Azərbaycanda qadın zorakılığı ilə bağlı statistik məlumatlar açıqlanıb

Azərbaycanda qadın zorakılığı ilə bağlı statistik məlumatlar açıqlanıb
11:07 25 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 25 noyabr-Qadın Zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar tədbir keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, Azərbaycanda qadın zorakılığına qarşı mübarizə daim diqqət mərkəzindədir.
O deyib ki, tədbirin keçirilməsində məqsəd KİV vasitəsilə ictimaiyyətin diqqətini bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün məlumatlar verməkdir. 
S.Babazadə qeyd edib ki, qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Onun sözlərinə görə, statistika qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların sağlamlıqlarına xələl yetirildiyini göstərir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır: "Belə hallar qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyini ortaya qoyur".
İSİM-in Təlim-resurs şöbəsinin metodisti Cəmilə Kərimova qadınlara qarşı zorakılığın hüquqi tərəfləri və mərkəzin apardığı sorğunun nəticələrini açıqlayıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi hələ 2014-cü ildə Lənkəran, Beyləqan, Şəmkir və Füzuli rayonlarında sorğu-tədqiqatları aparıb. Sorğu-tədqiqatlarının nəticələrinə görə, daha çox zorakılığa məruz qalan qadınlar Füzuli rayonundadır: "Amma bu dövlət statistikası deyil".
O bildirib ki, dünyada 42 faiz qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır: "Zorakılığa məruz qalan 16 faiz qadında döl düşməsi, vaxtından əvvəl uşaqların doğulması baş verir. Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar. Qadınlar məruz qaldıqları zorakılıqla bağlı heç kimin məlumat almasını istəmirlər. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini heç kimə danışmaq düzgün deyil".
C.Kərimova qeyd edib ki, zorakılığın bir növü olan erkən nikahlar Azərbaycan üçün də çox böyük problemdir: "Lakin Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Erkən nikahlar yeniyetmə qızların orqanizminə mənfi təsir göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tədqiqatlara əsasən, ölkənin bütün rayonlarında erkən nikah hallarına rast gəlinir. Son illərdə erkən nikahların sayı azalıb. Çünki dövlət tərəfindən buna qarşı çox saylı tədbirlər aparılır".
Tədbirin davamında qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanan video çarx nümayiş olunub. 



Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-qadin-zorakiligi-ile-bagli-statistik-melumatlar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR