Avropa Parlamentinin qətnamələri demokartik dəyərləri dəstəkləyənləri tərk-silah edir

Avropa Parlamentinin qətnamələri demokartik dəyərləri dəstəkləyənləri tərk-silah edir
14:27 25 Noyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa Parlamenti bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ölkədə hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə etiraz olaraq yenə də Ankaraya təzyiq etmək məqsədilə qərar qəbul edib. Avropalı parlamentarilər hesab edirlər ki, iyulun 15-dən sonra hakimiyyət repressiyanı gücləndirib. Ona görə də bu ali orqan Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünün müzakirəsinin dayandırılması haqda qətnamə layihəsini təsdiqləyib.
Sənədin lehinə 479, əleyhinə 37 deputat səs verib, 107 depuatat isə bitərəf qalıb.
Aİ Şurası noyabrın 23-də məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, parlament üzvləri müzakirələrin dayandırılmasına səs versələr belə bunun hüquqi əsası olmayacaq.
Dekabrın 15-16-da Aİ Şurasının toplantısı keçiriləcək. Həmin iclasda qəbul olunacaq qərar Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı müzakirələrin taleyini həll edəcək.
Səsvermədən bir gün əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini dövlət çevrilişi cəhdindən sonra və Türkiyədə terror hücumlarına qarşı mübarizə ilə bağlı Ankaranın atdığı addımlar haqda hesabat istənilməsinin qanuni olduğunu desə də, ancaq Türkiyə ilə Aİ arasında müzakirələrin müvəqqəti dayandırılmasının hər iki tərəf üçün əhəmiyyətli nəticə verməyəcəyini bildirmişdi.
Almaniya kansleri Angela Merkel də Avropa Parlamentindəki səsvermədən bir gün öncə demişdi: “Hər şeyə rəğmən Türkiyə ilə danışıqların kəsilməsini istəmirik. Türkiyə ilə sağlam müzakirələrin davam etdirilməsini dəstəkləyirik”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirmişdi: ”Buradan bütün dünyaya müraciət edirəm: sabahkı səsvermənin nəticəsi nə olursa-olsun, onun bizə təsiri və gözümüzdə heç bir qiyməti yoxdur”.
O vurğulayıb ki, Türkiyəyə qarşı ikiüzlü davranış və təziyiqlər hələ də davam edir: "Bu səsvermənin nəticələrini qəbul etməyimiz mümkün deyil. Avropa Parlamentinin belə bir səsverməyə getməsi terrora dəstəyinin göstəricisidir. Avropa ölkələrinin çoxu hazırda terror qruplaşmalarına sığınacaq və dəstək verir”.
R.T.Ərdoğan Avropanın bir sıra ölkələrinin terrorçu PKK qruplaşmasına dəstək verməsinə sərt münasibət bildirmişdi: “Avropa İttifaqının terror qruplaşması elan etdiyi PKK-nın Avropa meydanlarında mitinqlər keçirməsinə icazə verilir. Almaniya kimi bir ölkə “Terrora - Xeyir!”, “Demokratiyaya - Hə!” mitinqi keçirmək istəyənlərə icazə vermir. Qərbin səmimiyyətinə inanmaq olarmı? Türkiyə Cümhuriyyəti prezdentinin telekonfrans keçirməsinə icazə verilmir, ancaq terrorçuların mitinqinə razılıq verilir. Bunlar terrorun yardımçısı, üzvləridir. Kimsə durub bizə dərs keçməsin. Kimliyindən asılı olmayaraq terrora dəstək verənləri bağışlamayacağıq””.
Qeyd edək ki, Almaniyada yaşayan türklər “Terrora - Xeyir!”, “Demokratiyaya - Hə!” şüarı ilə mitinq keçirmək istəyirdilər. Amma mitinqə icazə verilməyib. Həmin mitinqə Rəcəb Tayyib Ərdoğanın da telekonfransla qatılması planlaşdırılırdı.
Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelikin isə qətnaməyə münasibəti belə olub: “Avropa parlamentinin qərarı bizim üçün yox kimidir. Bu qərar baxışı, dili etibarı ilə ciddi qəbul olunacaq qərar deyil”.
Qeyd edək ki, Aİ ilə Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Rəsmi Ankara quruma üzvlük haqda ərizəni 1987-ci ildə təqdim edib. 2005-ci ildən isə bu istiqamətdə danışıqlar başlayıb. Bu vaxtadək qurumun rəsmi Ankara qarşısında irəli sürdüyü şərtlərin 35 texniki maddəsindən 14-nü tərəflər razılaşdırıb.
Cari ildə bu, Avropa Parlamentinin Türkiyəyə qarşı ikinci təzyiq addımıdır.
Bu il aprelin 15-də parlament "Aprelin 24-ü tarixinin Avropa İttifaqında "erməni soyqırımı qurbanları"nın anım günü elan olunması" haqqında qətnamə qəbul edib.
Qətnamə Avropa İttifaqına üzv ölkələrin parlament və hökumətləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması üzrə müvafiq sənədlər qəbul etməsini nəzərdə tutur və Türkiyə 1915-ci ildə Osmanlı imperiyasında guya olmuş "erməni soyqırımı"nı tanımağa çağırılır.
Qeyd edək ki, Avropa Parlamenti "erməni soyqırımı"nı rəsmi olaraq 1987-ci ildə tanıyıb.
Bu il Almaniya qanunverici orqanı da “erməni soyqırımının tanınması” haqda qətnamə qəbul edib.
Ötən gün isə Avstriya parlamenti Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdillilə təsdiqləyib. Sənəddə Avstriyadan Türkiyəyə döyüş sursatları, müdafiə silahları, hərbi və asayişin qorunması sahələrində istifadə ediləcək vəsaitlərin göndərilməsinin yasaqlanması nəzərdə tutulur.
Düzdür, qəbul edilən aktların hökumətlər üçün qanuni əsası olmasa da, ancaq ehtiyac duyacağı halda ondan Türkiyəyə qarşı təzyiqləri artırmaq üçün istifadə edə bilərlər.


Bütövlükdə müsəlman dünyasında Qərbin, o cümlədən Avropa İttifaqının dəyərlərinə ən uyğun gələ ölkə və onlarla fəaliyyətini uzlaşdıran dövlət Türkiyədir. Başqa sözlə, Ankara onların həm hərbi, həm də siyasi cəhətdən strateji müttəfiqidir. Ancaq 40 ilə yaxındır ki, Türkiyə Avropa İttifaqına yaxın düşə bilmir. Hətta birliyə üzvlüyü Britaniyanın keçmiş baş naziri Devid Kemeronun verdiyi “Türkiyə Avropa İttifaqına 3 min ildən sonra üzv ola bilər” bəyanatla məsxərəyə də qoyulmuşdu.
Bu baxımdan avropalıların Türkiyəyə düşmən kəsilənləri dəstəkləməsi pərdəarxası oyunların üzə çıxmasına şərait yaradır. Bir anlığa təsəvvür edək ki, iyulun 15-də dövlət çevrilişi cəhdi baş tutub. O zaman hansı mənzərə yaranacaqdı: Türkiyənin cənub-şərq bölgələrində xəndəkləri qazan terrorçu PKK qruplaşması həmin ərazilərə nəzarəti ələ keçirəcəkdi. İŞİD də Türkiyənin bir hissəsini ələ keçirməyə cəhd göstərəcəkdi. Başqa sözlə, Suriyanın bir qədər fərqli forması yaranacaqdı. Üstəgəl, 80 milyonluq bir ölkənin qaçqınları Avropaya üz tutacaqdı.
Bu, Avropa Parlamentində, eləcə də Almaniya və Avstriya qanunverici orqanlarındakı deputatları razı salardımı?!
Əlbəttə, əsas hədəf Türkiyədə xaosa nail olmaqdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Almaniya Bundestaqının “soyqırım”la bağlı qəbul etdiyi qətnamənin həmmüəllifləri Türkiyə əsilli olsalar da, sonradan məlum oldu ki, onlar da terrorçu PKK-nın dəstəkçiləridir. Avropa Parlamentində də bu sayaq lobbiçilərin oturduğu istisna edilmir.
Avropalıların bu davranışında narahatedici məqamlar da var. Onlar bu sayaq hərəkətləri ilə ədalətsizliyi dəstəklədiklərini sübuta yetirirlər. Bu isə dünyada təbliğ edilən demokratik dəyərlərin yayılması və müdafiəsinə zərbə vurur.
Bu azmış kimi, onların addımı demokratik dəyərləri müdafiə edib, onun həyata keçməsi istiqamətində fəaliyyət göstərənlərin tərk-silah olunması deməkdir.
Ancaq nə edəsən ki, maraqlar daha üstündür. Onlar bu qətnamələrlə başqa dövlətlərdəki tərəfdarlarını deyil, daha çox öz ölkələrinin və üzvü olduqları ittifaqın maraqlarını güdürlər. Belə bir vəziyyətdə həmin marağa heç kim tabe olmaq istəməz. 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/avropa-parlamentinin-qetnameleri-demokartik-deyerleri-destekleyenleri-terk-silah-edir-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR