Susuz qalan Zığ və yaxud 1 ton=5 manat - REPORTAJ

Susuz qalan Zığ və yaxud 1 ton=5 manat - REPORTAJ
11:44 25 Noyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

"Bizə su gəlmir, bizim problemimiz su ilə bağlıdır. Bir qram su yoxdur bizdə. Kimə şikayət edək, bilmirəm. Nə qədər su alaq? 5 manata 1 ton su satır. Qışda su al, yayda su al - belə zülm olar?"
 
Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsinin sakinləri neçə illərdir ki, suya həsrətdir. Öz hesablarına çəkdirdikləri su borusu da dadlarına yetmir. Gün ərzində 1 saat belə su üzü görməyən sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət etmələrinə baxmayaraq, problem öz həllini tapmayıb: "Azərbaycanın Avropaya inteqrasiya elədiyi bir dövrdə su yoxdur. Zığ Bakı şəhərinə ən yaxın qəsəbədir. Hövsan qəsəbəsinə 24 saat su verilir, ancaq bizə su vermirlər. Dəfələrlə gedib şikayət etmişik, su idarəsinin müdiri deyir ki, qardaş, bizə su vermirlər ki, biz sizə su verək. Zığ qəsəbəsinin başında qara kölgə var. Hər dəfə şikayətə gedəndə oradan bir maşın suyu göndərirlər bura. 1 ton su küçənin o başına çatır, bu başına çatmır. Deyir, ana xətt yoxdur. Biz heç bilmirik bu suyun mənbəyi hara gedir, verdiyimiz pul hara gedir".
 
Susuz qalan sakinlər çıxış yolunu qeyri-qanuni xətlərin çəkilməsində görüblər. Sakinlər küçəyə suyun güclü gəlməsi üçün qurğu qoysalar da, dəfələrlə bu qurğuların oğurlandığını deyirlər: "Bu hörümçək torlarına oxşayan xətlərdən, görün, bizə su gedə bilərmi? 5 qonşuya 15-lik boru ilə su gedir. 5 gündən bir növbə çatır bizə. 2 saat su götürmək üçün. O da matoru gətirilər qoyurlar bura biz iş adamlarıyıq evdə olmur arvad uşaq gətirir, geri qayıdır matorlarımızı dəfələrlə burdan oğurlayıblar. Taxılan o işıq xətlərinə baxın ayda 2 manat, 3 manat o işıq xətlərinə matora görə pul veririk".
 
Müsahiblərimiz  deyir ki, suyu istədikləri saatda verirlər:
 
- Gündə iki dəfə su verilir. Su səhər gəlir, 5 dəqiqədən sonra görürsən ki, kəsildi.  Zəng edirsən, deyir suyu vermişəm. Biz yay-qış su alırıq. Hara lazımdır, demişik, baxmırlar. Kefləri nə vaxt istədi, o vaxt verirlər. Gah saat 1-də, gah da 2-də, 3-də verirlər. Ya da gecə saat 8-9-da verir. Kefi nə vaxt istədi, o vaxt verir. Ən çox ən yaxşı halda 1 saat gəlir. Motor olmasa, su gəlmir.
 
- Hər dəfə zəng eləmişəm, demişəm, Bəhram müəllim, su yoxdur, tək mən deyiləm, bütün qonşuların suyu yoxdur. Neçə dəfə su göndərib maşınla, qonşulara da paylamışam, o biri tərəfə xətt  çəkilib. Axırıncı dəfə Bəhram müəllim  mənə dedi ki, sizə Zığa xətt çəkilib. Dedim bizə çəkməmisiniz, başqa məhəlləyə çəkmisiniz. Deyir, artıq mən su verə bilmirəm. Mənə də deyirlər ora su çəkilib, siz artıq su verməyin.
 
- Hər ay pulu ödəyirik, qəbzlər də əlimizdədir. Ancaq su yoxudur.
 
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinə müraciət etdik.  İdarənin rəisi Əbülfəz Kərimzadə bildirdi ki, vəziyyətlə tanışdır. Onun sözlərinə görə, həmin küçə su ilə bağlı ən çox əziyyət çəkən ərazilərdən biridir. Bunun əsas səbəbi həmin ərazilərdə yaşayış massivlərinin çoxluğu ilə bağlıdır: "Yaşayış massivləri salınarkən hər hansı su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Onlar tikiblər evləri. Bəziləri isə bizim abonent deyil. Buna baxmayaraq, yay vaxtı da su xətti olmayan, yaxud su ilə təchiz olunmayan əhaliyə su verilib. Hamısının qeydiyyatı var. Bundan başqa, Rövşən Göyüşov küçəsində həmin küçəyə paralel olan küçəyə 460 metr boru vasitəsilə su çəkilib. Ondan sonra həmin vətəndaşlar da müraciət etmişdir. Biz yerində baxmışıq, dəfələrlə orda qəzaları aradan qaldırmışıq. Artıq sifariş olunub, ora materiallar ayrılıb 250 metr. Ayın sonuna kimi həmin küçə də ona paralel küçə kimi tam təmin olunacaq. 250 metr su xətti çəkəcəyik".
 
Əbülfəz Kərimzadə bildirdi ki, layihənin davamı da olacaq və ümumiyyətlə, həmin ərazidə su problemi tamamilə aradan qalxacaq: "İki mərhələyə ayrılıb, hazırda ora 250 metr su xətti təmin edirik çəkirik. Layihənin davamı kimi Xətaidən gələn boru vasitəsilə tamamilə o sahənin problemini həll edəcəyik. "Azərsu" göstəriş verib ki, ora ilə bağlı layihə var, o layihə həyata keçirilsin. Tam o hissəni tutsun. Suraxanı ərazisi ilə Xətai ərazisi qonşudur. Həmin hissəni qidalandıran xətt birbaşa Xətai rayon ərazisindən keçən magistral xətdir. Bununla bağlı xüsusi komissiya da var".
 
Belə, nəzərə alsaq ki, su həyatdır, Rövşən Göyüşov küçəsində yaşayan sakinlərin necə əziyyət çəkdiyini başa düşmək o qədər də çətin deyil. Nə deyək, təki problem həll olunsun. Məsələni isə nəzarətdə saxlayacağıq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR