Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə azərbaycanlı pianoçu konsert verdi - FOTO

Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə azərbaycanlı pianoçu konsert verdi - FOTO

Date: 25 November 2016 15:43

“EFG London” caz festivalı çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Pizza Express” caz klubunda keçirilən konsertdə məşhur azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov etno-caz musiqi janrında konsert proqramı ilə çıxış edib.

Publika.az xəbər verir ki, konsertdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından olan ariya qeyri-standart metrik formada ifa olunub.

İfa zamanı E.Şirinov həm Hamblett, həm də Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırıb. Arxa fonda akkompaniator kimi ifanı mükəmməl tamamlayıb. Daha sonra zərurət yarandıqda, xüsusilə də Hamblett tempi artırandan sonra öz həyəcanlı improvizasiyası ilə ön plana çıxıb.

E.Şirinov, Di Bias və Hamblett caz triosunun hər bir ifası beynəlmilləl auditoriyanı heyrətə gətirib. Caz gecəsi Azərbaycan xalq mahnısı olan sirli “Sarı Gəlin” ifası ilə yekunlaşıb. Bu ifa Hamblettin təqdimatında əzəmətli və davamlı templə başlayan kədərli melodiya bütün auditoriyanı valeh edib.

Məşhur ABŞ zərb ifaçısı və əvvəllər Şik Korea və Rey Çarlzla birgə çıxış etmiş Ceff Ballard da konsert haqqında fikirlərini bildirib:

“Ehtiraslı və düşüncəli Elçin Şirinovun orijinal kompozisiyalarını dinləmək olduqca maraqlıdır. Trionun virtuoz və ahəngdar ifası ipək kimi hamardır. Afərin!”.

Konsertdə E.Şirinovun musiqisinə və ifa tərzinə yaxşı bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Deyv Hamblett də müşaiyət edib.

Xatırladaq ki, Azərbaycan xalq musiqisinin zəngin repertuarına müraciət edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur.

“Qız Qalası” E.Şirinovun son kompozisiyalarından biridir. Bu əsəri yaradarkən, o, İçəri Şəhərin tarixi əzəmətindən ilham alıb. Nostalji dolu bu parçadan Elçinin uşaqlığının ətri gəlir və şəhərin bu hissəsinin tarixdən gələn qədim səslərini xatırladır.

Elçin Şirinovun innovativ əsərləri ilə “www.elchinshirinov.com” internet səhifəsindən tanış olmaq olar.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyəti isə “Saint-Germain-des-Prés Paris” və “Reyms Sunnyside” caz festivallarına, eləcə də, Londonun “Spice of Life” və “Vortex” klublarında keçirilən konsertlərə də dəstək verib.

Onu da bildirək ki, 1969-cu ildə yaradılmış “Pizza Express” caz klubu meqapolisin aparıcı caz məkanlarından biridir. Burada müxtəlif illərdə və müxtəlif janrlarda Bad Friman, Benni Karter, Lyu Tabakkin, Con Dankvort, Dayana Krall və Cemi Kallum kimi dünya ulduzları öz musiqi məhərətlərini nümayiş etdiriblər.

Vasif Həsənli


Tags:  Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi azərbaycanlı pianoçu konsert verdi FOTO

RƏYLƏR


Top news