Bakı xəstəxanasında məmur qohumları ilə gələn və gedən İSTİLİK

Bakı xəstəxanasında məmur qohumları ilə gələn və gedən İSTİLİK
20:47 24 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Sağlamlıq Mərkəzi yarandığı gündən burada qaz problemi yaşanır.

Mərkəzin baş həkimi Hikmət Həsənov Milli.Az-a deyir ki, havaların belə soyuq keçdiyi bir dövrdə Sağlamlıq Mərkəzinin otaqları və palataları, əsasən, kondisionerlərlə qızdırılır. Çünki müalicə müəssisəsini mərkəzi istilik sistemi vasitəsilə qızdırmaq mümkün deyil:

"Ona görə ki, qaz normada olduğundan dəfələrlə aşağı təzyiqlə verilir. Bu isə qazanxanada binadakı istilik xətlərinə vurulan suyun normal dərəcəyədək qızdırılmasına bəs etmir. Nəticədə isə bundan, ilk növbədə, xəstələr əziyyət çəkir".

Problemlə bağlı Milli.Az "Azəriqaz" İB-nə sorğu ilə müraciət edib. "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirdi ki, məsələni araşdırıb məlumat verəcək.

Qısa müddətdən sonra İ.Kərbəlayev Milli.Az-a bildirdi ki, sözügedən xəstəxananın qaz təchizatında heç bir problem yoxdur: "Ümumiyyətlə, respublikadakı bütün sosial obyektlər, ələlxüsus da xəstəxanalar "Azəriqaz"ın xüsusi diqqət mərkəzindədir. Onların normal şəkildə qaz təchizatı daim nəzarətdə saxlanılır. Mən məsələ ilə bağlı Nərimanov Rayon Qaz İstismar İdarəsi ilə əlaqə saxladım. Onlar dedilər ki, hazırda Bakı Sağlamlıq Mərkəzinə normal təzyiqlə qaz verilir, heç bir problem yoxdur. Mərkəzin nümayəndəsi Tofiq Məmmədov da idarəyə deyib ki, qazın verilişi qaydasındadır".

Lakin Bakı Sağlamlıq Mərkəzinin təsərrüfat işlərinə məsul şəxs olan Tofiq Məmmədov Milli.Az-a açıqlamasında fərqli danışıb:

"Bax indicə qazanxanada idim. Siz "Azəriqaz"a deyəndən sonra qaz normal təzyiqlə verilməyə başlayıb. Bu il ilk dəfədir ki, qaz belə təzyiqlə verilir. Keçən il cəmi 2-3 gün, yəni bugünkü kimi belə olub. Qalan vaxtlarda isə təzyiq həmişəki kimi, yəni 2-3, bəzən isə 2,5-1,5 mBar olur. Amma normada qaz bizə 80-100 mBar təzyiqlə verilməlidir. Bununla bağlı dəfələrlə rayon qaz idarəsinə məktubla müraciət etsək də, xeyiri olmayıb. Xəstəxana açılandan 3 ildir ki, vəziyyət bax belədir. Bu 2 il ərzində xəstəxanaya cəmi 10-15 gün bugünkü kimi təzyiqlə qaz verilib.

Çox vaxt xəstəxanada hansısa yüksək vəzifəli məmurun qohumu yatanda onda qazı normal verirlər. Ya da nə vaxt hansısa qəzet, sayt yazır, yaxud hansısa deputat zəng edir, onda qazı 1-2 gün normal təzyiqlə vururlar, sonra yenə eyni şey təkrarlanır. Yəni nə vaxt ki, şikayət olur, 1-2 gün qaz normal gəlir. Dərhal da bir dənə akt gətirirlər ki, imza atın ki, guya burada hər şey normaldır. Əvvəllər xam vaxtlarımda akta qol çəkirdim. Amma işçi gedib idarəyə çatan kimi qazın təzyiqini azaldırdılar. Ona görə də sonuncu dəfə, ötən il o akta qol çəkməmişəm. Dedim ki, Novruz bayramına kimi təzyiq normal olsa, qol çəkərəm. Amma olmadı... İndi birbaşa "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevə şikayət məktubu ilə müraciət etmişəm. Bilirəm ki, 1-2 günə yenə də bura komissiya gələcək".

T.Məmmədov bildirib ki, xəstəxananın "Azəriqaz"a heç bir borcu yoxdur: "Bakı Sağlamlıq Mərkəzi büdcə təşkilatıdır. Büdcədən vəsait ayrılır, o da dövlət tərəfindən "Azəriqaz"a ödənilir".

İlkin İzzət
Firdovsi Fərzəliyev

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR