Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yad Va Şem": Qüdsdəki Holokost muzeyi

"Yad Va Şem": Qüdsdəki Holokost muzeyi

Date: 25 November 2016 13:22

Qüds-Bakı. 25 noyabr. REPORT.AZ/ Yəqin hər biriniz II Dünya müharibəsinin tarixini və bu xaos dolu altı il ərzində baş verənləri bilirsiniz. Əlbəttə ki, hamı Holokost - insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri barədə də eşidib.
Ekspertlərin hesablamasına görə, Holokost illəri ərzində bütün Avropa üzrə 6 milyon yəhudi öldürülüb. Onları konslagerlərdə - əsir düşərgələrində saxlayaraq ağlasığmaz işgəncələrə məruz qoyurdular. Özü də yəhudilər Almaniyada yox, ən çox Polşada zorakılığa məruz qalıb. Belə ki, II Dünya müharibəsindən əvvəl bu ölkədə 3,325 milyon yəhudi yaşayırdısa, müharibədən sonra onların sayı cəmi 325 minə düşüb. Türkiyə, Albaniya, İsveçrə kimi bir sıra digər ölkələrdə yəhudi icması praktiki olaraq zərər görməyib. Bütün bu cinayətlərin xatirəsi Qüdsün ən yüksək nöqtəsində yerləşən, İsrailin milli Holokost və qəhrəmanlıq abidəsi olan "Yad Va Şem" muzeyində saxlanılır.
18 hektar ərazini əhatə edən muzeyin girişində ziyarətçilər "Dünya xalqları ədalətliləri" bağından keçməli olur. Bu bağda yəhudiləri talan olmaqdan qorumaq üçün xüsusi səylər göstərənlərin şərəfinə ağaclar əkilib. Burada "Şindlerin siyahısı" filmindən tanıdığımız almaniyalı sənayeçi Oskar Şindlerin də adına ağac var. Belə ki, bu şəxs müəssisəsinə əlavə işçi zərurəti yaranması bəhanəsi ilə mindən çox adamı ölümdən xilas edib.
Muzeyə daxil olduqdan sonra ziyarətçilər bir çox zalda olur. Burada onlara fotolar, videolar, öldürülən yəhudilərə aid olan əşyalar nümayiş etdirilir.
Amma ziyarətçini daha çox Xatirə zalı heyrətləndirir. Burada yəhudilərə xilas olmaqda yardım edən insanların şəkilləri və adları göstərilir. Zalda hələ də boş rəflər var. Belə ki, tarixçilər və tədqiqatçılar bu gün də onların adlarını müəyyənləşdirməkdə davam edir. Yeri gəlmişkən, zalda adı və şəkli olanlar arsasında II Dünya müharibəsi zamanı yəhudilərə kömək edən Avropadan uzaq xalqların nümayəndələri də var. Məsələn, Yaponiyanın Litvanın paytaxtı Vilnüs şəhərindəki konsulu yüzlərlə yəhudinin Yaponiyaya qaçmasına və çətin anları orada yaşamasına yardım edib. Siyahıda yəhudilərə nasizmin caynağından xilas olmaqda yardım edən azərbaycanlılar da var.
Kompleksdə həmçinin əsir düşərgələrində vəfat edənlərin xatirəsinə əbədi alov da yanır.
"Yad Va Şem" muzeyi bu gün İsrailə səfər edən rəsmi nümayəndə heyətlərinin ziyarət etməli olduğu məkandır. Ümumilikdə abidəni hər il bir milyondan artıq insan ziyarət edir.










Tags:  Yad Va Şem Qüdsdəki Holokost muzeyi

RƏYLƏR


Top news