Yerə batmış şəhər, hamamda ölən uşaqlar və bir deyimin DƏHŞƏTLİ TARİXÇƏSİ

Yerə batmış şəhər, hamamda ölən uşaqlar və bir deyimin DƏHŞƏTLİ TARİXÇƏSİ
13:19 25 Noyabr 2016
356 Digər
Ölkə mətbuatı
A- A+

2013-cü ildə “Reuters” ABŞ-ın Geologiya İnstitutuyla birgə maraqlı bir araşdırma aparmışdı. Hər iki qurum 856-cı ildən bəri dünyada ən çox insan tələfatına səbəb olan 28 ən böyük zəlzələsinin siyahısını hazırlamışdı. Siyahıya Çinin Şansi şəhəri başçılıq edirdi. 1556-cı ildə bu şəhərdə baş vermiş zəlzələ nəticəsində 830 min insan həlak olmuşdu.


 

Siyahıda Azərbaycanını da adı vardı. Söhbət Şamaxı zəlzələsindən gedirdi. Sən demə, 1667-ci ilin bu günündə, 25 noyabrında Şamaxıda baş vermiş zəlzələ nə az, nə çox 80 min can almışdı. Bu, Azərbaycan tarixinin ən dəhşətli zəlzələsiydi.


 

Orta əsr səyyahlarının yazılarında bu zəlzələnin çox güclü və davamlı olduğu qeyd edilir. Həmin mənbələrə görə Şamaxı şəhəri və ətraf kəndlərdə on minlərlə insan həlak olmuş, əksər evlər dağılmış, torpaq sürüşmələri baş vermiş, yer səthində uzun və enli çatlar yaranmışdı. Səyyahların qeyd etdiyi zəlzələnin davamlı olması fikirləri göstərir ki, bütün güclü zəlzələlər zamanı olduğu kimi 1667 il zəlzələsi də çoxsaylı afterşoklarla müşayiət olunmuşdu. Həmçinin məlum olur ki, afterşokların xeyli hissəsi nisbətən güclü olmuş və yer səthində kifayət qədər yüksək intensivlikli titrəyişlər yaratmışdı.

ABŞ Geologiya institutunun tədqiqatlarında 1667 il Şamaxı zəlzələsinin maqnitudu (Rixter şkalası ilə intensivliyi) 9 bal göstərilir. Bu zəlzələ çox güclü və nəticələrinin fəlakətli olması səbəbindən alim və mütəxəssislər tərəfindən dəfələrlə araşdırılmışdı. Məsələn, akademik Nikonov çoxsaylı tarixi, memuar və digər formalı əlyazmaları toplayaraq zəlzələnin makroseysmik sahəsini və maqnitudunu dəqiqləşdirməyə cəhd edib. Topladığı məlumatlar əsasında Nikonov həmin seysmik təkanın maqnitudunun azı 8 bal olduğunu qeyd edir.


 


 

1667 il Şamaxı zəlzələsinin digər tədqiqatçısı B.A.Borisov öz məqaləsində yazır ki, A.A. Nikonovu bu qənaətə gətirən onun həmin dövrlərdə Dağıstan ərazisində də olan güclü zəlzələlər haqqında informasiyaları əldə edərək, onları Şamaxı zəlzələlərinin effekti kimi qəbul etməsi olmuşdu. Borisovun qənatinə görə isə, zəlzələnin gücü 10 bala yaxın olub.

 

Zəlzələnin dəhşəti öz yerində, amma bir maraqlı məqam da var. Söhbət bilirsinizmi nədən gedir? “Şamaxı batan kimi” ifadəsindən. Yox, bu ifadə tarixin ən böyük zəlzələsindən sonra yaranmayıb.

 

Söhbət 1859-cu il zəlzələsindən gedir.  Bu zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da yenilənib – Bakı quberniyası. Zəlzələ nəticəsində cəmi 1000 nəfər dünyasını dəyişib. Məhz bu zəlzələdən sonra “Şamaxı batan kimi” ifadəsi yaranıb.

Bu hadisədən 43 il sonra isə Şamaxıda daha böyük zəlzələ baş verib. 6.9 bal gücündə baş verən zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.

Hətta İspaniyanın “La Vanguardia” qəzetinin 12 mart sayında bu zəlzələyə böyük bir yazı həsr edilib. Sitat:

“Şamaxı bir neçə il öncəyə qədər vilayətin paytaxtı olmuş, Zaqafqaziyada yerləşən və 30000 əhalisi olan, inkişaf edən bir şəhər idi. Amma Şamaxı kimi “bədbəxt şəhər” təsəvvür etmək çətindir. Zaqafqaziyanın geoloji strukturunu 40 il araşdıran geoloq Abix deyirdi ki, Şamaxı Zaqafqaziyanın ən təhlükəli nöqtəsində yerləşir, ya bu şəhəri tərk etməli, ya da güclü sarsıntılara dözə biləcək binalarla yenidən inşa etmək lazımdır.

Amma alim olmağına baxmayaraq ona fikir vermədilər. Bu ilin yanvarın otuz birində isə, günorta saat birdə fəlakət baş verdi. Bütün şəhər ayaqda idi, bazarlarda işləyirdilər, hamamlar qadınlar və uşaqlarla dolu idi.

Və birdən gördülər ki, yer yarılır, evlər, binalar, bütün sakinlər yırğalanırdı. Bu dəhşətli mənzərə bir neçə dəqiqə davam etdi. Sonra bu yaşayış massivi insanların ah-naləsi ilə birlikdə elə bir xarabalığa çevrildi ki, sanki heç vaxt mövcud olmamışdı. Şiddətli bir gurultu ilə şəhər tamamilə dağılmışdı. Şamaxıdakı altı min evdən, doqquzu ancaq salamat qala bilmişdi. Qalan hər şey artıq uçmuşdu. Bu dəhşətli silkələnmədən sonra böyük bir toz buludu hər yeri bürüdü və şəhərdə sağ qalanların gözünü tutdu. Bu toz buludu ilə birlikdə şəhərdən alovlar da yüksəlməyə başlamışdı.

Havanın soyuq və qarlı olması səbəbi ilə demək olar ki, hər evdə soba yanırdı. Bunun nəticəsində də şəhərin hər yerində yanğınlar ortaya çıxmış, fəlakət fəlakətə qarışmışdı.

Qapqara tüstü ilə toz dumanı bir birinə qarışanda, Şamaxı şəhəri artıq alovlar içində idi. Uçqunlar arasında minlərlə ölü və yaralı qalmışdı. Zəlzələdən sağ qalanlar indi də boğulmağa başlamışdı.

Ardıcıl silkələnmələrdən qorxan və öz başlarının çarəsinə baxan insanlar, uçqun altında qalan ölülərini axtaracaq, fikirləşə biləcək vəziyyətdə deyildilər”.

 

Rusiyada çap olunan məşhur “Niva” jurnalı bu zəlzələ haqqında yazırdı: "Zəlzələ ərəfəsində şəhərdə 22 min adam yaşayırdı. 2000 nəfər ölmüş, 16 min adam evsiz-eşiksiz qalmış, 4000 ev, 8 məscid dağılmış, bazar yanmışdı. Zəlzələ nəticəsində 900 illik tarixə malik Cümə məscidi də dağılmışdı. 11 şəhər hamamında qadınlar və uşaqlar batmışdı. Zəlzələ qadınların hamam növbəsində (saat 3-dən sonra) baş verdiyindən, ölənlərin çoxu qadın idi. Bundan əlavə, hüzr yerlərində də 70-dən çox adam ölüb. Yaralılara cəmi 3 həkim və 1 tibb bacısı yardım edib”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR