Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zorakılığa məruz qalan qadınlar ən çox bu rayondadır

Zorakılığa məruz qalan qadınlar ən çox bu rayondadır

Date: 25 November 2016 11:57

Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə bağlı brifinq keçirilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV vasitəsilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətlənmiş məlumatların təqdimatını təmin etməkdir.

"Qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistikaya görə, qadınların 60%-i öz ailəri tərəfindən zorakılığa məruz qalır, onların sağlamlıqlarına xələl yetirilir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Belə hallar qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyindən xəbər verir".

İSİM-in təlim resurs şöbəsinin metodisti Cəmilə Kərimova isə qadın zorakılığına dair mərkəzin apardığı sorğunun nəticələrini açıqlayıb.

O bildirib ki, dünyada 42% qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır: "Zorakılığa məruz qalan 16% qadında vaxtından əvvəl düşüklər, vaxtından əvvəl uşaqların doğulması baş verir". 

Qurum rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyi hələ 2014-cü ildə Lənkəran, Beyləqan, ŞəmkirFüzuli rayonlarında sorğu-tədqiqatları aparılıb. "Sorğu-tədqiqatlarının nəticələrinə görə, daha çox zorakılığa məruz qalan qadınlar Füzuli rayonundadır. Qeyd edim ki, bu, dövlət statistikası deyil". 

Onun sözlərinə görə, Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar: "Qadınlar məruz qaldıqları zorakılıq haqda heç kimin bilməsini istəmirlər. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9%-i qeyd edir ki, ailə sirrini heç kimə danışmaq düzgün deyil".

C. Kərimova qeyd edib ki, zorakılığın bir növü olan erkən nikahlar Azərbaycan üçün böyük problemdir: "Lakin Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Erkən nikahlar yeniyetmə qızların orqanizminə mənfi təsir göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tədqiqatlara əsasən ölkənin hər bir yerində erkən nikah hallarına rast gəlinir. Son illərdə erkən nikahların sayı azalıb. Çünki dövlət tərəfindən buna qarşı çox saylı tədbirlər aparılır".

Milli.Az


Tags:  Zorakılığa məruz qalan qadınlar çox bu rayondadır

RƏYLƏR


Top news