Mərhum jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib

Mərhum jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib
15:47 24 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə mərhum jurnalist, ictimai siyasi xadim Tofiq Rüstəmovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə ziyalılar, elm adamları və Mətbuat Şurasının üzvləri iştirak ediblər.
AMŞ sədri Əflatun Amaşov Tofiq Rüstəmovun həyat və fəaliyyəti barədə məlumat verib: "T.Rüstəmov milli jurnalistikada yeri, mövqeyi, sanballı rolu çoxdan müəyyənləşib. Mətbuat tariximizin gözəl bilicisi və tədqiqatçısı, mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi mərhum Rüstəmovun ömür yolunun silinməz və danılmaz izləridir”. 
Onun sözlərinə görə, T.Rüstəmov hadisə və proseslərə şəxsi yanaşması və prinsipiallığı ilə seçilirdi: "Ad-sanına baxmayaraq, təkəbbürdən uzaq sadə insan idi. Öz fəaliyyəti ilə bütöv jurnalist nəslinin formalaşmasını təmin etdi, onun simasını, sanki gələcəkdə necə davranmalı olduğunu müəyyənləşdirdi. Bütün bunlar Tofiq müəllimin daim yaddaşlarda qalacağını təmin edən mühüm keyfiyyətlərdir".
BDU-nun jurnalistika fakültəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli isə qeyd edib ki, T.Rüstəmovun ömrünün məhsuldar çağları məhz BDU-da keçib: "Mən də onunla jurnalistika fakültəsində təxminən eyni vaxtda işə başlamışam. Onun işi, xarakteri, müdrikliyi, tələbələrinə doğma münasibəti yaxşı yadımdadır. O adamla ki, illərlə bir yerdə çalışırsan, xarakterinə, xeyirxahlığına, insanlığına öyrəşirsən, həmin insanların yoxluğu hər kəsin içində boşluq yaradır. Tofiq müəllim də belə insanlardan idi".
Tədbirdə digər iştirakçılar da öz xatirələrini bölüşüblər.
Qeyd edək ki, T.Rüstəmov 1936-cı ildə Qubada anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1998-ci il yanvarın 20-də 61 yaşında vəfat edib.



Xəbərin orijinal ünvanı: https://report.az/media/merhum-jurnalist-tofiq-rustemovun-80-illik-yubileyi-munasibetile-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR