Dünyaya meydan oxuyan SAĞLAR: Güclənmə səbəbləri və cavab təmayülləri - ŞƏRHLƏR

Dünyaya meydan oxuyan SAĞLAR: Güclənmə səbəbləri və cavab təmayülləri - ŞƏRHLƏR
17:28 24 Noyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da respublikaçı Donald Trampın prezident seçkisində qələbə qazanması dünya siyasi dairələrində hərəkətliliyə gətirib çıxarıb. Bir sıra analitiklər hesab edirlər ki, Trampın qələbəsi son illər Qərbin siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir. Bir sözlə, Avropada anti-qlobalist, anti-müsəlman, anti-miqrant mövqeyində olan siyasətçilərin reytinqləri yüksəlir və yaxın illərdə hakimiyyətə gəlmə ehtimalları olduqca yüksək qiymətləndirilir. Avropa bununla daha çox ultramillətçi və radikal müstəviyə keçid edir.

Bir müddət əvvəl “The Independent” nəşri Avropa ölkələrində 2017-ci ildə seçkilərlə hakimiyyətə gələcəyinə ümid edən “radikal sağçılar və sentristlər”in siyahısını, daha doğrusu 7 “sağçı”nın adını təqdim edib.

Bunlar Norbert Hofer (Avstriya Azadlıq Partiyasının lideri), Marine Le Pen (Fransanın “Milli Cəbhə” Partiyasının lideri), Qert Vilders (Hollandiya Azadlıq Partiyasının lideri), Frauke Petri (“Almaniya üçün alternativlər” partiyasının sədri), Yimmi Okesson (“İsveç demokratları” partiyasının sədri), Andrey Babiç (“Çex Tramp” adlandırılan Çexiyanın maliyyə naziri) və Beppe Qrillodur (İtaliyada 2009-cu ildə populist “Beş ulduz hərəkatı”nın əsasını qoyan televiziya komediyaçısı). Bu şəxslərin verdiyi bəyanatlar və qarşıya qoyduqları məqsədlər də kifayət qədər təhlükəli hesab edilir. Məsələn, Norbert Hofer Avropada qaçqın böhranına məntiqli reaksiya kimi vətəndaşlara odlu silah almağı məsləhət görüb. Qert Vilders Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabını Qurani-Kərimlə müqayisə edib. Hazırda onu Mərakeş mənşəli hollandiyalılara qarşı nifrət alışdırmaqda ittiham edirlər. Frauke Petri multikulturalizmi “kompost çuxur”la müqayisə edib və bildirib ki, sərhədçilər zəruri olduqda miqrantlara qarşı odlu silahı tətbiq etməlidir.

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanmasının Avropada sağçılar tərəfindən sevinclə qarşılanması da bu baxımdan təsadüf sayılmır. Trampın müsəlmanlara və Latın Amerikasından olan miqrantlara da münasibəti sirr deyil. Trampın seçkiqabağı platformasında "Meksika ilə sərhəddə divar çəkmək", "öncə Amerikanın maraqlarına baxmaq", "qeyri-leqal miqrantları ölkədən qovmaq" və s. kimi ifadələr geniş yer alırdı. Təsadüfi deyil ki, Trampı Avropada ilk təbrik edən siyasətçilər Marine Le Pen və Norbert Hofer olub.

Avropada sağçılığın inkişafını şərtləndirən amillər hansılardır, sözügedən prosesə cavab olaraq Rusiya, Türkiyə, Yaxın Şərq, bütövlükdə müsəlman ölkələrində hansı cavab təmayülləri yarana bilər?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “sağçılar” ifadələrinin ilk dəfə Paris Kommunası dövründə yarandığını deyib. Onun sözlərinə görə, sağçılar kral, hakim sinif və elitanın qalmasını, biznesin cəmiyyətdə insanların mövqeyinə görə bir göstərici olmasını istəyirdilər. Partiya sədri qeyd edir ki, hazırda faktiki olaraq “solçuluq” və “sağçılıq” məsələsi kapitala münasibətlərə bağlıdır: “İndiki halda ABŞ-da bir iş adamının prezident olması təbii ki, sağçıların ideologiyasına uyğundur. Əksinə, bütün solçular Trampın seçilməsindən narahat oldu”.

Avropa ölkələrində 2017-ci ildə seçkilərlə hakimiyyətə gələcəyi gözlənilən “radikal sağçılar”ın siyahısına gəlincə, partiya sədri hesab edir ki, əslində Avropada hakimiyyətdə olanların əksəriyyəti sağçılardır, sadəcə olaraq hakimiyyətə sol ideologiyaları müdafiə etməklə gəlirlər. Sərdar Cəlaloğlu hesab edir ki, dünyada başlanan böhranla sağ təmayüllər güclənməlidir: “Böhranın yaranmasının bir səbəbi də ondan ibarətdir ki, daha çox sosial sahələrə pul ayrılır, biznes kənarda qalır. Böhrandan çıxmaq üçün klassik mənada desək kapitalizmi, biznesi inkişaf etdirmək lazmdır. Buna görə də indiki böhran sağ ideologiyanın daşıyıcıları olan insanların hakimiyyətə gəlməsini tələb edir. Solçuların hakimiyyətə gəlməsi isə indiki böhran şəraitində vəziyyəti daha da ağırlaşdıracaq”.

Müsahibimiz deyir ki, Avropada sağçılığın inkişaf etdirilməsinə qarşı Rusiya, Türkiyə, o cümlədən Yaxın Şərqin hansısa cavabını, əks təmayüllərin ortaya çıxmasını gözləmir: “Qlobal iqtisadi böhran bütün dünyada eyni ideologiyanın müdafiə olunmasını tələb edir. Rusiyanın özü də çoxdan sol ideologiyadan imtina edib. Sovet İttifaqının dağılmasından sonra Rusiya sağçılığa meyllənib. İstər Rusiya, istərsə də Türkiyədə sağçılıq inkişaf edəcək. Gərginlik və böhran içində olan ölkələr vəziyyətdən çıxmaq üçün sağçılığa meyllənirlər”.

Şərqşünas Zərdüşt Əlizadə bildirir ki, Avropada sağçılığın inkişaf etməsi liberal Avropa modelinin səmərəli və demokratiyanın hər şeyin əlacı olmadığını göstərir. Onun sözlərinə görə, Avropada güclənən sağlar, həmçinin sollar liberal modelin iflasının bariz nümunəsidir. Ekspert Donald Trampın qələbə qazanmasını da ümumi meylin göstəricisi hesab edir.

Avropada güclənən ifrat sağçılığa Rusiya və islam dünyasında, o cümlədən Türkiyə və Yaxın Şərqdə əks təmayüllərinin ortaya çıxmasına gəlincə, Z.Əlizadə hesab edir ki, bunun üçün potensial yoxdur. “Müsəlman dünyası tarixi prosesin subyekti deyil, obyektidir. Bu xalqları ayağa qaldıraraq dünya siyasətində təsirli amilə çevirə biləcək bir ideya da yoxdur”, - o, deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/177211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR