İndi sənin əsl simanı gördük...

İndi sənin əsl simanı gördük...
17:47 24 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniyanın 20-ci əsrin əvvəllərindəki ən qatı mühafizəkarlarından biri kimi tanınan lord Kitçener çox asta hərəkət edən, yöndəmsiz təsir bağışlayan ilk tankı görəndə gülərək demişdi: "Bu axmaq, sarsaq, dırıldayan dəmir yığını ilə hamilə pişikləri qorxutmaq olar, amma savaşda qalib gəlmək mümkün deyil".

Zavallı lord nə biləydi ki, 2-ci Dünya Müharibəsinin taleyini elə tank döyüşləri həll edəcək.

Avropa Parlamenti, AŞPA və ilaxır qurumların Azərbaycanı hədəfə alan qətnamələrini, bəyanatlarını, açıqlamalarını və s.-ni oxuyanda həmin lordu xatırlamamaq mümkün deyil.

Çünki sadəlövh Kitçener təki, sadaladığım qurumlar da olanları görür, amma anlamır və dərk etmək də istəmir.

Hikkə, ambisiya olsaydı, problem ciddi təsir bağışlamazdı.

Problem bu qurumların aşkar qərəzliliyi, "bizimlə olmayan bizə qarşıdır" təki təhlükəli və zərərli məntiqindədir.

"Azərbaycanda insan haqları pozulur", "Azərbaycanda siyasi məhbuslar var", "Azərbaycanda kütləvi informasiya vasitələri sürəkli təzyiq altındadır", "Azərbaycanda internet azadlığı dözülməz həddə çatıb" - bütün bu absurdlar Avropa Parlamentində, AŞPA-da səslənən və guya söz, vicdan sərbəstliyinin təminatının, media azadlığının keşiyində duran insanların ədalətli, dürüst, mətin və ləyaqətli mövqelərinin izharıdır.

İnanmıram.

Əsla və qətiyyən.

Çünki...

Avropa Parlamentinin sənədi: "Onları vurun!"

Avropa Parlamenti "Avropa İttifaqına düşmən təbliğatla mübarizə haqqında" qətnamə qəbul ediblər.

Sənəddə təhlükə qismində "Əl Qaida" və İŞİD təki terror təşkilatları ilə yanaşı, Rusiya da göstərilib.

Qətnamənin lehinə 304, əleyhinə 179 deputat səs verib, 208 avroparlamentar bitərəf qalıb.

Qətnamədə vurğulanır ki, Rusiyanın kütləvi informasiya vasitələri ilə apardığı təbliğat "hibrid savaşı"nın tərkib hissəsidir: "Rusiyanın məqsədi gerçəyi və reallıqları təhrif etmək, Avropa İttifaqı ölkələri arasında ixtilaflar və münaqişələr yaratmaq, Avropa İttifaqı ilə ABŞ və Kanada arasında strateji birliyi zəiflətmək, qərarların qəbul olunması prosesini iflic etdirmək, Avropa İttifaqının institutlarını və transatlantik tərəfdaşlığı gözdən salmaqdır".

Sənəddə daha sonra bildirilir ki, sən demə, Avropa İttifaqı ölkələrindəki siyasətçilərlə təmaslarından Moskva bir qayda olaraq təbliğat və Avropa İttifaqının ümumi mövqelərinin zəiflədilməsi üçün istifadə edir: "Avropa Parlamenti hesab edir ki, Rusiyanın hakimiyyət dairələri demokratik dəyərlərə hücumlar, Avropanın parçalanması, Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrlə Avropa İttifaqı dövlətləri arasında ixtilafların olması barədə rəy yaratmaq üçün bir çox vasitələrdən və alətlərdən istifadə edir".

Avropa Parlamenti hesab edir ki, Rusiya "Avropa Birliyinin konkret jurnalistlərinə, vətəndaşlarına və siyasətçilərə qarşı yönəlmiş dezinformasiya iilə təbliğata əhəmiyyətli məbləğdə vəsait ayırır. Pulların müəyyən qismi bir sıra kütləvi informasiya vasitələrinin fəaliyyətinə xərclənir. Eyni zamanda Rusiyanın düşmən təbliğatının əhəmiyyətli hissəsi Avropa İttifaqının bəzi ölkələrini "Rusiyanın ənənəvi təsir arealının bir hissəsi" qismində göstərməyə yönəlib".

Avropa Parlamenti habelə Avropa İttifaqının icra strukturlarından "Rusiyanın təbliğatına daha effektiv müqavimət göstərmək üçün qanunverici təşəbbüslər gözlədiyini" də bəyan edib.

Sənəd məsləhət xarakteri daşıyır.

Avropa Parlamentinin bu qətnaməni qəbul etməsinin səbəbkarları Rusiyanın "Rusia Today" telekanalı, "Sputnik" xəbər agentliyi, habelə Rusiya XİN-nin kontrolunda olan "Russki Mir" və "Rossotrudniçestvo" fondlarıdır. Bu təşkilatlar Rusiyanın xarici ölkələrlə əlaqələrinin inkişafına yönəlmiş fəaliyyət göstərirlər.

Qətnamə layihəsinin müəlliflərindən biri, Avropa Parlamentindəki "Yaşıllar" fraksiyasının lideri Rebekka Harms özü ilə həmkarlarına haqq qazandırmağa çalışaraq deyib ki, sənəddə Rusiya ilə İŞİD müqayisə olunmur - "onlara ayrı-ayrılıqda baxılır".

O, daha sonra bildirib ki, Rusiyanın "informasiya savaşının və təbliğat kampaniyalarının qarşısını almaq" üçün strateji kommunikasiyalar sahəsində NATO ilə Avropa İttifaqı arasında əlaqələr, tərəfdaşlıq daha da aktivləşməlidir.

NATO-nun baş katibi Yens Stoltenberq artıq qətnaməni dəstəkləyib, bəyəndiyini deyib.

Beləliklə, NATO, Avropa İttifaqı və Avropa Parlamentinin rəhbərləri etiraf edirlər ki, qəbul olunmuş qətnamə, əslində, son üç ildə Rusiya barədə Strasburq ilə Brüsseldə formalaşmış mövqelərin məcmusudur.

Daha sadə dillə desək, sənəd Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin çox dərin böhranının diaqnozudur.

Sənədin dünyaya ünvanladığı messic odur ki, Avropada baş verən proseslərə Rusiyanın yanaşması və hadisələrlə bağlı mövqeyi yanlışdır, qanunsuzdur, təhlükəlidir: çünki "Rusiya qitəni alt-üst etmək istəyir. Deməli, Rusiyanın avropalılara ünvanladığı informasiyalar və xəbərlər də Avropa İttifaqındakı cəmiyyətlərin, qanunların və strukturların viran edilməsinə istiqamətlənmiş təhlükə kimi qələmə verilir".

Əslində, isə heç nə dəyişməyib.

Həqiqətən də, Avropa Parlamentinin qəbul etdiyi qətnaməni qəfil qərar, gözlənilməz addım və s. sayanlar ya son illərdəki prosesləri diqqətlə izləmirlər, ya da Avropadakı siyasi təşkilataların, sadəcə, təşkilatlıq etdiklərini, siyasətlə məşğul olmadıqıların xəyal edirlər. Ya da bu fani dünyada geosiyasət adlı anlamın varlığını unudublar.

Qətnamə, əslində, Avropa İttifaqında konkret məsələlərlə bağlı formalaşmış mövqelər toplusunu bir daha ortaya qoyur.

Hə, o da var ki, avroparlamentarlar Rusiyanın mövqeyini təxminləyə bilməyiblər. İşsə qəlizdir: Rusiya bu qətnaməni əsla cavabsız qoyan deyil.

Çünki Rusiyanın - "təbliğat mediası" adlandırılsa belə - RT telekanalı və "Sputnik" agentliyinin İŞİD-lə, "Əl Qaidə" ilə tən tutulması Avropa İttifaqı ilə Avropa Parlamentinin belə təhkiyəvari böyütmə yolu ilə yaşananlara təsir cəhdi, Rusiyanı mövqeyini dəyişməyə sövq etmək istəyidir.

Nə yazıq ki, belə primitiv düşüncə tam əks effekt verəcək. Avropa Parlamentinin qətnaməsi Rusiyanı inandıracaq ki, mass-mediası bəlli tərəfdə qıcıq yaradırsa, deməli, gözlənilən effekt əldə olunub, planlaşdırılan məqsədə çatılıb.

Reallıq isə budur ki, Rusiyanın sözügedən informasiya vasitələri Qərb oxucusuna və tamaşaçısına hadisələrlə bağlı alternativ baxışı təklif edir. ABŞ-da, Avropada istisnasız olaraq bütün nüfuzlu mass-media strukturları konsernlərə, korporasiyalara, transmilli şirkətlərə məxsusdur.

Təbii ki, belə olan halda tamaşaçı ilə oxucuya da həmin maliyyə və siyasət birləşmələrinin istədikləri xəbərlər çatdırılır.

Qərb media sərbəstliyindən, söz azadlığından danışır, amma Rupert Merdok media konqlomeratı qurubsa və məhz öz fikri ilə onu kontrolda saxlayan güclərin mövqelərini ictimai şüura yeritməyə çalışırsa, bu, əsla azadlıq deyil.

Baş verənlər Cənubi və Şimali Koreyaların arasındakı sərhəddəki situasiyanı xatırladır. Hər iki tərəf sərhəddə səsucaldıcılar inşa ediblər, təbliğat aparırlar.

"Dövlət azad medianı maliyyələşdirə bilməz". Doğrudan?!

Azərbaycan da sürəkli olaraq "kütləvi informasiya vasitələrinin tam əksəriyyətinə rəsmi qurumların təsiri var" tipli ittihamlarla qarşılaşır.

Yəni belə fikir formalaşır ki, bu ittihamları səsləndirənlərin yaşadıqları, yaxud idarə etdikləri ölkədə media tam sərbəstdir, pulu da ancaq reklamlardan, abunədən və s.-dən qazanır.

Sözsüz, müstəqil saytlar, telekanallar var, amma onların reytinqləri çox aşağı, ictimai fikrə təsir imkanları aşağıdır.

Razılaşaq ki, Quartz və ya BreiBart-la Reuters və Bloomberg-i müqayisə etmək bir qədər qüsurludur.

Adi bir sual: Britaniyanın BBC teleradiokorporasiyas müstəqildir?!

BBC bu günlərdə bəyan etdi ki, tarixində ən böyük, ən genişmiqyaslı genişlənməyə başlayır. BBC-nin büdcəsi Britaniya XİN-nin ayırdığı "qrant"lar və ölkədəki televizor sahiblərindən yığılan lisenziya ödənişləri vasitəsilə minimum 85 milyon funt-sterlinq artırılacaq.

Pulu dövlət verir, amma Britaniyada "Qoymayın, dövlət mediaya pul ayırır!" eşidilmədi.

Ayrılan pulların sayəsində BBC 2017-ci ildən etibarən daha 11 dildə yayıma çıxacaq.

Teleradiokorporasiyanın baş direktoru Entoni Hollun çıxışında bir məqam çox maraqlıdır: "BBC informasiya istehsalçısı olmaqla yanaşı, təbliğat mexanizmi, Britaniyanın beynəlxalq nüfuzunun və bizim "yumşaq güc"ümüzün amilidir. Eyni zamanda biz tam müstəqilik".

"Yumşaq güc" daşıyıcısı, ölkənin nüfuzu üçün çalışan, üstəlik dövlətdən pul alan media vasitəsi özünü müstəqil adlandırır: əsl ingilis yumorudur.

Maskaradda hərə öz simasını göstərir.

Avropa Parlamenti qətnaməsində Rusiya ilə İŞİD və "Əl Qaida"nı bir  tutursa, Moskvanın adını terrorçularla bir çəkirsə, bu, artıq komik olay yox, təhqirdir.

Hamıdan və hər zaman "azadlıq" tələb edən Avropa unudur ki, plüralist və demokratik cəmiyyətdə əks, fərqli fikirdən, alternativ baxışlardan qorxmaq üçün heç bir səbəb yoxdur. Hər kəs müxtəlif mövqelərlə tanış olmaq, fərqli səsləri dinləmək, sonra da dünyaya müstəqil baxışını formalaşdırmaq hüququna malik olmalıdır.

Görünən odur ki, zəifləyən Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına "məsləhətli" fikirlərlə ideologemaları zorla yeritmək, onların mövqelərinə təsir etmək, şüurlarını idarə etmək istəyir.

Nədir, "1984" romanı reallaşır bəlkə?!

Bəlkə Avropa Parlamenti, AŞPA və s. təşkilatların fəaliyyətini tənqid edənlərlə bahəm, xaricdən alınan göstərişlərlə yaşamaq istəməyənləri faşist, onların yaşadıqları ölkələri də diktatura elan edək?!

Deyəsən, iş ona gedir.

Çünki "Henry Jackson Society" fondunun əməkdaşı, "tanınmış analitik və ekspert" sayılan Endryu Foksall deyir: "Maraqlarımıza zidd mövqe tutan ölkələrin rəsmi şəxsləri, siyasətçiləri və mediası ilə əlaqə saxlayan hər kəsi ictimai qınaq obyektinə döndərməliyik".

Avropada makkartizmin yeni invariasiyası, "əcinnə ovu" başlayıb, cənablar?!

İndi sənin əsl simanı gördük, Avropa...

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR