Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
20:57 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərsu” ASC tərəfindən Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla şəhərdə 47 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaq.
Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb. Birinci mərhələdə su mənbəyi - Uçqun bulağı bərpa olunmuş və məhsuldarlığı saniyədə 230 litrə çatdırılıb. Su mənbəyindən anbarlaradək 400 mm diametrli borularla 2 km uzunluğunda magistral su xətti çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan 4 ədəd (2 ədəd 3 min kubmetrlik, 2 ədəd 2 min kubmetrlik) su anbarı, 1,6 km uzunluğunda anbarlararası su xətti inşa edilib.
Layihənin ikinci mərhələsində Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılıb. Şəhər üzrə layihələndirilən 142,6 km içməli su şəbəkəsinin 76 km-lik hissəsi inşa edilib, 2980 ünvana birləşmə verilib. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 149 km kanalizasiya şəbəkəsinin 106,6 km-lik hissəsində işlər yekunlaşıb, 5307 ünvana ev birləşməsi verilib. Bundan başqa, diametri 1400 mm, uzunluğu 1,2 km olan kanalizasiya kollektorunun inşası da tam yekunlaşıb.
Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcək.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, digər rayonlarda isə davam etdirilir. 






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/qusar-naftalan-xizi-qobustan-seherlerinde-su-techizati-ve-kanalizasiya-sistemleri-yeniden-qurulac

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR