Cəmil Çiçək: “Ola bilər ki, bu, azərbaycanlı qardaşlarımızın xoşuna gəlməsin...” - ÖZƏL

Cəmil Çiçək: “Ola bilər ki, bu, azərbaycanlı qardaşlarımızın xoşuna gəlməsin...” - ÖZƏL
12:38 25 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

“İndi Ermənistanın prezidenti olan Serj Sarkisyan Qarabağda azərbaycanlılara qarşı qətliamlar törədib. Bunu özü də yaxşı bilir”.

Bunu Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisin (TBMM) keçmiş sədri, parlamentin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan seçilən millət vəkili Cəmil Çiçək bildirib.

O deyib ki, bütün bu cinayətlərə erməni işğalı nəticəsində Qarabağdan qaçqın və məcburi köçkün düşmüş azərbaycanlı qardaşlarımız şahid olublar:

“Biz də Türkiyə olaraq, bunu hər zaman söyləyirik. İndi Ermənistan rəhbərliyi törətdiyi bu əməlləri ört-basdır etməyə çalışır. Ancaq bunu gizlətmək mümkün deyil. Biz ermənilərin törətdiyi bu əməllərlə bağlı sonadək mübarizə aparacağıq”.

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında erməni deputatların iddialarına da toxunan C.Çiçək qeyd edib ki, həmin deputatların Ermənistan rəhbərliyi tərəfindən təlimatlandırılaraq Türkiyəyə göndərilməsi istisna deyil:

“Amma Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiaları söyləyən ermənilərin yaxın tarixdə Qarabağda azərbaycanlılara qarşı hansı cinayətləri törətdiyinə baxmaq lazımdır. Çox təəssüf ki, Ermənistanın və erməni deputatların Türkiyəyə qarşı uydurma ittihamları hələ də davam edir. Qondarma “erməni soyqırımı” iddialarının “100-cü ildönümü” ərəfəsində də bunların dünyanın bir çox yerlərində çıxışları olub. Biz isə bunların cavabını verməyə çalışmışıq”.

Sabiq spiker bildirib ki, Türkiyə millət olaraq ermənilərə qarşı heç bir soyqırımı törətməyib:

“Amma ermənilər tarixən türklərə qarşı təxribatlar, cinayətlər törədiblər. Hələ Osmanlı İmperiyası dövründə ermənilər Bitlisdə, Vanda, Ərzurumda, Qarsda, Adanada öz dövlətinə və xalqına qarşı güllə atıb, qətliamlar törədib. O zaman Osmanlı İmperiyası da dövlətin daxilində sabitliyi və xalqın təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görüb. Təbii ki, bu cür tədbirlər çərçivəsində cinayət törədən ermənilər də ölə bilər. Ancaq bunu bu gün “soyqırımı” kimi təqdim etmək Türkiyəyə qarşı böyük yalan və ittihamdır. Bu ittihamlara da NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Baş qərargah rəisi Hulisi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dostlarımız layiqli cavab veriblər. Baxmayaraq ki, İstanbulda ermənilərin bir daha dünyanın gözü qarşısında yalançı olduqları sübut olundu, yenə davam edəcəklər. Türkiyə isə bundan sonra da ermənilərin cavabını verəcək”.

C.Çiçək həmçinin deyib ki, NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasını Türkiyə təşkil etməyib:

“Bu beynəlxalq tədbir olduğu üçün erməni deputatlar da dəvət olunub. Hətta, bu tədbirə bizim istəmədiyimiz halda Türkiyənin münasibəti olmayan Yunan Kiprindən, Ermənistandan və digər ölkələrdən də gələn ola bilər. Yəni, erməni deputatları İstanbula Türkiyə deyil, NATO dəvət edib. Ola bilər ki, erməni deputatların Türkiyəyə dəvət olunması Azərbaycandan olan qardaşlarımızın xoşuna gəlməsin. Buna görə də istərdim ki, həmin dəvətin Türkiyə tərəfindən edilmədiyini Azərbaycan tərəfi bilsin”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR