasında ən az maaş alan deputatlar Azərbaycan Milli Məclisinin üzvləridir:

“Ancaq biz Azərbaycanın bütün təbəqəsindən olan insanların aldığı əməkhaqqını və dolanışıq səviyyəsini nəzərə almalıyıq. Bu gün Azərbaycanda işləyən müəllimlərin, həkimlərin aldığı əməkhaqqı ilə müqayisə aparmalıyıq. İnsan təkcə özünü düşünüb cəmiyyətdən təcrid oluna bilməz. Bu gün Azərbaycan reallığını nəzərə alanda Milli Məclisin deputatlarına verilən maaş kifayət qədər yüksəkdir. Bundan narazılıq etmək haqsızlıq, ədalətsizlik olar. Çünki aldığımız 1750 manata yaxın maaş dolanışıq üçün kifayət qədər normalıdır. Eyni zamanda, mən məcburi köçkünləri təmsil edən, köçkün həyatı yaşamış insanam. Elə təbəqədənəm ki, bu maaşla normal yaşamağı alışmışam. Dövlətimiz və prezidentimiz çox sağ olsun, bizə kifayət qədər yüksək maaş verilir. Özümüzü kənara qoyub, bir az də çörəkpuluna möhtac olan insanları düşünək. Görün nə qədər ali təhsilli insanlarımız var ki, 150-200 manat maaşla dolanır. Bütün bunların yanında biz deputatlar nə haqla narazılıq edə bilərik?”

E.Məmmədov aldığı maaşın bir hissəsini ehtiyacı olan kimsəsiz insanlara və seçicilərə bağışladığını söyləyib:

“Mən çoxuşaqlı ailəyəm, 7 övladım var, 17 nəvəm var. Nəvələrimin 8-si hazırda müxtəlif universitetlərdə təhsil alır. Bu baxımdan da xərclərim çox olur. Ancaq imkanım çatan qədər ehtiyacı olan insanlara da kömək edirəm. Mənimlə görüşən kimsəsiz və müalicəyə ehtiyacı olan çoxlu insanlar olur. Çalışıram ki, onlara əlimdən gələn yardımı edim. Təbii ki, biz eyni cəmiyyətdə yaşayırıq və bütün bunlar mütləq nəzərə alınmalıdır”.

YAP-çı deputat vurğulayıb ki, Milli Məclis sırf qanunverici orqandır:

“Haradasa gedib qaz, yol, işıq çəkmək deputatın işi və səlahiyyəti deyil. Ancaq səlahiyyət sahibi və imkanı olan deputatlar var ki, onlar maliyyə və nüfuzları hesabına müəyyən işləri görə bilirlər. Misal üçün, mən seçicilərimin müraciəti əsasında 2 yerə kanalizasiya və su xətlərinin çəkilməsi üçün bu ilin yayında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovdan xahiş etdim. Çox sağ olsun Qorxmaz müəllim ki, problem operativ qaydada, 15 gün ərzində həllini tapdı. Seçicilərim də buna görə mənə və Qorxmaz müəllimə təşəkkür etdilər. Bu cür xahişlərlə öz səlahiyyətlərimiz daxilində müvafiq orqanlara müraciət edirik. Bəzən müraciətlərimiz cavabsız da qalır, ancaq xeyli vaxtdan sonra onun həllinə nail ola bilirik”.

E.Məmmədov qeyd edib ki, əhalinin problemlərinin həlli istiqamətində bəzən bələdiyyələrin görəcəyi işləri məcbur qalıb deputat özü həll etməyə çalışır:

“Bizdə bələdiyyələr yeni yaradılan institut olduğu üçün hələ tam formalaşmayıblar. Ona görə də bələdiyyələr bu gün müstəqil qurum kimi deyil, yeri icra başçılarının əl buyruqçuları qismində tanınırlar. Ancaq digər ölkələrdə, o cümlədən qardaş Türkiyədə bələdiyyələr müstəqil qurum kimi fəaliyyət göstərir və kifayət qədər nüfuza malikdir. Biz də o sistemə tam keçəndən sonra, bu cür qayğılar azalacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR